Abid Şərifov: "...ona görə belə şiddətli yanğında otuz nəfəri xilas etmək çətinliklə mümkün olub"

yanğın Fotonun müəllifi APA
Image caption Ötən şənbə günü çıxan yanğında Respublika Narkoloji Mərkəzində 25 nəfər ölüb

"Narkoloji xəstələrin vəziyyətini yaxşı bilirik və fikrimcə, bu barədə ətraflı danışmağa ehtiyac yoxdur. Belə xəstələrin özlərini sakit aparmaları üçün müəyyən iynələr vurulur. Ona görə də belə şiddətli yanğında otuz nəfəri xilas etmək çətinliklə mümkün olub".

Bunu Bakının Respublika Narkoloji Mərkəzində ötən həftə sonu baş verən yanğından sonra yaradılan Dövlət Komissiyasının sədri, baş nazirin müavini Abid Şərifov deyib, Azərtac yazır.

Yanğın zamanı korpusda olan 55 pasiyentdən yalnız 30-u xilas edilib, 25-i həlak olub.

Abid Şərifov deyib ki, həmin xəstələrin çarpayılara bağlanmasından və ya başqa belə məsələlərdən söhbət gedə bilməz.

Fotonun müəllifi Azertag
Image caption İlkin ehtimallara görə, yanğına elektrik şəbəkəsində yaranmış nasazlıq səbəb olub

Baş nazirin müavini vurğulayıb ki, əsas məsələ yanğının səbəblərini araşdırmaqdır.

"Aidiyyəti qurumlar - Fövqəladə Hallar Nazirliyi, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən ilkin səbəb kimi elektrik naqillərində baş verən qısaqapanma versiyası irəli sürülüb. Lakin digər versiyalar da araşdırılır. Yaxın günlərdə bu barədə ictimaiyyətə məlumat verəcəyik", o deyib.

Fotonun müəllifi TOFIK BABAYEV/GETTY İMAGES
Image caption Respublika Narkoloji Mərkəzinə indi heç kəsi buraxmırlar.

Açıq qalan suallar

Əslində ictimaiyyətin cavab axtardığı suallar çoxdur:

  • Xəstələr niyə köhnə, taxta binada saxlanıb və pəncərələr dəmir çərçivəli olub?
  • Korpusda mühafizəçi olurmu, yoxsa o, korpusdan kənarda yerləşir?
  • Palataların qapısının bağlanması iddiası doğrudurmu?
  • Xəstələrin Respublika Narkoloji Mərkəzində saxlanma təlimatı varmı və pasiyentlər və onların yaxınları bu təlimatla məlumatlandırılırlarmı?
  • Respublika Narkoloji Mərkəzinin təhlükəsizlik normalarına cavab-verib-verməməsini hansı dövlət qurumu yoxlayıb və bu yoxlama intervalı necə olub?
  • Yanğın çıxan korpus yanğın təhlükəsizliyi qaydalarına cavab veribmi? Bununla bağlı təhlükəsizliyə məsul orqanlar Mərkəzə hər hansı irad tutublarmı?
  • Mərkəzin keçmiş baş həkimi Araz Əliquliyev AzadlıqRadiosuna deyib ki, onun vaxtında həmin korpusda xəstələr saxlanmayıb, o bunu düzğün saymayıb. Həmin korpus neçənci ildə xəstələr üçün ayrılıb?
  • Fövqəladə Hallar Nazirliyi Respublika Narkoloji Mərkəzdəki, o cümlədən, taxta korpusdakı təhlükəsizlik qaydaları ilə bağlı rəyi varmı və o rəy niyə ictimaiyyətə açıqlanmır?
  • Rəsmi orqanlar yanğının başvermə səbəbi kimi ilkin olaraq, elektrik naqillərində qısaqapanmanı göstərir. "Azərenerji" isə ilk gündən bildirdi ki, nasazlıq daxili xətlərlə bağlı ola bilər, qurum isə obyektin daxilindəki xətlərə qarışmır. Bu halda Mərkəzin elektrik naqillərində qısaqapanmaya nə səbəb ola bilər: korpusun isidilməsi üçün elektrikdən istifadə olunmasımı, yoxsa, xətlərin köhnəliyindənmi?

Ancaq aidiyyətli qurumlar "istintaq getdiyi üçün" BBC Azərbaycancaya danışmaqdan imtina ediblər.

Millət vəkili Aydın Mirzəzadə də BBC Azərbaycancaya verdiyi müsahibəsində istintaqın nəticəsini gözləməyə dəvət edir.

"İndidən bir söz demək düzğün çıxmaz. İstintaq gedir. Mütəxəssislər işləyirlər, onların yekun sözlərinə görə bir fikir söyləmək olar", o deyib.

Bu barədə daha geniş