Azərbaycan: Avropa Parlamenti erkən prezident seçkisini müşahidə etməyəcək

Avropa Parlamenti erkən prezident seçkisini müşahidə etməyəcək Fotonun müəllifi GERARD CERLES/GETTY
Image caption Avropa Parlamenti Azərbaycanda erkən prezident seçkisini müşahidə etməyəcək

Avropa Parlamenti Azərbaycandakı növbədənkənar prezident seçkisini müşahidə etmək üçün missiya göndərməyəcək.

Bu barədə Avropa Parlamenti məlumat yayıb.

Məlumatda deyilir ki, Avropa Parlamenti nə Azərbaycanda aprelin 11-də, nə də Rusiyada martın 18-də keçiriləcək seçkini müşahidə edəcək.

"Avropa Parlamenti nə seçki prosesini, nə də nəticələrini şərh edəcək", parlamentin demokratiyanın dəstəklənməsi və seçki koordinasiyası qrupunun həmsədrləri cənab McAllister və cənab McAvan bildirib.

Onlar vurğulayıblar ki, Avropa Parlamentinin hər hansı üzvünə müşahidəçilik və seçki prosesini şərh etmək səlahiyyəti verilməyib.


Həmçinin oxuyun:


Həmsədrlər bildiriblər ki, Avropa Parlamentinin üzvləri öz təşəbbüsləri ilə seçkini müşahidə edə bilərlər, ancaq Avropa Parlamenti adından məsələləri şərh edə bilməzlər.

Bəyanat müəllifləri onu da bildiriblər ki, yazda keçiriləcək plenar iclas zamanı Avropa İttifaqı və Azərbaycan arasındakı münasibətlər barəsində hesabat qəbul ediləcək.

«Yalnız həmin hesabat bu məsələ ilə bağlı Avropa Parlamentinin rəsmi mövqeyini ifadə edəcək», - açıqlamanın sonunda bildirilir.

"Qəribə bəyanat"

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə BBC Azərbaycancaya şərhində Avropa Parlamentinin bu qərarını "qəribə bəyanat" adlandırıb.

O deyir ki, Azərbaycan Avropa Parlamentinin üzvü deyil, qurumun qarşısında heç bir öhdəliyi yoxdur, seçkini müşahidə etmək missiyası göndərilməsini də onlardan xahiş etməyib:

"Hesab edirəm ki, bu, hansısa qruplar tərəfindən siyasi mahiyyət daşıyan qərardır", millət vəkili bildirib.



"Onlar prosesləri tənqid etmək istəmirlər"

"Onlar seçkidən sonra nəyisə gözləyirlər, bəyanatlarında da var ki, Azərbaycan Avropa İttifaqı münasibətləri ilə bağlı hesabatları olacaq", Turan Informasiya Agentliyinin rəhbəri Mehman Əliyev deyir.

Azərbaycanın Avropa İttifaqı ilə Strateji Əməkdaşlığı Sazişinin imzalanması ilə bağlı danışıqların getdiyi nəzərə alınsa, gözləntinin nə olduğunu təxmin etmək olar, deyə Mehman Əliyev əlavə edir: "Faktiki olaraq, prosesə qarışmadıqlarını göstərirlər".

Onun fikrincə, növbədənkənar prezident seçkisinin Qərb institutları tərəfindən hər hansı tənqidə məruz qalmaması onu göstərir ki, 11 aprel prezident seçkisi Qərblə razılaşdırılıb və Azərbaycan hansısa öhdəliklər götürüb: "Ona görə də Avropa İttifaqı proseslərə tənqidçi mövqedən yanaşmaq və müdaxilə etmək istəmir", Mehman Əliyev vurğulayır.

Bu barədə daha geniş