ATƏT Azərbaycanda prezident seçkisini izləyib-izləməyəcəyinə qərar verəcək

Aliyev Fotonun müəllifi AFP/ getty

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) nümayəndələri Azərbaycana gələrək növbədənkənar prezident seçkisini müşahidə edib-etməyəcəklərini qiymətləndirəcəklər.

Qurumun missiyası Bakıya səfəri çərçivəsində siyasi partiyalarla, eləcə də prezidentliyə namizədlərlə görüşəcək. Bunu DTİHB-un sözçüsü Thomas Rymer BBC Azərbaycancaya bildirib.

Onun sözlərinə görə, DTİHB Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı Azərbaycana ehtiyacların qiymətləndirilməsi missiyasının göndərilməsi ilə bağlı qərar verib. Missiya fevralın 21-22-də Bakıda olacaq.

"Bizim büromuzdan üç seçki eksperti və ATƏT PA katibliyinin üzvü Bakıya gedəcək. Onlar hökümət nümayəndələri, siyasi partiyaların namizədləri, vətəndaş cəmiyyətinin üzvləri və mətbuat nümayəndələri ilə görüşəcək", Thomas Rhymer bildirib.

Onlar ölkədəki hazırki vəziyyəti müşahidə edəcək, informasiyalar toplayacaq və prezident seçkilərinin müşahidə edilməsi üçün missiyanın göndərilib-göndərilməyəcəyi və göndərilərsə, onun formatına dair tövsiyələr hazırlayacaq, o deyib.

Azərbaycanda növbədənkənar prezident seçkiləri aprelin 11-də keçiriləcək.

ATƏT DTİHB-nin 2015-ci ildə parlament seçkilərini izləmək üçün Azərbaycana 30 uzunmüddətli və 350 qısamüddətli müşahidəçi göndərmək niyyəti olub.

Amma Azərbaycan Xarici İşlər Nazirliyi "9.5 milyon əhalisi və 125 seçki dairəsi olan Azərbaycana bu qədər müşahidəçi göndərmək istəyinin heç bir məntiqə sığmadığını" bildirib.

Azərbaycanın tətbiq etdiyi məhdudiyyətlərə görə, DTİHB seçkiləri müşahidə etməyəcəyi barədə qərarını açıqlayıb.

ATƏT daha öncə Azərbaycanda 2010-cu il parlament seçkilərini, 2013-cü ildə isə prezident seçkilərini müşahidə edib. ATƏT-in verdiyi bəyanatlar cəmiyyət tərəfindən narazılıqlara səbəb olub.

Bu barədə daha geniş