Avropa İnvestisiya Bankı Azərbaycandan Avropaya qaz gətirəcək layihəyə birdəfəlik rekord məbləğ ayırıb

Trans Adriatik Borusunun tikintisinə artıq Albaniyada start verilib, lakin tikintinin davam edilməsi layihənin maliyyələşməsindən asılıdır Fotonun müəllifi Getty Images
Image caption Trans Adriatik Borusunun tikintisinə artıq Albaniyada start verilib, lakin tikintinin davam edilməsi layihənin maliyyələşməsindən asılıdır

Çərşənbə axşamı günü Avropa İnvestisiya Bankının (EIB) idarə heyəti Cənub Qaz Dəhlizinin tərkibindəki Trans Adriatik qaz kəməri (TAP) layihəsinə 1.5 milyard avro məbləğində pul ayırmağa qərar verib.

Bu məbləğ bankın tarixində bir enerji layihəsi üçün birdəfəlik ayrılan ən böyük məbləğdir.

Bankın sözçüsü BBC Azərbaycancaya müsahibəsində layihənin mürəkkəb, böyük olduğunu və idarə heyətinin razılığının şərti niyyətdə olduğunu qeyd edib.

Azərbaycanın Xarici İşlər Nazirliyi EİB-nin qərarının müsbət qarşılayıb. XİN sözçüsü layihənin Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyinin təminatında böyük rolu olduğunu və Azərbaycanla Aİ-nin strateji əməkdaşlıq çərçivəsində bütün məsələlərin müzakirə olunduğunu qeyd edib.

Trans Adriatik qaz kəməri Cənub Qaz Dəhlizinin qərbi hissəsini təşkil edir və Türkiyədən başlayaraq, Yunanıstan və Albaniyanı keçib İtaliyaya çatacaq. Dəhlizin digər hissəsi, Trans Anadolu qaz kəməri Gürcüstan vasitəsilə Azərbaycan Şah Dəniz yatağından Türkiyəyə qaz gətirəcək.


Həmçinin oxuyun:


Tarixi məbləğ

EIB-nin TAP üçün ayırdığı pul bankın tarixində bir enerji layihəsi üçün birdəfəlik ayrılan ən böyük məbləğdir və Cənub Qaz Dəhlizinin Aİ üçün strateji əhəmiyyətinin göstəricisidir.

İki ildir ki, bank tərəfindən nəzərdən keçirilən layihə üzrə qərarın keçən ilin dekabr ayında verilməsi nəzərdə tutulmuşdu.

Lakin o vaxtı Bankın idarə heyəti, layihəni daha diqqətlə nəzərdən keçirmək lazım olduğu üçün yekun qərarı təxirə salmışdı.

Bankın mətbuatla əlaqələr şöbəsindən Richard Willis BBC Azərbaycanca bildirib ki, bankın idarə heyətinin üzvləri müxtəlif Avropa ölkələrindən gəldikləri üçün qərarlara ayrılan vaxt az və müzakirə olunası layihələr çox mürəkkəb idi.

"O günü layihələrin təsdiqlənməsi saat günorta 3-dən sonra başladı və TAP da daxil olmaqla, bir neçə layihə üzrə razılıqların verilməsi təxirə salınmalı oldu. Onlar belə böyük və mürəkkəb layihə barədə qərarlarını tələsdirmək istəmirdilər", o deyib.

TAP layihəsinin 4,5 milyard avro məbləğində olacağı ehtimal olunur və EIB-nin ayırdığı pul ümumi məbləğin üçdə birini təşkil edəcək.

Bununla yanaşı, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) da TAP üçün 500 milyon avro məbləğində pulun ayrılmasının müzakirə edir.

Keçən ilin oktyabr ayında EBRD Cənub Qaz Dəhlizinin digər hissəsi olan TANAP (Trans Anadolu Borusu) üçün 500 milyon ABŞ dolları ayırıb.

Fotonun müəllifi Getty Images
Image caption Avropa İnvestisiya Bankının hazırki prezidenti Werner Hoyer-dir

Ətraf mühit və digər şikayətlər

Bankın qərarı birmənalı qarşılanmayıb. Bir çox QHT və təşkilatların fəalları layihədən şikayətlənərək onun Paris İqlim Müqaviləsinin hədəfləri ilə üst-üstə düşmədiyini iddia edirlər.

Lakin eyni gündə EIB Gürcüstanda bir hidroenerji stansiyası daxil olmaqla, bir neçə bərpa olunan enerji layihələri və yaşıl enerji layihələri üçün də milyardlarla avro pul ayırıb.

İnsan haqları və geosiyasi məsələlər

EIB-nin sözçüsü Azərbaycanda insan haqları barədə QHT-lər tərəfindən təqdim olunan şikayətlərin də nəzərdən keçirildiyini və buna Aİ tərəfindən diqqət verildiyini qeyd edib.

O, Avropa Komissiyası və Avropa Xarici Fəaliyyət Xidmətinin Azərbaycanla insan haqları və digər geosiyasi məsələləri müzakirə etməyə davam etdiyini vurğulayaraq, bankın da layihənin yekunlaşmasına qədər qiymətləndirməyə davam edəcəyini qeyd edib.

BBC Azərbaycancaya verdiyi müsahibəsində, Azərbaycan XİN-nin sözçüsü Hikmət Hacıyev bankın qərarını alqışlayaraq, Cənub Qaz Dəhlizinin Aİ-nin enerji təhlükəsizliyini təmin etməyə kömək edəcəyini deyib.

O, Azərbaycanla Aİ arasında əməkdaşlıq çərçivəsində bütün məsələlərin müzakirə olunduğunu bildirib.

Bu barədə daha geniş