Milli Şura seçkini niyə boykot edir?

Milli Şura Fotonun müəllifi REVAN SEYFULLA
Image caption Foto. Arxiv. 2016-cı il. Milli Şura "Məhsul" stadionunda mitinq edir

Seçki, yoxsa boykot? Bir neçə gündür ki, bəzi müxalifət qüvvələri bu dilemma üzərində baş sındırır.

Hərçənd, qərarını dərhal açıqlayanlar da var. Bəzi müxalifyönümlü siyasi qüvvələri özündə birləşdirən Milli Şura aprelin 11-də nöbvədənkənar seçki keçiriləcəyi sərəncamının mürəkkəbi qurumamış boykot qərarını səsləndirib.

Milli Şuranın aparıcı üzvlərindən Əli Kərimli bunu belə əsaslandırıb ki, ölkədə heç "yarım-demokratik seçkiyə də zəmin" yoxdur.



Namizədini nöbvədənkənar seçki elanından daha əvvəl açıqlayan Müsavat Partiyası isə qərarına yenidən əl gəzdirməli olacaq. Amma boykotmu, iştirakmı, Müsavat yetkililəri qərarı şənbə günü Müsavat Məclisində verəcəklər.

Müsavat başqanı Arif Hacılı deyir ki, Seçki Məcəlləsini müzakirə edərək qanuna hər hansı dəyişiklər təklif etmək imkanı aradan qalxıb. O cümlədən, siyasi tərəfdaşlarla seçki müzakirəsinə də vaxt qalmayıb. Bundan başqa, beynəlxalq müşahidəçilərin seçkini uzunmüddətli müşahidə etmək imkanı aradan qalxıb və belə bir vəziyyət boykotu şərtləndirir.

"Amma Müsavat Partiyası demokratik dəyərlərə söykəndiyindən buna Məclis qərar verəcək, seçkidə iştirakmı edək, ya boykotmu", o əlavə edib.

Image caption 2013-cü il prezident seçkilərində bir çox müxalif partiyanı birləşdirən Milli Şuranın vahid namizədi Cəmil Həsənli idi.

"İştirak daha məqbuldur"

Ötən prezident seçkilərinə öz namizədilə qatılmış "Ümid" partiyası da hələ mövqeyini müəyyənləşdirə bilməyib. Sədr İqbal Ağazadə "boykot" qərarı verənlərin seçiminə hörmət etdiyini deyir, ancaq onu da əlavə edir ki, seçki siyasi partiyaların öz platformasını cəmiyyətə təqdim etməsi üçün fürsətdir.

"Əgər hər kəs ölkədə demokratik dəyişiklər istəyirsə, iştirak daha məqbuldur".

2008-ci ilin prezident seçkisinə namizəd kimi qatılmış Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa boykotun əleyhinədir. Onun fikrincə, siyasi proseslərin iştirakçısısansa, seçkiyə qatılmalısan.

"Qalib də gələ bilərsən, məğlub da ola bilərsən. Adamlar siyasətə mütləq anlayış kimi yanaşırlar, elə bilirlər ki, məğlub oldunsa, dünyanın sonudur", o deyir.

Boykot qərarını verənlərin səsləndirdiyi arqumentlərdən biri budur ki, nəticəsi bəribaşdan bəlli yarışmaya qatılma mənasızdır, "hakimiyyətin seçki oyununda iştirakdan" başqa bir şey deyil.

Fazil Mustafa isə bununla razılaşmır, hesab edir ki, hansısa məqamda "tarazlıq dəyişə bilər, əgər son deyilsə, demək, ümid hələ var".

Image caption Foto. Arxiv

"Küsüb qıraqda dayanmaq"

"Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev boykot qərarını yerində sayır və bunu "seçki yarışı üçün ayrılan vaxtın azlığı" ilə əsaslandırır. O düşünür ki, əgər prezident seçkisi nəzərdə tutulduğu kimi oktyabrda keçirilsəydi, ölkə siyasətində hansısa dəyişiklərə ümid etmək olardı.

Mehman Əliyev deyir ki, oktyabra qədər seçkidə iştirak etmək istəyən partiyaların vaxtı vardı ki, cəmiyyəti öz baxışlarını, siyasi tezisləri ilə tanış etsinlər, Seçki Məcəlləsini müzakirəsini açardılar, ancaq indi bu imkanlar aradan qalxıb.

Mehman ƏIliyev bəzi müxalif qüvvələrin 2008-ci ildəki boykotunu xatırladır, deyir, düzdür, bu boykot seçkinin nəticəsinə bir təsir etmədi, amma "heç olmasa, müxalifət hakimiyyətin oyunun iştirakçısına çevrilmədi".

"Boykot, ya seçkidə iştirakın cəmiyyətə heç bir zərəri olmayacaq, hüquqşünas Erkin Qədirli belə düşünür. O fikrini onunla əsaslandırır ki, "seçkidən kənarda qalmaqla ,ya iştirak etməklə toplum üzərində təsir qazanmaq mümkün deyil".

Ancaq Erkin Qədirlinin fikrincə, boykot özü də bu qərarı verənlərdən fəallıq, təşviqat, resurslar tələb edir.

"Boykot deyib qıraqda dayanmaq, boykotdan çox, küsüb bir kənarda durmağa bənzəyir", o deyir.

Erkin Qədirli belə bir fəal boykot təşviqatı aparmaq üçün qüvvələrin resurslarını yetərli saymadığını da vurğulayır.

"Müxalifətin strateji planı yoxdur"

Keçmiş diplomat, hazırda mühacirətdə yaşayan Nahid Cəfərov üçün də "müxalifətin boykot və ya iştirak qərarının seçki prosesinə və onun nəticəsinə təsir imkanı yoxdur".

O hesab edir ki, "strateji qələbə çalmağın mümkünsüz olduğu bir mühitdə taktiki gediş üzərində" baş sındırmaq müxalifətin strateji səviyyədə heç bir planlarının olmamasından xəbər verir.

"Seçkidə iştirak və ya boykotmu sualını bünövrəsi yanlış götürülmüş binanın bir otağının necə təmir olunması ilə bağlı müzakirəyə bənzətmək olar".

Nahid Cəfərov düşünür ki, müxalifət seçkidə iştirak edəcəyi təqdirdə, "nəticə daha legitim" olacaq. "Boykot olacağı təqdirdə isə alternativ saxta müxalifət boş qalan namizədlərin yerini dolduracaq", o əlavə edir.

Seçkini boykot edərək kənara çəkilməklə müxalifət cəmiyyəti alternativ fikir eşitməkdən məhrum edirmi? Ancaq eyni zamanda, bəzilərinin iddia etdiyi kimi, "artıq nəticəsi məlum oyunda iştirak etməklə saxtakarlığın iştirakçısına çevrilmə" təhlükəsini düşünmək doğru seçimdirmi?

Belə görünür ki, bu suallar hələ bir neçə ay müzakirə mövzusu olacaq.

Bu barədə daha geniş