Azərbaycanda halal standartlar necə işləyəcək?

Baku Fotonun müəllifi JOHANNES EISELE/Getty Images

"Bu standarta görə musiqi də xüsusi seçilməlidir, yeməklərin tərkibinə də diqqət edilməlidir", halal standartı barədə BBC Azərbaycancaya danışan Azərbaycan Turizm və Menecment Universitetinin turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov bildirir.

O, "Halal idarəetmə sistemi-Hotellər" adlı dövlət standartı layihəsinin müəlliflərindən biridir.

Belə bir standartın hazırlanmasını Mədəniyyət və Turizm Nazirliyi sifariş edib.

BBC: Rəhman müəllim, bu standartın hazırlanması zərurəti hardan doğub?

- Son vaxtlar ölkəyə ərəb ölkələrindən, İslam dövlətlərindən gələn turistlərin sayı artıb. Malaziyada, Türkiyədə də "halal otel" standartı yaradılıb. Yaxın 5 ildə bu ölkələrdən turistlərin sayının artacağı gözlənir. Ona görə də otel, əyləncə mərkəzləri və restoranlarda İslam həyat tərzinə uyğun qaydaların tətbiqinə ehtiyac var.

Fotonun müəllifi Turizm və Menecment Universiteti
Image caption Rəhman Səfərov: "Biz Malaziya və Türkiyə təcrübəsini əsas götürmüşük"

BBC: Standartlarda nələr özünü əks etdirəcək?

- Əyləncə mərkəzlərində xanımlar və bəylərə fərqli xidmətlər göstəriləcək. Yeməklərin tərkibinə donuz ətinin daxil edilməməsi standarta aiddir. Hamam, tualet və duşlarda olan sabun, şampun və s. təmizlik vəsaitlərində qoyulan normalar gözlənilməlidir. Oteldə ümumi istifadə edilən kişi və qadın tualetlərində həm normal (Avropa tipli) unitaz, həm də döşəmə (Şərq tipli) unitazı olmalı, tualetin kabinlər arası bölmələri döşəmədən başlayaraq boşluqsuz bağlı olmalıdır. O cümlədən, kişi və qadın üzmə hovuzu ayrı olmalı, açıq və ya qapalı üzmə hovuzları yeganə olduqda kişi-qadın növbəsi müəyyən edilərək istifadə edilməlidir. 6 yaşdan yuxarı uşaqlar barəsində həmcins ayrı-seçkiliyinə riayət edilməlidir. Masaj otağı varsa, kişilər üçün kişi, qadınlar üçün qadın xidmətçi olmalıdır.

BBC: Otelin tamamilə bu standarta uyğun olması nəzərdə tutulur, yoxsa, qarışıqmı?

- Otel, ya bir hissəsini bu standartlara uyğun hazırlaya bilər, ya da ki, tamamilə, bu standart əsasında düzənlənə bilər. Effektiv olması üçün otelin, ya əyləncə mərkəzinin, ya da restoranın bütün komplesinin bu standarta cavab verməsi yaxşıdır. Çünki axtarış portallarına, məsələn, "halal booking"ə baxanda məhz belə obyektlərə tələbat olduğunu görürük. Düzdür, Azərbaycanda otel, ya restoran kompleksini tamam "halal standarta" uyğunlaşdırsa, ola bilsin, hələ ki, Malaziya ilə müqayisədə müştəri bolluğu ilə üzləşməsin, amma 5 ildən sonra müştəri qıtlığı yaşamayacaq, dediyim kimi, bu ölkələrdən gələnlərin sayı artan xətlədir.

BBC: Bu standartı tətbiq edən obyektə lisenziya veriləcək?

- Onlara bu standartı tətbiq etdiyini sübut edən sertifikat veriləcək. Sonra isə mütəmati nəzarət ediləcək ki, standartın tələblərinə əməl edilir, ya yox. Layihəyə əsasən, standartın ilkin yoxlama müddəti 2022-ci il, dövrü yoxlama müddəti 5 ildir.

BBC: Otellər, restoran və əyləncə mərkəzləri belə bir standartı tətbiq etməyə məcburdurlarmı?

- Xeyr, məcbur deyil. Bunu bazar tənzimləyəcək, sahibkarlar könüllü bu standartı tətbiq edəcəklər, yəni tələbat hiss etsələr, müraciət edib bu setifikatı alacaqlar.

BBC: Standartlara geyim də daxil edilib. Onsuz da otellərdə və ya restoranlarda xidmət göstərənlərin bəlli bir uniforması var. Bu uniforma dəyişməlidirmi?

- Geyimdə ümumi qaydalar olacaq, açıq-saçıqlıq nəzərdə tutulmur. İslam qaydalarına uyğun bir geyim forması olmalıdır.

BBC: İslam qaydasına uyğun dedikdə... qadın xidmətçilər hicab, ya çadramı geyinəcəklər?

- Xeyr, sadəcə, açıq-saçıqlıq olmasın.

BBC: "Halal otel, restoran və ya əyləncə mərkəzi" digərlərindən hansı ciddi qaydaları ilə fərqlənəcək?

- Spirtli içkilər olmayacaq. Eyni zamanda mahnıların seçiminə diqqət edilməlidir. Əyləncə mərkəzlərində dəvət edilən müğənnini geyimi açıq-saçıq olmamalıdır.

BBC: Mahnı seçimi deyəndə nə nəzərdə tutulur? Yəni, dini mahnılarmı səslənməlidir?

- Xeyr. İstənilən mahnı olar, sadəcə, estrada tipli, hərəkətli, diskoteka mahnıları səslənməməlidir.



BBC: Standartlar hazırlanarkən hansı ölkənin təcrübəsi əsas götürülb?

- Türkiyənin və Malaziyanın təcrübəsinə istinad edilib. Çünki bu ölkələr 90-cı illərdən başlayaraq, bu standartları təkmilləşdiriblər.

BBC: Standartda siqaret, qəlyan çəkilməsi də tənzimlənirmi?

- Xeyr, belə standart yoxdur.

Bu barədə daha geniş