Milli Məclisin son iclası: "İcra başçıları sahibkarları incidir"

Milli Məclis Fotonun müəllifi AzerTAG
Image caption Parlamentin 2017-ci ilin son toplantısını keçirərək bəzi qanun layihələrini müzakirə edib

"Bəzi rayonların icra hakimiyyətlərinin başçıları sahibkarları incidir", yerli media yazır ki, deputat Qüdrət Həsənquliyev "Sahibkarlıq fəaliyyəti haqqında" qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

O, "bayramqabağı olduğundan konkret ünvan göstərməyib", ancaq bildirib ki, "icra başçıları xüsusi ilə kiçik sahibkarlardan aldıqları tikinti materialları və digər malların dəyərini ödəmir".

"Sahibkarlıq fəaliyyəti haqqında" qanuna təklif edilən dəyişikliyə görə, sahibkarlıq subyektləri mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə bölünür.

Sahibkarlığın tənzimlənməsi tədbirləri çərçivəsində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə yönəldilən dövlət dəstəyi və güzəştlər bu maddədə nəzərdə tutulmuş meyarlar əsasında aparılır.

"Şəxsi yoxlama"

Gömrük Məcəlləsinə təklif edilir ki, şəxsi yoxlama sanitar-gigiyenik tələblərə cavab verən təcrid olunmuş yerdə aparılsın.

"Şəxsi yoxlama zamanı videoçəkilişdən istifadə edilmədikdə azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Şəxsi yoxlama zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişdən istifadəyə yol verilmir", təklifdə göstərilir.

Bundan başqa, Gömrük Məcəlləsinin 99-cu maddəsinə bu məzmunda yeni bənd əlavə edilir: "Şəxsi yoxlama həyata keçirilərkən, həmçinin mallar və ya sənədlər götürülərkən işin nəticəsində maraqlı olmayan və yetkinlik yaşına çatmış iki hal şahidlərinin iştirakı məcburidir".

"Ən geci 3 saata viza"

"Turizm haqqında" qanuna Azərbaycana gələn turistlərə, elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə, vizanın ən geci 3 saat verilməsinə dair dəyişiklik təklif edilir.

Deputat Elmira Axundova bu təklifi "təhükəli" sayıb və deyib ki, "bu zaman müvafiq orqan ölkəmizə gəlmək istəyən turisti və ya hər hansı bir insanı belə qısa zamanda necə yoxlayaraq biləcək?".

O bu narahatlığını "xarici düşmən" faktoru ilə izah edib:

"Nəzərə alaq ki, Azərbaycan müharibə şəraitində yaşayır, ölkəmizin xarici düşməni var və inkişafımızın əleyhinə olan xarici qüvvələr də az deyil".

Ancaq spiker Oqtay Əsədov deputata bunun nəzərə alındığını deyib.

"Bu ümumi bir kompüter sistemidir. Problem olmayacaq. Sadəcə, indiyə kimi 3 günə kimi uzadırdılar, amma indi azaldıldı ki, gələn turistlər üçün asan olsun".

Qanun layihələri I oxunuşda səsə qoyularaq qəbul edilib.

Bu barədə daha geniş