İran vətəndaşları artıq Azərbaycanın beynəlxalq hava limanlarında viza ala biləcəklər

Heydər Əliyev adına Bakı beynəlxalq aeroportu Fotonun müəllifi AZERTAG
Image caption Heydər Əliyev adına Bakı beynəlxalq aeroportu

İran vətəndaşları Azərbaycana gələrkən beynəlxalq statuslu hava limanlarında viza ala biləcəklər. Bu qayda artıq martın 15-dən qüvvədədir.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev BBC Azərbaycancaya deyib ki, bu qərarın Azərbaycan və İran arasında "humanitar, iqtisadi-ticarət əlaqələrinin daha da inkişafına və insanlararası təmasların artmasına əsaslı töhfə verəcəyinə" ümid edirlər.

Hikmət Hacıyev deyib ki, İran vətəndaşları elektron sistem olan Asan viza rejimindən də yararlana bilərlər.

Bu sistem vasitəsilə bəzi xarici ölkə vətəndaşları 3 iş günü və ya əlavə rüsum ödəməklə 3 saat ərzində Azəbaycana viza ala bilərlər.

Yalnız Naxçıvan quru sərhəddində İran və Türkiyə vətəndaşları ölkəyə daxil olarkən viza ala bilərlər. Ölkənin digər quru sərhədlərində bu qayda tətbiq olunmur.

Bir neçə ildir ki, İran Azərbaycana birtərəfli qaydada viza rejimini ləğv edib və Azərbaycanın da belə bir addım atmasını gözlədiyini bəyan edib.

Eyni zamanda Türkiyə də Azərbaycana qarşı birtərəfli viza rejimini ləğv edib və ölkəyə girən Azərbaycan vətəndaşlarından hər hansı rüsum ödənməsi tələb olunmur.

Bu barədə daha geniş