Bayıl sürüşməsi: "Hər ailəyə 150-350 manat kirayə pulu veriləcək"

Bayıl

Bayıl sürüşməsi nəticəsində evlərindən çıxmağa məcbur qalan sakinlər ailə üzvlərinin sayından asılı olaraq 150-350 manat müvəqqəti kirayə pulu alacaq.

Bu haqda məlumatı BBC Azərbaycancaya Səbail rayon Fövqəladə Hallar Komissiyasının sədri Abid Əliyev verib.

Onun sözlərinə görə, sakinlərə ailə üzvlərinin sayına uyğun olaraq ödəniş ediləcək.

"Sakinlər ailə üzvlərinin sayına görə müxtəlif kateqoriyalara bölünüb. Kirayə haqqı da bu kateqoriyalar üzrə hesablanacaq. Bununla bağlı son məlumat gələn həftənin əvvəli məlum olacaq.

Fevralın 10-da baş verən son sürüşmə zamanı dörd ev tam, bir ev qismən dağılıb. Sürüşmə sahəsində 30 metr uzunluğunda, 12 metr dərinliyində çatlar yaranıb.

Abid Əliyev bildirir ki, hazırda sürüşmə ərazisindəki evlərin vəziyyəti qiymətləndirilir.

"Mütəxəssislərin yoxlamalarından sonra təhlükəsiz zonada olan sakinlər evlərinə qayıdacaq, təhlükəli zonadakı sakinlərə isə ev almaq üçün təzminat ödəniləcək", - Abid Əliyev deyir.

O, ərazidə artıq dörd evin dağıldığını, ikisinin isə yararsız hala düşdüyünü söyləyir.

Doqquz baş külfəti hara yerləşdirim?..

BBC Azərbaycancaya danışan sakinlər isə kirayə haqqı məbləğindən razı olmadıqlarını qeyd edib. Onlar hesab edirlər ki, təklif olunan məbləğə normal kirayə ev tapmaq mümkün deyil.

"Bu pulla doqquz baş külfəti hara yerləşdirim?", bir sakin BBC Azərbaycancaya deyib.

Nazirlər Kabineti Bayıl sürüşmə zonasında evi olan sakinlərin kirayə mənzillərə köçürülməsi ilə bağlı qərar qəbul edib. Bu haqda Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli APA-ya bildirib.

Amma sakinlərə ödəniləcək vəsaitin ümumi məbləği haqqında məlumat verilməyib.

Bu barədə daha geniş