Prezident seçkiləri: daha 7 namizəd qeydiyyatdan keçirilib

seçki, prezident seçkiləri, təbliğat
Image caption Mərkəzi Seçki Komissiyası

Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 11-nə təyin edilmiş prezident seçkilərində namizədlərin irəli sürülməsi ilə bağlı məsələyə baxaraq, daha 7 namizədi qeydiyyatdan keçirib, MSK-nın saytında bildirilir.

Daha bir nəfərin namizədliyinin təsdiq olunması məsələsinə MSK-nın növbəti iclasında baxılacaq, Məzahir Pənahova istinad edən APA agentliyi xəbər verir.

MSK sədrinə əsasən qeydiyyatdan keçmiş 12 nəfərdən 7-sinin namizədliyi siyasi partiyalardan, birinin namizədliyi təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Daha 4 nəfər namizədliyini fərdi qaydada irəli sürüb. Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən prezident İlham Əliyevin namizədliyi fevralın 14-də təsdiq olunub.


Şənbə günü namizədliklərin irəli sürülməsi ilə bağlı MSK iclası Məzahir Pənahovun sədrliyi ilə keçirilib.

"Komissiya üzvlərinin müzakirəsindən sonra namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Müzəffər oğlu Həsənquliyevin, namizədliyi özü tərəfindən irəli sürülmüş Asif Rasim oğlu Məmmədovun, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülmüş Fərəc İbrahim oğlu Quliyevin, namizədliyi seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülmüş Razi Qulaməli oğlu Nurullayevin, namizədliyi özü tərəfindən irəli sürülmüş Elşən Şirzad oğlu Həsənovun, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülmüş Araz Məmməd Mübariz oğlu Əlizadənin və namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülmüş Hafiz Ələmdar oğlu Hacıyevin namizədliyinin irəli sürülməsi təsdiq olunub", - MSK-nın rəsmi saytında məlumat verilir.


Bu ilin payızında keçiriləcəyi gözlənilən seçkilər, prezident İlham Əliyevin qərarı ilə ertələnərək 11 aprelə təyin olunub.

Milli Şura da daxil bir neçə müxalif siyasi qurum seçkilərin ertələnməsi barədə qərarı tənqid edərək səsverməni boykot edəcəyini bildirir.

Hakimiyyət erkən seçki qərarını, o cümlədən ölkədə bir neçə əhəmiyyətli yerli və beynəlxalq tədbirin üst-üstə düşməsi ilə izah edib.

Qanuna görə, rəsmi qeydiyyatdan keçmək üçün ən azı 60 seçki dairəsini əhatə edən 40 min seçicinin imzası tələb olunur. Ərizələrin qəbulu 12 martda başa çatır.

Bu barədə daha geniş