Ucqar kəndlərdə işləyən gənc müəllimə: Uşaqların əksəriyyəti səhər saat 5-də durur

Gülşən Yolçubəyli Fotonun müəllifi Vəfa Zeynalova
Image caption Gülşən Yolçubəyli öz istəyi ilə ucqar kəndlərdə dərs demək istəyən müəllimələrdəndir.

Gülşənlə biz, demək olar ki, yolüstü görüşürük - o, Qubanın ucqar kəndindən öz doğma Qəbələsinə, Yeni ili valideynləri ilə birgə qarşılamaq üçün gedir və yolu bir günlük Bakıdan keçir.

Ticarət mərkəzinin yuxarı mərtəbəsində yolkanın yaxınlığındakı masada əyləşib söhbət edirik. Və söhbət zamanı o, özü sanki hədiyyə və möcüzəyə ümid verən "qar qızı"na bənzəməyə başlayır.

"Mən oxumağı çox istəyirdim"

"24 yaşım var. Qəbələnin kəndində doğulmuşam. Kəndimiz inkişaf etmiş yerdir, hər bir şəraiti var, şəhər tipli evlər. Kəndimizdə çətinlik heç görməmişəm. Məktəbə gedib-gəlmişəm, kənd işləri olmayıb. Kənddə mal-qara ya bir, ya iki olardı, onlara da atam-qardaşım baxardı. Bostanla da ciddi məşğul olmurduq, evimizdir, fındıq bağıdır, vəssalam.

Həmin vaxtı atam işləyirdi, anam isə evdar qadın idi, qardaşım əsgərlikdə idi, digər qardaşım Bakıda işləyirdi.

Həmişə şagirdlərimə də deyirəm ki, mümkün olmayan heç nə yoxdur. Əvvəlcə valideynlərim Gəncəyə gedib oxumağımın əleyhinə idilər. Amma mən oxumağı çox istəyirdim, ayağımı dirədim ki, oxuyacam. Universitetə çox çətinliklərlə qəbul oldum.

O qədər də imkanlı olmamışıq. Sadəcə, içimdə oxumaq, yeni yerlər, yeni dünya görmək üçün çox böyük istəyim var idi. 11-ci sinifdə imtahan verib kəsildim, amma fikrimdən dönmədim, gələn il bir də imtahan vermək qərarına gəldim.

Çox ağladım, sızladım, çünki imkan çatmırdı. Növbəti il isə ödənişli bölməyə düşdüm. Çətin vəziyyətdə idik, anam hətta öz qızıllarını satdı ki, ilkin ödənişi köçürsün. Söz vermişəm ki, işləyib, pul qazanıb, o qızılları geri qaytaracağam.

Anam əvvəl razı deyildi: "İndi yola verdik, bəs sonra? Hələ sənin orada yaşamağın var, kirayə pulun? Çatdırmayacağıq".

Adətən, ailəmi, yaxınlarımı düşünənəm. Amma bu dəfə heç düşünmədim. Bilirdim ki, bu, bəlkə də mənim yeganə şansımdır. Oldusa, indi olacaq.

Yenə dirəndim, dedim, həyatımı məhv etməyin. Birəhər anamı yola gətirdim, o da atamı.

"Elə olurdu, ayımı on-iyirmi manatla idarə edirdim"

Düzdür, universitet illərim bəzilərinki kimi o qədər də gözəl keçməmişdi.

İlk dəfə Gəncəyə gələndə ərzaq və məktəb ləvazimatları üçün marketə getdik. Bir az aralandım, qorxdum ki, yolu itirib geri qayıda bilmərəm. Amma yavaş-yavaş şəhəri tanıdım: ya səhv avtobusa minib şəhərin o başına çatanda, ya qrup yoldaşlarımla dərsdən sonra gəzintiyə çıxanda. Gəncəni çox sevirəm.

Kirayədə qalırdım, maddı sıxıntılarım çox olub. Amma pis olmamışam ki, qrup yoldaşlarım gedib gəzir. Əksinə, oturub daha da çox oxuyurdum. Düşünürdüm ki, bir gün mən bu günlər üçün də darıxacağam. Həyatımdakı bütün hadisələrə on-on beş il sonrakı gözlə baxıram, ona görə çətinlikləri də asan qəbul edirəm.

Hətta elə günlər olurdu ki, praktika keçdiyim məktəbdən evimə kimi bir neçə kilometrlik yolu, marşrut pulunu verməmək və o pula çörək almaq üçün piyada gedirdim. Qrup yoldaşlarım yanımdan avtobusda keçərkən onlara əlimi yelləyirdim və yoluma davam edirdim. Amma pis olmurdum.

Evə bu çətinliklər haqqında danışmırdım. Pulumu göndərirdilər, amma çətin idi, elə olurdu, ayımı on-iyirmi manatla idarə edirdim.

Evə heç vaxt ehtiyaclarım haqqında deməmişəm. Anam soruşurdu: "Nə bişirmisən?" Deyirdim: "Filan xörək bişirmişəm", halbuki o xörək heç yox idi. Gecə ağlamağım da olub, amma mən öz seçimimi etmişdim və bu yolda qarşılaşa biləcək çətinliklərə hazır olmalıydım. Gözəl günlərim üçün bunlar mütləq olmalıdır.

"Aldığım bütün maaşı ailəmə verirəm"

Filologiya fakültəsində oxuyurdum. Düzü, ixtisasımı o qədər də sevməmişəm, sadəcə ballım buna çatmışdı. Özüm, ilk növbədə, rəssamlığı sevmişəm, amma sonra atam məni yayındırdı. Deyirdim: "Müəllimlikdən başqa hər bir sənət olsun".

Amma praktikaya gedib uşaqlarla ünsiyyətdə olduğumdan sonra yavaş-yavaş ixtisasımı sevməyə başladım. Artıq üçüncü ildir ki, işləyirəm və özümü müəllimlikdən başqa bir sənətdə təsəvvür edə bilmirəm, çünki uşaqların sevgisini görmək, hansısa bir yolla onlara təsir etmək çox maraqlıdır. Ən azı bilgi və dünyagörüşü cəhətdən çalışıram uşaqlara təsir edim.

Valideynlərim əvvəl bu çətinliklərə görə peşiman olurdular. Amma sonradan özləri "Nə yaxşı ki, sənə oxumağa imkan verdik!" dedilər. Aldığım bütün maaşı ailəmə verirəm. Onlar mən oxuyan zamanı nə qədər çətinliklər gördüklərinə görə, özümü borclu hiss edirəm.

İndi çalışdığım kənddə qızlar çox erkən evlənir. Məktəbin yuxarı siniflərində qızlar artıq nişanlıdırlar. Hətta vəziyyət elə səviyyədədir ki, on birinci sinifdə oxuyan və hələ də nişanlanmamış qıza bir təhər baxırlar ki, "evdə qalıb". Bu, məni çox üzür.

Hər bir dərsdə mütləq beş-on dəqiqəmi bu mövzuya ayırıram. Artıq görürəm ki, qızların dərsə maraqları yaranır, yanıma əlavə dərslərə də gəlirlər. Özümü nümunə göstərirəm ki, mən qarşınızda əyani varam, mümkünsüz heç nə yoxdur.

"Siyahıya sırf ucqar kəndləri yazmışdım"

Fotonun müəllifi Gülşən Yolçubəyli
Image caption Gülşən Yolçubəyli: "İstəyirdim, uzaq yer olsun. Siyahıya sırf ucqar kəndləri yazmışdım"

Təhsil Nazirliyinin təşkil etdiyi imtahanı verib yüksək bal topladım, arzuladığım kimi, Qubanın ucqar Zeyid kəndinə getdim.

İçimdə həmişə macərapərəstlik var idi. İstəyirdim, uzaq yer olsun. Oradakı insanlar haqqında eşitmişdim, mənə o yerdə, o şəraitdə yaşamaq çox maraqlı gəlirdi. Bəzən köhnə filmlərdə belə kəndləri görüb özümü orada təsəvvür edirdim.

Xəyallarımı gerçəkləşdirmək üçün həmin imtahan bir şans oldu, siyahıya sırf ucqar kəndləri yazmışdım.

Həmin vaxlarda universitet həyatımın sıxıntılarından, şəhər mühiti, standart çevrə məni o qədər yormuşdu ki, stress içindəydim.

Deyirdim: "Buradan qaçıb özüm üçün bir sakit yer tapacağam".

Kəndin o sakit mühiti, o insanlar, o həyat tərzi məni tamamilə dəyişdi, əksinə, daha çox həyata bağladı. İlk dəfə belə çətinliklərlə qarşılaşdım.

Amma bu, mənə daha da maraqlı gəlirdi, bu çətinlikləri bir macəra kimi qəbul edib iki əlli onlardan yapışmışdım. Həm də nədənsə dağlar məni çox özünə çəkir.

Zeyid kəndi

Zeyid kiçik bir bir kənddir, təxminən yüz əlli nəfərlik. Ora gələndən bir-iki gün sonra böyükdən kiçiyə kimi bütün sakinlərini tanıyırdım.

Sakinlərin çoxu maldarlıqla məşğuldur, qış vaxtı qışlaqlara getdiklərinə görə evlərin çoxu boşalır. Bəzi ailələr öz istifadəsi üçün kartof becərir, amma torpaq daşlıq olduğuna görə sanballı bağ-bostan da salmaq mümkün deyil.

İki qız idik. İlk ili sahibə ilə qaldıq, ikinci ili tək. Evlər dağın yamacında pillə-pillə yerləşir, iç-içədir, heç həyətləri yoxdur. Ayağım palçığa batır, dərsə gəlirdim, amma gülürdüm, maraqlı gəlirdi mənə. Sadəcə, bu da təbiətin yaratdığı bir gözəllikdir, mən bu çətinlikləri macəra kimi qəbul edirdim.

İlk dəfə bura axşam vaxtı çatdıq. Xınalıq yolu ilə getmişdik. İlk dəfə o qayanın qırağındakı yolu, çayı, uçurumu gördüm. Düşünürdüm: "İlahi, necə də gözəl bir yerdir!".

Kənd yolunda yol yoxdur. Kəndə çatanda artıq qaranlıq qarışmışdı. İlk gecəmizi direktorun evində qaldıq. Ailəsi, iki qızı ilə bizi çox yaxşı qarşıladılar, qonaqlıq verdilər.

Gecə yatmağa gedəndə gördüm ki, yanacaqları yoxdur, evləri inək təzəkləri ilə isidirlər. Dəhşətə gəldim ki, bu vaxt, iyirmi birinci əsrdə belə bir üsullardan hələ də istifadə olunur.

Amma təzək odundan da yaxşı isidir. Kəndin sakinləri maldarlıqla məşğul olduqlarına görə hər tərəf təzəklərlə dolu idi. Yayda onları hazırlayırlar, qışda isə yavaş-yavaş istiadə edirlər.

Kənddə ilk gün

Səhər açıldı, yuxulu-yuxulu çölə çıxdım. Mənzərənin qarşısıda donub qaldım. Sanki buludların üstündə idim. Aşağıdakı evlər dumanla örtülü idi, dağların yalnız ucları görünürdü və arxadan günəş qalxırdı. Gözlərimə inanmırdım, şəkil kimi mənzərə idi. İçimdən qışqırmaq gəldi: "Tanrım, bu nə gözəllikdir!" əmin oldum ki, özümə uyğun yerə gəlmişəm.

Kənddə bir köhnə məscid və bir məktəb var, biz öyrəşdiyimiz məktəbə heç oxşamır - köhnə, dağınıq bir yerdir, amma kəndin sakinləri bunları çox gözəl və səliqəli saxlayır.

Kəndin içi ilə düşərkən təəccüblənirdim: bütün pəncərələrdən sakinlər bizə baxırdı və hətta tanımadan əllərini yelləyirdilər. İlk dəfə elə beləcə kənd öz istiqanlığını bizə göstərdi. Uşaqlar yanımızla qaçırdı, təzə müəllimlərə baxırdı.

Hətta biz yad, gəlmə olduğumuza baxmayaraq, kənd sakinləri bizə hər zaman əl tutmağa çalışırdılar. Məktəbə gələndə şagirdlərim ilk növbədə soruşurdu: "Müəllimə, anam soruşur, nəyiniz çatışmır? Ev istidirmi? Neftiniz varmı?"

İlk dəfə gedəndə məktəbdə təxminən yeddi-səkkiz müəllim var idi, əksəriyyəti yerli idi.

Fotonun müəllifi Gülşən Yolçubəyli
Image caption Dərsdən sonra uşaqlar quzu, qoyun otarmağa gedirlər. Əksəriyyəti səhər saat beşdə dururlar. Bu, oyuncaqla oynamalı yaşlarında olan uşaqların əlləri soyuqdan çatlayır, tövlədəki işdən qaralır.

Biz kəndə sentyabrın on dördü gəldik. Gəncədə öyrəşmişdim ki, soyuqlar noyabrda başlayır, özümlə isti geyim götürməmişdim. Sentyabrın sonunda isə qar yağdı.

Hündürlüyü evin qapısından da çox idi, heç qapını açmaq mümkün deyildi. Direktor zəng etdi ki, bu gün dərs olmayacaq. Əsən külək bütün qarı qapımıza yığmışdı, tunel açmalı olduq. Qar orada may ayının sonuna kimi qalır.

Sonra ibtidai siniflər müəlliməsinin evində kirayə qaldıq. Yeri gəlmişkən, Təhsil Nazirliyi bizə əmək haqqından başqa H2 sistemi üzrə (Rayon mərkəzlərinən 20 km artıq məsafədə yerləşən kənd yerləri) yaşamaq üçün əlavə 160 manat pul ödəyirdi. Amma qaldığımız evdə bizdən pul almırdılar, sadəcə "istəsəniz, işıq pulunu ödəyərsiniz" deyirdilər.

Günorta məktəbdən qayıdanda görürdük ki, ev sahibəmiz otağımızı artıq isidib, çay hazırlayıb. Heç tanımadığım insanlar mənimlə elə davranırdı ki, elə bil ömrü boyu məni tanıyır. Hərdən dərsdən əvvəl şagirdlərimdən kimsə sobadan təzə çıxarılmış çörəyi bizə gətirirdi ki, "Anam çörək bişirib, apar müəllimələrə ver". Süd, qatıq, ət - bunların hamısını bizə pay gətirirdilər.

Kəndin sakinlərinin dolanışıqları təxminın eynidir. Məsələn, adi yerdə, şəhərdə kiminsə daha imkanlı və ya kasıb olması evinin görünüşündən və ya geyimindən dərhal bilinir. Amma kənddə sakinlər arasında heç bir zahiri fərq yox idi.

Ailələrdə uşaqların sayı, adətən dörd-beş nəfərə çatırdı.

Kəndi "kənd soveti" deyilən qeyri-rəsmi qurum idarə edir. İlk vaxtı bizim evi isindirmək üçün təzəyimiz yox idi. Kənd camaatı bizə odun gətirdi.

Evlərin quruluşu fərqli idi. Məsələn, adi evləri tikəndə sanballı daşdan, sementdən istifadə edilir. Orada isə ələ keçən hər bir, ölçüsü və forması bir-birindən fərqlənən daşlardan bir divar tikilir, üstünə palçıqdan suvaq vurulur, sonra isə "şirə" - sarı torpağı isladıb divarın üzərinə çəkirlər. Hər dəfə də "şirəni" təzələməli olurlar. Məsələn, bir ailə qışdan çıxıb evini "şirə" ilə təzələyirsə, həmin evə "mübarək olsun"a gəlirlər.

Bu çətinlikləri görərkən, soruşurdum: "Nəyə görə məhz elə burada məskən salmısınız, heç olmasa, dağın ətəyində, yaşıllığı bol olan, yolları uyğun olan yerdə yaşayardınız?"

Qədim kəndin rəvayəti

Mənə deyirdilər: "Bu, qədim kənddir, bir neçə yer dəyişib, öz rəvayəti də var".

Rəvayət belədir: vaxtilə Zeyid kəndi çayın qırağında yerləşmişdir. O yerlərdə də bir kişi yaşayırdı, hər dediyi sözü həyata keçirdi. Həmin kişinin öküzü olub, hara gedirdisə, axşam mütləq evinə qayıdırdı; sahibi adı ilə çağıranda, yanına gəlirdi.

Bir gün öküz evə qayıtmadı. Kişi onu axtara-axtara çayın qırağındakı Zeyidə gəldi. Öküz haqqında soruşdu. Sən demə, kənd sakinləri öküzü özgə görüb, onu kəsiblər, dərisini isə gizlədiblər.

Amma kişiyə məlumatsız olduqlarını dedilər. Kişi öküzünü adı ilə çağırdı və bu zaman öküzün dərisi fırlana-fırlana gəldi kişinin ayağına. O qəzəblənib kənd sakinlərinə qarğış etdi: "Sizi görüm, kəndiniz yeddi yerə bölünsün, uşaqlarınızın beşiklərinə ilanlar dolsun, qıraqdan yaxşı görünəsiniz, amma aranızda daimi söz-söhbət olsun!"

Qısa bir zamanda kəndi ilan basdı. Dağın yamaçında yeni məskən qurmağa məcbur oldular. Kənd parçalandı. İndi də Quba və Xaçmazda yeddi Zeyid adlı kənd var.

"Çətinliklər onlara adi gəlir"

Qubaya, rayon mərkəzinə kənd sakinləri "aşağı" deyirlər, çünki kənd dəniz səviyyəsindən 2236 metr hündürlüyündə yerləşir. Həyatlarına öyrəşiblər, çətinliklər onlara adi gəlir.

Təzəlikcə damlarını müasir şiferlə örtürlər, adətən damları adi torpaqla, üstünə də ot, ağac parçaları ilə örtürdülər, üstünü isə palçıqla hamarlayırdılar. Qışda damlar tez-tez sızırdı. Qohum-qonşu yığılıb təmir etməyə kömək edirdi.

Dərs demək üçün 6-7 saat yol gedən müəllim: Həbib Əlizadə

Çox məqamlar məni təəccübləndirirdi. İlk günlərimdə dərsdən qayıdanda məktəbin yanında yolun qırağında əyləşən bir yaşlı kişini gördüm. Məni görən kimi dərhal ayağa qalxdı, hal-əhval tutdu: "Müəllimə, xoş gəlmisiniz! Necədir vəziyyət? Qəbələdə ata-ananız necədir?" Halbuki həmin kişi məndən əlli-altmış yaş yaşlı idi. Amma çox səmimi davranırdı.

Fotonun müəllifi Gülşən Yolçubəyli
Image caption "Şagirdlərim səhər məktəbdən əvvəl tövləni təmizləyib, mal-qaranı növbəyə göndərib məktəbə gəlirdi", Gülşən Yolçubəyli söyləyir.

Mağaza və xəstəxana yox idi

Kənddə mağaza, dükan yoxdur. Lazımi alış-verişi sakinlər "aşağıda", Qubada edirlər. Özümüz də tətildən-tətilə gedirdik ora, bazarlığımızı edirdik; ərzaq, təsərrüfat malları, dava-dərman.

Elə vaxt olurdu ki, kənd sakinləri dərman üçün yanımıza gəlirdi ki, "müəllimələrdə mütləq olacaq". Hər aya xərclədiyimiz məbləğ uzağı əlli manat təşkil edirdi. Bu məbləği də mənə öz maaş kartımı verdiyim atam göndərirdi.

Xəstəxana da yox idi. Onun yerinə kənddə tibb məntəqəsi və orada çalışan yeganə feldşer var idi. Ağır xəstələri maşınla rayon mərkəzinə aparırlar. Təxminən 2000-ci illərin əvvəlində bütün doğuşlar kənddə keçirdi.

Amma bir hadisə haqqında eşitmişdim ki, bir qadın çox ağır vəziyyətdə olduğuna görə, Fövqaladə Hallar Nazirliyi onu helikopterlə xəstəxanaya aparmışdı. Çünki qışda qarın hündürlüyü bir metrdən artıq da olur, keçmək mümkün deyil.

Kənddə ilk ilimdə mən də yolda qalmışam. Çovğun idi, maşın qaldı yolda. Buz kimi soyuq maşında oturub nə edəcəyimizi bilmirdik. Yaxınlıqdakı başqa kəndin sakinləri maşını görüb bizi öz evlərinə dəvət etdilər. Çox qonaqpərvər idilər.

Kəndi tərk edənlər də var. Elə ailələr var idi ki, bir oğlu Qubada ailə qurub köçüb. Ailəlikcə köçənlər də var idi. Müəyyən zamana kimi bütün nikahlar kənd daxilində bağlanırdı.

Amma indi valideynlər qızlarını kənddəki oğlanlara vermirlər, çalışırlar, kənar yerdən, Qubadan gələn elçilərə versinlər. Kənddə qız ala bilməyən oğlanlar, gəlini qonşu ucqar kəndlərdən tapırlar. Evlənməkdə məcburiyyət yoxdur. Qız evinə başqa yerdən elçi gələrkən valideynlər onu tərifləyir: "Yaxşı yerdəndir".

Cəmi on yeddi şagirdim var idi, hər sinifdə iki, üç, ən çoxu - beş nəfər

Zeyiddəki məktəb doqquz illikdir. Hərdənbir kəndi oxumaq məqsədi ilə tərk edirlər. Əsasən bu, oğlanlardır, amma qızların da oxumağa meyli var.

Ali təhsil ocağına qəbul olunmasalar da, hər biri Qubada peşə təhsili almağa çalışır. Adətən orada dərziliyi öyrənirlər və ya kompüter təhsili alırlar. Valideynlər oan heyfslənirlər ki, uşaqlarına oxumaq üçün kifayət qədər şərait yarada bilmirlər.

Zeyiddəki uşaqlar başqa bir dünyanın uşaqlarıdır. Beşinci sinifdən doqquza kimi dərs deyirdim. Cəmi on yeddi şagirdim var idi, hər sinifdə iki, üç, ən çoxu - beş nəfər. Səhər-səhər dərsə gedirsən - "Sabahınız xeyir, müəllimə!". Tənəffüsə çıxırsan - "Müəllimə, salam!".

Öncədən düşünürdüm: "Axı, bu uşaqlar ucqar kənddə böyüyür, heç nə bilməzlər". Amma əksinə, oxumağa çox açıqdılar. Çalışırlar nəsə öyrənsinlər. Tənəffüs vaxtı divardan asılmış xəritəyə yaxınlaşırdılar: "Müəllimə, axşam televizordan filan ölkə haqqında eşitmişik, o, haradadır?"

Coğrafiyadan yaxşı idim, çalışırdım, istədikləri məlumatları verim. İkinci ildə tarix dərslərini də mən apardım. Uşaqların düny görüşləri var idi.

Elə uşaqlar var idi ki, televiziya ilə verilən, dünyadakı siyasi hadisələri də müzakirə edirdilər. Hətta hərdənbir aramızda münaqişə də yaranırdı.

Kitabxana, İnternet və mobil şəbəkə

Məktəbin bir kiçik kitabxanası var idi. Oradakı kitabları da - Azərbaycan nağılları, Qulliverin səyahətləri kimi uşaq kitablarını oxuyub müzakirə edirdik.

Ucqar kənd olmasına baxmayaraq, kənd sakinləri dünyaya açıqdılar. Bir-iki evdə kompüter də var idi. Düzdür, internet tək mobil şəbəkədə olan idi. İnterneti, şəbəkəni tutmaq üçün pəncərənin önünə, hətta çölə çıxmalı olurduq.

Toy və yas mərasimləri

Kəndin məscidi köhnədir, amma sakinlər ona yaxşı baxır. Hər həftə kəndin qadınları yığışıb içərisini səhmanlayıb yığışdırırlar. Amma onlara çox dindar da deməzdim. Gözümə dəyən namaz qılan tək yaşlı molla idi.

Təəssüf ki, əhali az olduğuna görə, kənddə heç bir toyda olmamışam. Toylar üç-dörd ildən bir olur. Amma yas mərasimində bir dəfə iştirak etdim. Yadınızdadır, həmin mənimlə ilk günü salamlaşan yaşlı kişi? Onun haqqında sizə danışdım.

Elə o rəhmətə getmişdi. Xəstə idi, hətta Qubaya xəstəxanaya aparmışdılar. Xəbəri eşidəndə, çox üzüldüm, xoşlayırdım onu. Amma yas mərasimində xeyli təəccübləndim - ağlayan heç yox idi. Hətta mərhumun oğlu məni gülümsəyərək qarşıladı, mən onun yanına başsağlığı üçün yaxınlaşanda, o, mənə "müəllimə, nə yaxşı ki, siz də gəldiniz" dedi.

Bəlkə, oradakı insanlar dağlarda yaşadığına görə, təbiətə və onun qanunlarına daha yaxın durur və ölümü ömrün bir qaçılmaz hissəsi kimi qəbul edirlər.

Məclislərdə qadın və kişilər ayrı oturur. Hətta evə qonaq gələndə belə, əksəriyyəti qadındırsa, kişi evdən çıxıb qonşuda oturur.

Fotonun müəllifi Gülşən Yolçubəyli
Image caption Qış vaxtı su donurdu. Bulaq qırağına su götürnəyə gedirdik. Şagirdlər özləri gəlirdi: "Müəllimə, dünən sizə su gətirməmişik, yəqin ki, suyunuz bitib". Su qablarını eşşəyin belinə yükləyirdilər.

Ramazan bayramı: Qrupla evləri gəzirlər

Ramazan bayramını çox maraqlı qeyd edirlər. Səhər-səhər kənd sakinləri qruplara bölünür: qadınlar, uşaqlar, qoca kişilər, cavan oğlanlar. Qrupla evləri gəzirlər. Uşaqlar bayram payı - şirniyyat yığır. Deyəsən, bu adəti türklərdən öyrəniblər.

Qruplar evlərə daxil olurlar. Qadın süfrəni bəzəyir, samovarda çay hazırlayır. Daxil olan qruplar oturur masa arxasında, süfrədəkilərlə bəhrələnib, növbəti evə yollanırlar.

Dərs vaxtı müəllim-şagird idik, dərsdən sonra isə sadəcə dost. Kəklikotu çıxan kimi birlikdə gedirdik dağlara, yığırdıq.

Evimiz kəndin qırağında, açıq yerdə yerləşirdi. Sakit havada dərsdən, nahardan sonra şagirdlər həyətinizə tökülüşürdü: "Müəllimə, çıxın, futbol oynayaq!". Biz, iki qız, hərəmiz bir komandada, qatılırdıq uşaqlara. Bir azdan böyüklər səsləyirdi: "Müəllimə, filankəsi buraxın, görüləsi işi var!".

Uşaqların əksəriyyəti səhər saat beşdə dururlar

Uşaqların geyimləri məktəb geyimi deyildi; evdə nə geyinirdilər, dərsdə də eləcə. Həm də uşaqlar böyüklər kimi iş görürlər. Səhər məktəbdən əvvəl şagirdlərim tövləni təmizləyib, mal-qaranı növbəyə göndərib məktəbə gəlirdi. Sentyabrda bir beşinci sinif şagirdinin şap-şap ayaqqabılarından süzülmüş deşik-deşik corablar bilinirdi.

Amma uşaq çox ciddi, oxuyan idi. Bir ona baxırdım, bir corabına. Dərs necə keçdi, özüm bilmədim. Bir dəfə bu şəkli Facebook səhifəmdə paylaşdım və Sumqayıtda könüllülər tapıldı, o uşaqların hamısı üçün geyim və ayaqqabı alıb gətirmişdilər. Uşaqlar elə sevinirdilər, o ki var ayaqqabılarına baxırdılar.

Dərsdən sonra uşaqlar quzu, qoyun otarmağa gedirlər. Əksəriyyəti səhər saat beşdə dururlar. Bu, oyuncaqla oynamalı yaşlarında olan uşaqların əlləri soyuqdan çatlayır, tövlədəki işdən qaralır.

Oğlanlar bütün günü mal-qara ilə məşğul olur, qızların üzərinə bütün ev işləri düşür. Ev yığışdırmaq, divarlara şirə çəkmək, xörək bişirmək. Beşinci sinif şagirdi olan qızlar bir böyük məclisi idarə edə biləcək və məclisin bütün xörəklərini bişirəcək qabiliyyətə malik idilər.

Dərs zamanı bilmirdim, dərsdənmi danışım, həyatdanmı? Amma özləri həyatı olduğu kimi qəbul edirdilər, narazılıq bildirmirdilər.

Kənddə qış həyatı

Qış vaxtı su donurdu. Bulaq qırağına su götürməyə gedirdik. Şagirdlər özləri gəlirdi: "Müəllimə, dünən sizə su gətirməmişik, yəqin ki, suyunuz bitib". Su qablarını eşşəyin belinə yükləyirdilər.

Fotonun müəllifi Gülşən Yolçubəylin
Image caption "Əksəriyyəti səhər saat beşdə dururlar. Bu, oyuncaqla oynamalı vaxtı olan uşaqların əlləri soyuqdan çatlayır, tövlədəki işdən qaralır"

Odunumuz bitəndə uşaqlar dərhal görürdülər ki, damımızın soba borusundan tüstü çıxmır. Təzəkləri eşşəyin belinə yığıb gətirirdilər: "Müəllimə, hava soyuqdur, evinizi isidin!" Elə bil, bütün həyatıma nəzarət edirdilər.

Kənd yolu ilə gedib, qarşılaşdığın adama salam verirsən. Dərhal bütün kənd bunun haqqında bilir. Dərsdə bir mövzunu müzakirə edəndə tənəffüs zamanı artıq bütün kənd bundan xəbər tutur. Mənə adi olan hansısa söz və ya hərəkətlər onlarda daimi maraq yaradırdı.

Qış vaxtı qadınlar plitənin qarşısına yığışıb toxuculuqla məşğul olurlar. Vaxtilə burada xalçaçılıq da inkişaf edib.

Mən Zeyid kəndində iki il qaldım. Lakin 2017-ci ilin mart ayında dağdan düşərkən qəzaya uğradım və bundan sonra içimdə qorxu hissi yarandı.

Hər dəfə o yolu qalxdıqca maşında qışqırırdım: "Saxlayın, düşüm, piyada gedim!" Bu dağlıq ərazidə yollar bərbad gündədir, buradan yalnız "Villis" maşınları keçə bilər. Maşın gah elə gedir, gah belə gedir. Pəncərədən bütün uçurumlar görünür.

Məcburən yerimi dəyişməli oldum, amma indi də o yerlər və insanlar üçün darıxıram.

Şagirdlərim də mənim üçün darıxır. Hər dəfə mənə yazırlar: "Müəllimə, yeriniz çox görünür, kaş siz getməzdiniz, kaş yenə o günlər qayıdardı, gedərdik birlikdə kəklikotu yığardıq". Valideynlərinin telefonları olan tez-tez mənə Whatsappla yazırlar.

Fotonun müəllifi Gülşən Yolçubəyli
Image caption "Şagirdlərim də mənim üçün darıxır. Hər dəfə mənə yazırlar: "Müəllimə, yeriniz çox görünür, kaş siz getməzdiniz, kaş yenə o günlər qayıdardı, gedərdik birlikdə kəklikotu yığardıq"

Bir dəfə tanımadığım nömrədən zəng gəldi. Dəstəyi qaldırdım və yenə o mehriban səsləri eşitdim. Uşaqlar sıraya düzülüb, bir-bir mənimlə iki kəlmə danışırdı.

Gözlərim doldu, o halda idim ki, hər şeyi atım, yenə də yanlarına qayıdım. Ayrılanda uşaqlar məni qucaqlayıb ağlayırdılar: "Müəllimə, nolar, getməyin!". Gedəndə bütün kəndin sakinləri, uşaqlar böyüklər, yığışmışdı evimizə, o qədər ağladıq ki.

Başqa bir kənd: "Qız nədir, oxumaq nədir?"

Hazırda Qubanın digər dağ kəndində işləyirəm. Amma bu kənd o qədər ucqar deyil, rayon mərkəzindən 12 kilometr məsafədə yerləşir.

Bu kəndin hər cür şəraiti var, məktəbi təmirlidir, amma oxuyan qızlara pis baxırlar: "Qız nədir, oxumaq nədir?" Qız doqquzuncu sinifi bitirən kimi oturur evdə. Adətən hər hansı yaxşı oxuyan qızı valideylərə tərifləyəndə, mənə cavab verirlər: "Yox e, müəllimə, düz gəlmir, qızı oxutmayacam".

Vaxt getdikcə düşünürəm ki, heç orada yaşamamışam, sanki ruhum bədənimdən çıxıb, o yerlərə çatıb. Sanki əsrlər boyu oranı tanımışam.

Həyatımın ən gözəl, ən maraqlı anları Zeyiddə keçib. Zaman keçdikcə bütün çətinliklər, mənfiliklər yaddaşımdan silinib, amma xoş məqamlar daha da parlaq, aydın görünür.

Bu barədə daha geniş