MSK: Fevralın 27-dən seçkiyə start verilir

seçki, prezident seçkiləri, təbliğat
Image caption Mərkəzi Seçki Komissiyası

Prezidentliyə namizədin qeydə alınması üçün lazım olan sənədlər Mərkəzi Seçki Komissiyasına fevralın 27-dən martın 12-dək olan müddətdə təqdim oluna bilər, MSK bu barədə qərar verib.

BBC Azərbaycancanın MSK-nın iclasına qatılan müxbiri xəbər verir ki, sənədlər seçki qurumuna səsvermə gününə ən çox 50 gün, ən azı 30 gün qalanadək təqdim olunmalıdır.

MSK-nın qərarına əsasən, Azərbaycanın bütün ərazisində seçkilərin müşahidəsinin aparılması üçün ərizələr MSK-ya seçkilərin keçirilməsinə 10 gün qalana qədər, yəni aprel ayının 1-dək təqdim edilməlidir.

Seçki dairəsi ərazisində müşahidələrin aparılmasına dair ərizələr isə seçkilərə 5 gün qalanadək, yəni aprelin 6-dək dairə seçki komissiyalarına verilə bilər.

MSK bildirir ki, seçici siyahılarında əlavə və dəqiqləşdirmələrin aparılması isə martın 7-ə qədər davam edəcək.

Prezidentliyə namizədlərin seçkiqabağı təşviqatına ayrılan vaxt isə səsvermə gününə 23 gün qalmış başlamalı və səsvermənin başlamasına 24 saat qalmış dayandırılmalı yəni, aprelin 10-u saat 8.00-da başa çatmalıdır.

Image caption Məzahir Pənahov: "sosial şəbəkələr idarəolunmaz amilə çevrilib"

Məzahir Pənahov:"Sosial şəbəkələr idarəolunmaz amilə çevrilib"

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib ki, namizədlər qeydə alınandan sonra təşviqat müddəti başlayana qədər təşviqat qadağandır.

Məzahir Pənahov deyib ki, "sosial şəbəkələr idarəolunmaz amilə çevrilib. Bəzən kimsə hansısa namizədi tənqid edir, bunun özü də təşviqat sayılır. MSK, seçki komissiyaları bu hallarda pis vəziyyətdə qalır".

Seçki orqanının sədri bildirir ki, indiyə qədər sosial şəbəkədə təşviqata görə MSK hansısa namizədin namizədliyini ləğv etməyib.

O əlavə edib ki, "beynəlxalq təşkilatların nümayəndələri ilə bu halda məsləhətləşib namizədlə bağlı addım atacaqlar".

Bu barədə daha geniş