"Görəsən, həyat yoldaşım yananların arasındadırmı?"

Yanğın

"Mən öz əlimlə onu ora göndərdim... Nə biləydim, ölümə göndərmişəm", əllərini başına-gözünə döyən qadını yaxınları sakitləşdirməyə çalışır.

5-10 dəqiqə qabaq onun gözləri ümidliydi ki, bəlkə də həyat yoldaşının meyitini bura gətirməyiblər:

"Dedilər, xəstəxanaya da adam aparıblar, bəlkə də onu da aparıblar?" Kimsə ona təsəlli verirdi, "bəlkə də" deyir, "əlavə edir, əsas buradır, burda adı çıxmasa, demək, xəstəxanadadır".

Başqa bir güvəndiyi qadın da ondan ərinin əynində nə olduğunu soruşurdu:

"Göy sportivni" geymişdi, ağ çızıqları vardı".

Həmin qadın içəri ona göstərilən meyiti tanımağa çağrılacaqdı: "Paltarını ona görə soruşuram ki, yəqin ki, bədənində bir parça da olsa, paltardan nəsə qalmış olar".

Az keçmiş həmin qadının fəryadı yüksəlir.

O, Bakının 20 yanvar metrosunun yaxınlığında, Respublika xəstəxanasında yerləşən "morqun", Pataloji Anatomiya Bürosunun qarşısına yığışanlardan biridir. Onun kimi çoxları gözünü polislərin qoruduğu dəmir çərçivəli qapının o tayına dikib.

Bu gün səhər erkəndən Respublika Narkoloji Mərkəzində baş verən və 2 saatdan çox davam edən yanğında ölən xəstələrin yaxınları dəmir çərçivəli qapının o tayına möcüzə gözləyirmiş kimi baxırlar.

Yanğında 25 adam ölüb. Onların bəzisi alkoqolizmdən, bəzisi narkotikdən müalicə alırmış.

"Dostumun oğludu, dünəndən gətirmişdilər, içirdi. Nahaqdan uşağı gətirdilər, heç ehtiyac da yox idi. Cavanca uşaq idi", hündürboylu kişi asta səslə danışır.

"Yazıq anası istəyirdi ki, oğlu daha çəkməsin, gətirdi, yatızdırdı orda ki, müalicə alsın...", bahalı geyimləri ilə digərlərindən fərqlənən qadınlar öz aralarında danışırlar.

"Bibimin əriydi, dedi, daha yaşlıyam, ayıbdı, gedim müalicə alım, bu içkinin daşını atım, iki gündü getmişdi ora", gözləri qəmli kişi danışır.

Onun yanındakı əlavə edir, "indi çoxları içkidən müalicə alır. Narkotikadan yox. Narkotika baha, içki ucuz, həyatları da belə ucuz oldu".

"Diri-diri yandılar, dəmir barmaqlı pəncərədir, qapıları da bağlayırlar, necə xilas ola bilərdilər ki?" 50-55 yaşlarında kişi soyuqdan qorunmaq üçün gödəkçəsini bir az da əyninə dartır.

"O idi tanıdım", polisin qoruduğu dəmir çərçivəli qapının o tayından gələn cavan oğlan dili-dodağı əsə-əsə başına yığışanlara deyir. 30-35 yaşlarında bir qadın "qoyun mən gedim, mən taniyacam, arvadı hardan taniyacaq, mən 30 ildir onu tanıyıram, arvadı 2 ildir" deyə irəli durmaq istəyir.

Soyuqdanmı, bir az öncə, polisin qoruduğu dəmir çərçivəli qapının o tayında gördüklərindənmi dişi-dişinə dəyən həmin oğlan ona uzadılan suyu əsdiyindən içə bilmir, yavaşca başını bulayır: "Orda tanınılası bir şey qalmayıb..."

Bu barədə daha geniş