"Necə yəni rəhmətə gedib, axı söz vermişdi gələcəm?" Valideynlərini erkən itirən gənc aktrisanın hekayəsi

Jalə Hacızadə Fotonun müəllifi Jalə Hacızadə

Jalənin telefonundakı Whatsapp profilində onun uşaqlıq şəkili yerləşdirilib. Orada o, atası və anası ilə birlikdə çəkilib. Şəkilə şərh kimi isə bircə kəlmədən istifadə edib - "Heyf"...

Jalənin cəmi iyirmi yaşı var. O, yeddi yaşında atasını, on iki yaşında isə anasını itirib.

Hərdən mənə elə gəlir ki, mən heç uşaq olmamışam

"Uşaqlıq həyatım çox eniş-yoxuşlu olub. Uşaq yaşlarımdan valideynlərimin hər ikisini itirmişəm. Anam rəhmətə gedəndən sonra xalamın himayəsində böyümüşəm. Valideynlərimin hər ikisi ayrı-ayrı illərdə xərçəng xəstəliyindən vəfat ediblər. Uşaqlıq xatirələrim bir o qədərdə çox olmayıb. Hərdən mənə elə gəlir ki, mən heç uşaq olmamışam.

Atam rəhmətə gedəndə uşaq idim, amma yenə də nələrisə anlayırdım, yaşım bir o qədər də az deyildi, ikinci sinfə təzə keçmişdim. Atama bağlı idim.

Yadımdadır, atam dənizdə işləyirdi, bir həftə evdə, bir həftə işdə olurdu. Atam işdə olanda mən baxçaya gedirdim; o ki atam dənizdən qayıdırdı, mən bir həftə atamla bərabər evdə otururdum, bağçaya getmirdim.

Necə yəni rəhmətə gedib, axı söz vermişdi gələcəm?

Atam rəhmətə gedəndə, birinci sinfi bitirmişdim. Yay idi, atam xarici ölkəyə əməliyyata getməli idi. O, gedəndə, mənlə sağollaşmaq istədi.

Qaçıb divana çıxdım ki, boyum onun boyuna çatsın, boynunu bərk qucaqladım, dedim ki, get, tez gəl, gedək mənə məktəb üçün çanta, dəftər-kitab alaq.

O da məni qucaqlayıb dedi: "Gələcəm, narahat olma!" Amma bir neçə gündən sora mənə dedilər ki, bəs atan rəhmətə gedib.

Sözün düzü, öncə anlamadım: "Necə yəni rəhmətə gedib, axı söz vermişdi gələcəm?" Nə isə, beləcə axırıncı dəfə atamı qucaqlayıb-öpüb yola salmışdım, amma geri qayıtmamışdı.

Elə bil bu hadisə mənim həyatımda bir böyük iz buraxdı. Həmişə atamla maşında nənəmgilə gedərdik, ikimiz söhbət edərdik. Və bu insan bir anda həyatımdan yoxa çıxdı.

Atamın ölümündən sonra...

Atamın ölümündən sonra anama daha çox bağlanmışdım, hər yana anamla gedirdim, hər işi onunla edirdim. Uşaqlıqdan jurnalist olmaq istəmişəm; anam yemək bişirəndə, televizorun pultunu əlimə alıb ondan "Bu yeməklərə nə qatacaqsınız?" falan deyə sorğu-sual edirdim. O da mənimlə uşaq kimi oynayırdı.

Elə çox vaxt keçmədi ki, anam da xəstə oldu. Uzun müddət müalicələr aldı, amma düzəlmədi. Vəziyyəti ağırlaşmışdı, xəstəxanaya apardılar.

Bir neçə saat keçdi, anamın ölüm xəbəri gəldi. Elə bil ki dünyam başıma dağıldı, bir anda böyümüşdüm. Hələ atasızlığın acısını yaşadığım vaxtda anamı da itirdim, bu, mənə ikiqat zərbə vurdu.

"Anam yox, atam yox" fikirləşəndə dəli olurdum. "Axı mən anamsız nə edəcəm?" - fikirləşirdim.

Anamı da itirəndən sonra xalam məni öz himayəsinə götürdü, onunla yaşamağa başladım. Xalam mənə yaxşı baxırdı. İşini-gücünü atıb, mənimlə məşğul olurdu, elə indi də bütün günü nazımı çəkir.

Universitetdən gəlirəm, yemək hazır, hər bir işi görüb, evdə demək olar ki, qoymur əlimi ağdan-qaraya vurum. Hərdən dərsim az olanda, mən də çalışıram ona işlərində kömək edim.

Uşaqlıqda çox ərköyün olmuşam. Məhəllədə qızlar yığışıb oynayanda, onlara qatılmırdım, gedib oğlanlarla futbol oynayırdım, məhəllədəki davalara da qatılırdım.

Anam təzə rəhmətə getmişdi, xalam, başım qarışsın deyə mənə velosiped almışdı. Amma sürəndə yıxılmışdım, qolumu sındırdım, ondan sonra artıq velosipedə minməyə qorxdum.

Jalə Hacızadə Fotonun müəllifi Jalə Hacızadə

Aktyorluğa həvəs, mentalitet və stereotiplər

Həyatım davam edirdi, məktəbə gedirdim, əlaçı olmasam da, yaxşı oxumağa çalışırdım. On birinci sinifdə jurnalistika fakultəsinə daxil olmaq üçün hazırlığa başladım.

Təəssüf ki, maddi vəziyyətimiz çətin idi. Sağ olsunlar, bəzi müəllimlər vəziyyətimi bilərkən ödənişsiz dərs dedilər, amma bir-iki fənnlə iş bitmirdi. Arzusunda olduğum fakultənin ardınca gedə bilmədim.

Fikirləşdim ki, aktyor sənətini seçsəm, burada bacarıqlarımı daha yaxşı göstərə bilərəm. İmtahanlara iki-üç ay qalmış xalam qızına dedim ki, hazılaşıb imtahan vermək istəyirəm. Əvvəl o, razı olmadı: "Yox e, sən hara, aktyorluq hara! Özün bilirsən, evdəkilər də razı olmayacaqlar". Amma sonra mənə dəstək oldu. Amma dəstək olanların sayı az idi. Digər yaxın qohumlarımızdan çoxu istəyimin əleyhinə idi".

Mentalitetin ucbatından aktrisalara stereotip münasibət olduğuna görə Jaləni aktrisa görmək istəmirdilər: "Bizim nəsildə-kökdə aktrisa olmayıb. Bu, qız sənəti deyil, ayıbdır". Jalə nümunəvi ailə həyatı ilə dillərdə olan aktrisaları misal göstərərək onların mövqelərini dəyişməyə çalışırıb.

Fikrimdən dönməyəcəyimi görəndə, xalam qızı məni xalq artistimiz Şamil müəllim Süleymanlı ilə tanış etdi. Özü onunla iştirak etdiyi verilişdə tanış olmuşdu. Onun mənə dəstəyi, bir hacı kimi əlimdən tutmağı, xeyir-dua verməyi məni bu gün buralara gətirdi.

Şamil müəllimlə elə xalam qızı gildə görüşdük. Bir az mənimlə söhbət etdi, məşğul oldu. Dedi: "Narahat olma!"

O, məni İncəsənət Universitetindəki pedaqoqlarla tanış etdirdi və məni onlara öz balası kimi tanıtdı. Gülşad Baxşıyeva, Azad Şükürov, Gülsabah Quliyeva, Qəmər xanım kimi pedaqoqlar mənimlə məşqul oldular."

Qohumlar əl-ələ verib dəstək olsalar belə, ana-atanın dəstəyi fərqli bir varlıq kimi qəbul edən Jalə, özünü çox sıxılmış hiss edirmiş.

Hərdən bir "Qorxma, mən yanındayam!" kəlməsi bir gəncə çox böyük dəstək və dayaq verir.

Aya ola bilsin ki, on beş-iyirmi kitab oxuyurdum

"Heç vaxt bu sahə ilə məşğul olmadığım üçün məni nə gözləyəcəyini bilmirdim. Seçdiyim sənət haqqında ümumi təsvirim var idi, amma hər-halda insan istər-istəməz həyəcan içində olur. İmtahanlarım adi test imtahanından və qabiliyyət imtahanından ibarət idi. Biz ixtisas imtahanları üzrə beşinci qrupa aid idik."

İlk uğursuzluqdan ümidini itirməyən Jalə daha çox çalışdı. "Gündə kitabxanaya gedirdim, aya ola bilsin ki, 15-20 kitab oxuyurdum. Sonra isə məzmununu xalam qızına danışırdım. "Bundan nə nəticə çıxartdın, nə dərk etdin?" - məndən soruşurdu.

Test imtahanlarına il ərzində özüm hazırlaşdım və nəticədə yüksək bal yığdım. Bir həftə ərzində Azərbaycanın əməkdar aktrisası Qəmər xanım Məmmədova məni qabiliyyət imtahanına hazırlaşdırdı. Əslində, onun yanına tələbələr hazırlıq üçün imtahandan altı ay öncədən gəldiyinə görə, mənim lazımi səviyyədə hazırlaşa biləcəyimə özü də inanmırdı. Bu müddət ərzində mən monoloq, şer, etüd, hekayə, təmsil üzrə hazırlaşmalı idim. Bu, hədsiz dərəcədə çətin idi.

İmtahanda komissiya sədri kimi Şəfiqə xanım Məmmədova oturmuşdu. O, məni çox bəyəndi.

Mən içəri daxil olan kimi, "Aha! Mən istədiyim səhnəyə yaraşan bir kəs, istədiyim tələbə tipi gəlir!" dedi. Stresdə olduğum üçün onun nə dediyini tam dərəcədə anlamırdım. Amma onun imtahanından səkkiz bal nəticəsi ilə keçdim və bir neçə il arzusunda olduğum universitetə qəbul oldum.

İmtahan zamanı mən etüd göstərməli idim- əşyalarla bilavasitə canlı təmasda olmadan, xəyalda onları təsvir etməli idik. Məsələn, masadan olmayan "stəkanı" götürmək, ondan bir az "su" içmək, həm də elə ki, stəkanın təxmini ölçüsünü tutmaq, barmağla dodaq arasında məsafə olmalıdır.

Mənim tapşırığım "paltar tikmək" idi. Hələ evdə imtahana hazırlaşanda yastığı əlimə alıb, "tikməyə" başlayırdım. Xalam deyirdi: "Sən neynirsən?" Deyirdim: "Görmürsən, tikirəm!". Xala zarafatcasına ah edirdi: "Hə, görəcəyim günlər var!" Hərdən bir kömək edirdi: "Bunu buradan yox, bax, buradan tikmək lazımdır". Xalam qızı ilə də daimi məsləhətləşirdim: "Bu şeiri düzmü danışıram?" Hərdən tərifləyirdilər, hərdən nə cür daha yaxşı oxumağa istiqamətləndirirdilər.

Universitet həyatım digər universitetlərdəkilərdən çox fərqlənir. İlk günlər mənə çox qəribə gəlirdi. Əvvəl dedilər ki, "gedin, forma alın". Təəccübləndim, axı universitetdə nə forma olar? Başa saldılar ki, dərslərimiz əsasən hərəkətlə bağlı olacaq. Elə də alındı, bütün gün oxuyub, rəqs edirik. Mühazirələrimiz az olur, əsasən səhnəyə aid fənlər keçirik.

Mən musiqili teatr aktyorluğu fakultəsində oxuyuram. Bütün səhnələr, dərslər musiqilidir. Bütün hərəkətləri müsiqinin ritminə uyğunlaşdırmalıyıq. Dram fakultəsindən fərqimiz budur. Vokal, solfecio keçirik.

Jalə Hacızadə Fotonun müəllifi Jalə Hacızadə

Düzgün yıxılmaq bacarığı

Adi insana görünməyən aktyorluq qabiliyyətinin sirləri də var. Məsələn, səhnədə düzgün yıxılmaq bacarığı.

"Təsəvvür edin ki, sizə güllə vurulur, elə yıxılmalısan ki, əzilməyəsən, zədə almayasan. Əvvəl yerə dizlər dəyir, sinə dəyir, sonra çiyin, sonda isə baş. Bu, üzü üstə yıxılan zaman.

Elə də olur ki, səni itələyirlər və sən yana yıxılmalısan. O zaman da əvvəl yerə oturursan, sonra kürək dəyir və yenə də baş zədə almamaq üçün sonda.

İlk dəfə mənə deyəndə ki: "Yıxıl yerə!", qorxmuşdum. "Mən yıxıla bilmirəm, mən qorxuram!" - deyirdim.

Hətta stulun üstünə qalxmışdım. Düzdür, yerə döşəkcələr sərilmişdi, amma ilk dəfə hamımız qorxurdu. Bir-iki dəfə əzildik, qol-baş göyərdi, ondan sonra öyrəşdik, hərəkət qaydalarını tutduq.

Səhnə arxasında həyəcan, stress içində oluruq. Düşünürsən: "Mən indi səhnəyə çıxmalıyam və çıxsam, geri yol yoxdur, sıfırdan başlaya bilmərəm."

Bacardığın qədər həyəcanı boğub saxlamaq lazımdır ki, tamaşaçı bunu duymasın. Səhnədə "proqonlarda" (tamaşadan öncə məşqdə) donub qalırıq, amma tamaşada artıq hamı özünü toplamağa çalışır.

Səhnə və səhnəarxası həyat

Hərdən başqa universitetlərdə oxuyan dostlarıma mən aktyorluq fakultəsində oxuduğumu deyəndə, təəccüblənirlər: "Necə bacarırsan? Axı bu, çox çətindir?" Amma mən bacardığımı edirəm və özümü tam yerimdə hiss edirəm.

Ən çətini tamaşadakı sözlərin tam əzbəridir, sözlərdə çaşmamaqdır. Müəllimlər də bizə kömək edir. Suflyora icazə yoxdur. Kefindən, səhhətindən asılı olmayaraq səhnədə oynamağı bacarmalısan, bu, mütləqdir.

Bu vaxta kimi oynadığım cəmi bir tamaşam olub. Orada üç obraz göstərmişdim və mənə ən yaxını olan Ziba xanımın obrazı idi (söhbət Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komdiyasından gedir).

Dəfələrlə oynayardım onu. Ziba xanım vəzirin birinci xanımıdır. Özünü ərinə daha çox istətmək üçün, ikinci xanıma acıq verməyə çalışırdı, onu incidirdi, vəzirlə ikinci sevgilisinin arasını vurmağa çalışırdı. Sonda Ziba xanım vəzir tərəfindən döyülür və vəzir onu atıb, ikinci sevgili xanımı ilə qalır.

Düzdür, özüm həyatda ara vuran deyiləm, amma o obrazı çox sevdim. Mənə bu hərəkətli obraz qəribə gəlirdi və xoş idi. Bizim üçün bütün obrazlar hələ ki, tələbə olduğumuza görə, öz seçimimiz yox, müəllimin seçimi olur. Müəllimlər obrazları elə bölməyə çalışırlar ki, biz onu gələcəkdə də səhnədə oynaya bilək.

Milli geyim rahatdır, amma...

Jalə Hacızadə Fotonun müəllifi Jalə Hacızadə

Tamaşada milli geyimdə çıxış etməli idim. Geyim rahatdır, amma çox uzun və ağırdır, yerimək çətin idi. Hərəkətlərimiz çox olduğuna görə - biz səhnədə rəqs edir, qaçır, yıxılırdıq və bu geyimdə bütün hərəkətləri etmək bəzən narahat olur.

Məşqlərdə də, əsas tamaşaya öyrəşmək üçün həmin paltarları geyinməli idik. Hətta hündür ayaqqabılardan imtina etdik, paltarımızın ətəyi altında qalırdı.

Bunlara baxmayaraq, səhnəyə çıxmağı planlaşdıranda, həmin paltarı iki dəqiqə ərzində geyinməyi və səhnəyə çıxmağı bacarmalı idik. Paltarlar düymə ilə yox, qarmaqla bağlanırlar, sıra ilə bir-birimizin arxasında düzülürdük, hərəmiz qarşısındakının paltarını düymələyirdi.

Ümumiyyətlə, tamaşa zamanı səhnə arxası dəhşət olur, aləm bir-birinə qatışır. Bir tamaşa ərzində obrazlar dəyişdiyinə görə öncədən hazırlaşmaq mümkün deyildi.

Obraz vəzirin birinci xanımı olduğuna görə lap çox bəzənmişdim - sırğa, qolbaq, boyunbağım da var idi. Rəqs edəndə qolbaqlarımın səsi fikirlərimi yayındırırdı.

Hələ ki, oynamağı arzuladığım obraz yoxdur. Özüm teatrlara çox gedirəm. AzDramada "Ölülər" tamaşasına baxdım, "Almaza" baxdım, çox maraqlı idi. Hərdən aktyorlarının oyununu müşahidə edərkən, özümü də həmin səhnədə təsvir edirəm: "Mən bu rolu belə yox, belə oynayardım" və ya "Daha yaxşı yarada bilərdim". Özünü tamaşaçıların arasında görmək çox gözəl hissdir.

Adətən klassik əsərləri yeni üslubda müasirləşdirib tamaşa hazırlayırlar. Düzdür, elə olur ki, klassik tamaşalar daha maraqlıdır, amma yeniləşmiş şəkildə tamaşaçılara, indiki düşüncəyə daha uyğun olur.

Özüm də gələcəkdə universitetdə müəllim qalıb çalışmaq istəyərdim. Özümü həm də teatrın səhnəsində də görürəm. Çox vaxt gənc aktyorlar kinolara, seriallara da üz tutur. Mən canlı səhnəyə üstünlük verirəm. Kino kadrlarla çəkilir, montaj və dublyaj olunur - bu, mənə süni gəlir".

Həyatın gözünə dik baxıram

Məncə insanın anası, atası olmaya bilər. Ancaq buna baxmayaraq, mübariz olmaq lazımdı. Hərdən fikirləşirəm ki, ana-ata insana hər zaman lazımdı, nəinki uşaq vaxtı, qocalıqda da. Amma olmayanda olmur, bu da mənim qismətim idi ki, belə gətirib, atamı-anamı itirdim.

Çalışdığım qədər həyatın gözünə dik baxıram, yaşım az ola bilər, amma heç vaxt istəmərəm ki, mənim çəkdiyim acıları bir başqası çəksin.

Düzdür, minlərlə insan kimsəsizdir, hərdən onları fikirləşib deyirəm: "Mən nədən narazı ola bilərəm ki? Həyatda istədiklərimin ardıyca gedib əldə edirəm, sevdiyim insanlar mənim əhatəmdədi, sevdiyim sənət üzrə təhsil alıram, insan nankor olmamalıdı. Düzdür, ana-atasız böyümək ağrı verir, uşaq yaşlarında itirəndə, daha çox ürəyi göynədir.

Elə vaxt olur ki insanlara hayqıraraq demək istəyirəm ki, insan anasız-atasız ola bilər, dəstəksiz ola bilər, bu, o demək deyil ki, sən həyatdan əl çəkməlisən, "onlar yoxdur, mən də yoxam" deyə bir anlam olmamalıdır. Yaşım az olsa da, həyatdakı sınaqlarım mənə hayata necə yanaşmağı öyrədir."

.

Bu barədə daha geniş