Məhkəmə Qiyas və Həsən İbrahimovlarla bağlı hökm verdi

Qiyas İbrahimov Fotonun müəllifi Ramin Deko
Image caption Qiyas İbrahimovun cəzası daha 3 ay artırıldı

10 il müddətinə azadlıqdan məhrum edilmiş ictimai fəal Qiyas İbrahimlinin həbsi daha 3 ay uzadıldı, onun atası Həsən İbrahimov 1 il 6 ay müddətinə islah işlərinə məhkum edilib. Bu barədə BBC Azərbaycancaya Qiyas İbrahimlinin anası Şura Əmiraslanova məlumat verib.

Dekabrın 18-də Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərov onların barəsində hökm çıxarıb.

Şura Əmiraslanova deyir ki, qərar onlar üçün gözlənilməz olmasa da, appelyasiya verəcəklər. O, hökmü "Qiyas İbrahimliyə verilən cəzanın davamı" kimi qiymətləndirir.

Ata və oğul İbrahimovlar məhkəməyə hörmətsizlikdə suçlandırılıblar. Bu ittihama görə, 500 manata qədər cərimə, iki ilədək islah işləri və ya altı aya qədər həbs cəzası nəzərdə tutulub.

Dövlət ittihamçısı hər ikisinə 6 ay azadlıqdan məhrum etmə cəzası istəmişdi.

Fotonun müəllifi COURTESY
Image caption NİDA hərəkatının üzvləri Bayram Məmmədov və Qiyas İbrahimov mayın 10-u gecə saatlarında sabiq prezident Heydər Əliyevin abidəsinə yazılmış şüardan sonra saxlanıblar

NİDA hərəkatının üzvləri Bayram Məmmədov və Qiyas İbrahimov 2016-cı il mayın 10-u gecə saatlarında sabiq prezident Heydər Əliyevin abidəsinə yazılmış şüardan sonra saxlanıblar.

Fəallar narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunublar. Onlar 10 il azadlıqdan məhrum ediliblər.

«Amnesty International» təşkilatı Qiyas İbrahimov və Bayram Məmmədovu "vicdan məhbusu" elan edib və onların azadlığa buraxılmasını tələb edib.

Hakimiyyət təmsilçiləri isə bildirirlər ki, onlar konkret cinayət əməlinə görə cəzalandırılıblar.

Əlaqəli mövzular

Bu barədə daha geniş