Britaniya mətbuatı: Erdoğan hirslənir, amma nə edə bilər? Axı Suriya kürdlərini ruslar da dəstəkləyir

Fotonun müəllifi AFP
Image caption Erdoğan ABŞ-ın Suriyada kürdlərdən ibarət 30 minlik ordu qurmasını tənqid edib

Erdoğan: "mübarizəmiz 1 terrorçu qalanadək davam edəcək"

"Vice" jurnalı yazır ki, ABŞ və onun NATO müttəfiqi Türkiyə arasındakı münasibətlər Washington-un Suriya kürdlərinə dəstəyinə görə sınağa çəkilsə də, heç vaxt indiki qədər pis olmayıb.

Bazar ertəsi Erdoğan ABŞ-ın Suriyada "terror ordusu" yaratması ideyasına qarşı çıxıb və 30 minlik ordunu o hələ doğulmadan "boğmaqla" hədələyib.

Ankarada bir zavodda çıxış edən Türkiyə prezidenti deyib: "Müttəfiq adlandırdığımız bir ölkə bizim sərhədlərimizdə terror ordusu yaratmaq istəyir. O terror ordusunun hədəfi Türkiyədən başqa nə ola bilər? Bizim vəzifəmiz bu ordu heç doğulmadan onu boğmaqdır".

Erdoğanın bu qəzəbli çıxışına ABŞ-ın bir gün əvvəl Suriyada əsasən kürdlərdən ibarət Sərhəd Təhlükəsizliyi Qüvvəsi yaradacağına dair planlarını açması olub.

Amerika bu qüvvələri kürd qüvvələrinin nəzarətində olan Fəratboyu ərazidə, İraq-Suriya sərhədi boyunca dislokasiya etməyi düşünür.

Anti-İŞİD koalisiyasının sözçüsü, ABŞ ordu polkovniki Ryan Dillon deyib ki, 30 minlik qüvvə əsasən kürdlərdən ibarət Suriya Demokratik Qüvvələrinin (SDQ) bazasında yaradılacaq.

Türkiyəni qane etməyən də məhz bu məqamdır. Ankara SDQ qüvvələrinin özəyini təşkil edən kürd Xalq Müdafiə Birliyi - YPG-ni PKK-nın bir qolu kimi görür. Türkiyə PKK-ya qarşı onilliklərdir ki, qanlı mübarizə aparıb.

"Bizin bütün müttəfiqlərimizə deyəcəyimiz budur: bizimlə terrorçu təşkilatlar arasına girməyin, yoxsa biz bunun nəticələri üçün heç bir məsuliyyət daşımayacağıq", - Erdoğan deyib.

O əlavə edib ki, "Bizi terrorçularla bir yerdə olanları torpağa basdırmağa məcbur etməyin. Bizim əməliyyatımız sərhədlərimizdə nəinki 30 min, hətta bir terrorçu qalanadək davam edəcək".

Belə görünür ki, Türkiyənin narahatlıqlarını azaltmağa çalışan ABŞ yaradılacaq qüvvələrin həm ərəblərdən, həm də kürdlərdən ibarət olacağını bəyan edib.

Amma bu Türkiyəni qətiyyən qane etmir. Ankara xəbərdarlıq edir ki, sözü gedən qüvvənin yaradılması Suriyanın ayrı-ayrı yerlərində qalan İŞİD döyüşçülərinin ləğv edilməsini əngəlləyə bilər.

"Vice" jurnalı yazır ki, Türkiyənin ABŞ-ın dəstəklədiyi qüvvəyə qarşı alovlu tənqidlərinə baxmayaraq, Ankarını ilk növbədə kürdlərin əlində olan Afrin şəhəri narahat edir.

Erdoğan bu Suriya şəhərinə tezliklə hücum edəcəyi barədə çox sayda hədələr səsləndirib. Suriyanın şimal-qərbində yerləşən Afrin kürdlərin nəzarətində olan əsas ərazidən aralıdadır.

Beynəlxalq Əlaqələr üzrə Avropa Şurası analitik-təhlil mərkəzindən Asli Aydıntaşbaş "Vice" jurnalına deyib ki, "Erdoğan həftənin yeddi günü hədələyir ki, "bugün-sabah gəlirik" və həqiqətən də sərhədin Afrinlə üzbəüz Türkiyə tərəfində nəzərəçarpacaq hərbi qüvvə cəmləşdirilib".

Lakin kürdlər Afrini Rusiya qüvvələrinin dəstəyi ilə saxlayırlar. Bu məqam Türkiyənin bu əraziyə hücumu məsələsini qəlizləşdirir.

Sual Suriyada söz sahibi olan rusların buna necə reaksiya verəcəyindən ibarətdir?

"Real sual budur ki, ruslar nə deyəcəklər? - Aydıntaşbaş deyir.

Təhliçi sual edir ki, əgər Türkiyə Afrini "terrorçulardan təmizləmək" hədəsini icra etmək istəsə, bu o deməkdirmi ki, ruslar bu hərəkətə xeyir-dua veriblər? Yoxsa Türkiyə Rusiya və ABŞ-ın iradəsinə qarşı getməyi düşünür? Bizim bu suallara cavablarımız yoxdur".

Aydıntaşbaş bu qənaətdədir ki, Erdoğanın hədələri ABŞ-ı bu məsələdə tərəddüd etdirə bilər.

Lakin Ankarada mənzillənmiş Türkiyə və Rusiya Tədqiqatları Mərkəzindən Aydın Sezer deyib ki, o , Washington-u kürdləri dəstəkləməkdən əl çəkməyə məcbur etməyin baş tutacağına inanmır.

Belə olduqda ABŞ-ın kürdlərə dəstək verməsi iki ölkə arsındakı qarşıdurmanı daha da gücləndirəcək. Bu vəziyyət Erdoğanı çəkindirmir, çünki onun Amerikaya hərbə-zorba gəlməsi, ona Türkiyə daxilində dəstəyi gücləndirmiş olur.

"Türkiyə və ABŞ arasında bu saat münasibətlərin yaxşı olduğu heç bir sahə yoxdur, - Aydın Sezer bildirir, - Radikallar ümumiyyətlə ABŞ-la diplomatik münasibətlərin kəsilməsinə çağırırlar, yəni bu dərəcyə qədər. Amma Erdoğan bu sayaq təzyiqdən xoşlanır".

Fotonun müəllifi İSTOCK
Image caption Asqırarkən ağızı bağlamaq təhlükəli ola bilər

Asqırmanın qarşısını almaq niyə təhlükəlidir?

"The Telegraph" qəzeti yazır ki, qatarda gedərkən asqırmanı burnunuzu sıxmaqla saxlamaq istəməyiniz və ya ağzınızı tutmağınız başqalarına qarşı ədəbli davranış sayıla bilər, amma həkimlərin xəbərdarlığına görə, belə "ədəblilik" sağlamlığınıza baha otura bilər.

Həkimlər belə sərt xəbərdarlığı bir kişi "burnundakı qeyri-ixtiyari hava partlayışının" qarşısını əli ilə almağa çalışarkən boğazının arxa divarını yırtdıqdan sonra veriblər.

34 yaşlı bu şəxs xəstəxanaya gətirilərkən nə udquna, nə də danışa bilirdi. Onun barmaqları ilə burun pərlərini sıxaraq asqırtını saxlamağa çalışması belə ağır nəticə verib.

Həkimlər onu müayinə edərkən həm də boğazından döş qəfəsinədək uzanan məsafədə xırıltıya bənzər səslər eşidiblər.

Rentgen nəticələrindən məlum olub ki, onun saxladığı hava axını tərsinə hərəkət edərək daxili əzələlərin divarlarına dirənib.

İngiltərədəki Leicester Universitetləri Xəstəxanasının qulaq, burun, boğaz mütəxəssisləri sözü gedən şəxsin xəstəlik tarixçəsini BMJ jurnalında dərc ediblər.

Onlar bu qərara gəliblər ki, asqırmanın güclə dayandırılması "çoxsaylı fəsadlara", hətta ölümcül beyin anevrizminə səbəb ola bilər.

"Asqırmanın qarşısını burun dəliklərini və ağızı bloklamaqla saxlamaq çox təhlükəli manevrdir və bundan çəkinmək lazımdır, - tədqiqatı aparan professor Wanding Yang deyib, - Bu bir sıra fəsadlara, məsələn pnevmomediastinum (iki ağ ciyər arasında hava qalması), qulaq pərdəsinin yırtılması və hətta beyin anevrizmi (beyindəki qan damarlarının şişməsi) kimi hallara səbəb ola bilər".

Həkimlər deyirlər ki, xəstəxanaya gətirilmiş cavan kişinin vəziyyəti Burhave sindromundakı vəziyyətə bənzəyirdi. Burhave və ya qida borusunun yırtılması adətən intensiv qusma hallarında baş verir. Lakin bu xəstədə yırtılma boğazın yuxarı hissəsində, dilin arxasındakı udlaqda baş vermişdi.

Amerika alimlərinin hesablamalarına görə, asqırtı saatda 320 kilometr sürətlə hərəkət edən çox güclü hava axınıdır. Belə axın qırıntıları 7 metr məsafəyə ata bilir.

"The Telegraph" yazır ki, həkimlər indiyədək asqırmanı saxlayan adamlarda qulaq pərdəsinin yırtılması, gözün qan damarlarının partlaması, üz sinirlərinin zədələnməsi və hətta qabırğanın sınması kimi nəticələri müşahidə ediblər.

Həkimlər deyirlər ki, elmi dildə adı sternutasiya olan asqırmanın öz mənası və funksiyası var.

Bu potensial baxımdan ziyanlı zərrəcik və ya mikroorqanizmlərin bədəndən təbii yolla çıxarılması vasitəsidir. Başqa sözlərlə, travmaları bir yana qalsın, asqırmanı saxlamaqla siz özünüzü təhlükəli bakteriyalar qarşısında tərksilah edirsiniz.

Bizim bu xəstəxanaya düşən dostumuza gəlincə isə, narahat olmayın. Onu xəstəxanada bir-iki gün boru ilə yedirib-içiriblər və venadaxili antibiotik iynələri vurublar. Bir həftədən sonra şiş və ağrı bir qədər çəkilib və onu evə buraxıblar.

Hə, bir də bərk-bərk tapşırıblar ki, asqırmanın qarşısını almasın.

Bu da başa düşüləndir ki, çoxumuz bəzi yerlərdə bərkdən asqırmaq istəmirik. Belə hallarda burnunuzu və ya üst dodağınızdan yuxarını ovuşdurun, dərindən nəfəs alın. Bu adətən asqırmanın baş verməməsini təmin edir.

Amma bu da kömək etməyəndə, asqırın. Riskə getməyə dəyməz.

Bu barədə daha geniş