Müdafiə Sənayesi Nazirliyi "Radiozavod" yanğını barədə: "Hadisənin səbəbləri naməlumdur"

yanğın Fotonun müəllifi APA

Çərşənbə axşamı axşam saatlarında baş verən yanğının səbəbləri hələ məlum deyil, Müdafiə Sənayesi Nazirliyi (MSN) açıqlama yayıb.

Qurum bildirir ki, hadisə "Üfüq" İstehsalat Birliyinin "Radioquraşdırma" zavodunun əsas istehsalat binalarından kənarda yerləşən 120 kvadratmetrlik yardımçı təsərrüfat sahəsində baş verib.

Nazirlik hadisə zamanı xəsarət alanın olmadığını vurğulayıb.

"Məlumat üçün bildiririk ki, yardımçı sahədə elektrik enerjisi və qazdan istifadə olunmur", MSN əlavə edib.

Radiozavod ətrafında yaşayan sakinlər BBC Azərbaycana bildiriblər ki, təxminən saat 8-ə işləmiş partlayış səsləri eşidiblər, ardınca tüstü müşahidə olunub.

Fövqəladə Hallar Nazirliyi (FHN) yerli əhali arasında "Radiozavod" kimi tanınan müəssisədə partlayışın pirotexniki məhsulların saxlandığı anbarda baş verdiyini bildirib.

Əraziyə FHN-nin yanğınsöndürənləri və təcili tibbi yardım briqadaları cəlb olunub və yanğın saat 20:08-də söndürülüb.

Nazirlik hadisə nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmadığını bildirir.

"Ətraf ərazilərə təhlükə yoxdur" deyə FHN vurğulayır.

Bundan əvvəl, 2016-cı ildə Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinə məxsus olan başqa bir zavod da partlayış baş verib.

O vaxtki partlayışda iki nəfər həyatını itirmişdi və hadisə ilə bağlı cinayət işi başlanmışdı.

Bu barədə daha geniş