Vəkillər Kollegiyasının yeni sədri: "Cəmiyyətdə vəkilliyin nüfuzu artmalıdır"

Anar Bağırov Fotonun müəllifi AzerTAG
Image caption Vəkillər Kollegiyasının yeni sədri Anar Bağırov oldu

Vəkillər Kollegiyasının yenicə seçilən sədri Anar Bağırov BBC Azərbaycancaya müsahibəsində vəkillərin sayını artırılmasını, qurumun imicinin yüksəldilməsini istədiyini deyib.

BBC: Anar bəy, bəzi hüquqşünaslar sizi "yenilikçi" kimi xarakterizə etdi. Vəkillər Kollegiyasının fəaliyyətinə hansı yenilikləri gətirməyi düşünürsüz?

- Çox yeniliklər etmək niyyətindəyik. Vəkillərin nüfuzunu artırmaq, vəkillərin peşəkarlığının yüksəldilməsini istəyirik. Regionlarda vəkillərin sayının artırılması, o cümlədən, ödənişsiz hüquqi yardım institutunun təkmilləşdirilməsi kimi qarşısımızda çox işlər durur. Bunların üzərində işləməliyik. Vəkilliyə gənc hüquqşünasların gəlməsində maraqlıyıq. Bilirsiz ki, gələn ildən nümayəndəlik ləğv olunur. Biz gərək təcili bu problemləri aradan qaldıraq. Vəkilliyə sənəd qəbulu başlasın, mütəmadi keçirilsin, vəkillik inkişaf etsin. Bizim ən böyük istəyimiz odur ki, cəmiyyətdə vəkilliyin nüfuzu artsın.

BBC: Vəkilliyə qəbul şərtləri dəyişdiriləcəkmi?

- Bununla bağlı biz tədbirlər görmək niyyətindəyik. Bu məsələ, bilirsiz ki, qanunla tənzimlənir. Təkliflərimizi qanunverici təşəbbüs irəli sürmək səlahiyyəti olan subyektlərdən birinin vasitəsilə Milli Məclisdə səsləndirəcəyik. İstəyirik ki, vəkilliyə qəbul qaydaları sadələşdirilsin. Əvvəlcə təkliflərimizi hazırlamalıyıq.

BBC: Anar bəy, bəzi dairələrdə Vəkillər Kollegiyasının müstəqil qurum olmaması imici var. Siz bu iddialarla razısızmı?

- Tam əminliklə deyirəm ki, Vəkillər Kollegiyası müstəqildir və müstəqil fəaliyyətini də davam etdirəcək. Amma təəssüf edirəm ki, Vəkillər Kollegiyası indiyə kimi mətbuatla, ictimaiyyətlə lazımi səviyyədə görüşlər keçirməyib, müzakirələr aparmayıb. Bu imici müsbətə doğru dəyişmək üçün çalışacağıq. Populist adamlar, bu və digər qanun pozuntularına görə vəkilikdən xaric edilən adamlar çalışırlar ki, vəkillik institutunu gözdən salsınlar. Vəkillər Kollegiyasının Rəyasət Heyəti heç kimi vəkillikdən azad edə bilməz, buna səlahiyyəti yoxdur. Kollegiya kobud qanun pozuntusuna yol vermiş vəkillə bağlı məhkəməyə müraciət edə billər və məhkəmə də buna qiymət verər. Ən kobud pozuntular olanda biz məhkəməyə müraciət edirik. Belə hal da ildə bir ya iki dəfə olar, kütləvi xarakter daşımır.

BBC: Anar bəy, bu təsadüfdürmi ki, vəkillik fəaliyyətinə son qoyulanların çoxu ictimaiyyətdə ictimai və siyasi müzakirə və mübahisələr yaradan işlərdə təmsil olunan hüquqşünaslardır. Məsələn, Yalçın İmanov, Xalid Bağırov və başqaları...

Yalçın İmanov vəkillər kollegiyasından xaric edilib

Nils Muižnieks: vəkillərə təzyiqlər dayanmalıdır

- Yalçın İmanovla bağlı məsələ məhkəmə predmeti olduğuna görə bu barədə rəy vermək istəmirəm. Maraqlı tərəf kimi mətbuata məlumat verməyimiz foğru olmaz. Məhkəmə baxar, öz qiymətini verər. Əgər məhkəmə hesab eləsə ki, qərarımız yanlışdır, onda buna uyğun qərar veriləcək.

Əlaqəli mövzular

Bu barədə daha geniş