Azərbaycanda siyasi fəalın qardaşının saxlanıldığı yer məlum olub

siyasi fəal, almaniya, azərbaycan, polis, mülki geyimlilər, təcridxana Fotonun müəllifi Tural Sadıqlı
Image caption Siyasi fəal Tural Sadıqlının qardaşı Elgiz Sadıqov saxlanılıb.

Almaniyada siyasi mühacir kimi məskunlaşan Tural Sadiqlinin qardaşı Elgiz Sadıqovun saxlanıldığı yer məlum olub. O fevralın 22-də saxlanılıb və bu günə qədər ailəsi ondan xəbər ala bilməyib.

Bu barədə BBC Azərbaycancaya Tural Sadıqlının atası Əlövsət Sadıqlı məlumat verib.

"Neçə gündür axtarırırq. Biz Sabunçu polisində olarkən bizə dedilər burda yoxdur. Həmin an onu ordan çıxarıb aparıblar Binəqədi təcridxanasına. Axırda Qırmızı Xaç komitəsinə mürəciət etdik və onların sorğusu əsasında yerini müəyyən edə bildik" - Əlövsət Sadıqlı deyir.

Cənab Sadıqlı deyir ki, oğlu Elgiz Sadıqov 4 gün əvvəl "mülki geyimlilər" tərəfindən saxlanılıb və bu müddət ərzində nə polis, nə də digər hakimiyyət orqanları onu harada olması ilə bağlı ailəsinə məlumat verməyiblər.

Əlövsət Sadıqlının sözlərinə görə, Sabunçu məhkəməsi oğluna polisə müqavimət və narkotik maddə istifadəsi ittihamı irəli sürüb və həbs edib.

Siyasi fəalın atası bildirib ki, oğlu ilə görüşə hələlik icazə verilməyib və onun səhhətinin necə olduğu barəsində də məlumat yoxdur.

Almaniyada yaşayan və orada müxtəlif aksiyalarda və Facebook üzərindən Azərbaycan hökümətini tənqid edən Tural Sadıqlı isə deyir ki, qardaşı onun fəaliyyəti ilə bağlı saxlanılıb.

"Saxlanılanın ailə üzvlərinin hər hansı narahatlığı varsa aidiyyatı üzrə polis bölməsinə müraciət etsinlər", Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin iddialara reaksiyası belə olub.

Bu barədə daha geniş