Azərbaycanlı 9-cu sinif şagirdi Reyhan Camalova "Forbes"in siyahısında

"Forbes"in 30 yaşdan aşağı 30 asiyalı siyahısına 15 yaşlı azərbaycanlı Reyhan Camalova düşüb Fotonun müəllifi Reyhan Camalova
Image caption "Forbes"in 30 yaşdan aşağı 30 asiyalı siyahısına 15 yaşlı azərbaycanlı Reyhan Camalova düşüb

15 yaşlı Reyhan Camalova "Rainergy" adlı layihəsi ilə Forbes jurnalının 30 yaşdan aşağı 30 asiyalı siyahısına düşüb.

O, bu siyahıya düşən ilk azərbaycanlıdır, "Forbes" yazıb.

"Mən indi özümü çox xoşbəxt hiss edirəm", adını "Forbes"də görən Reyhan Camalova təəssüratını BBC Azərbaycanca ilə bölüşüb:

- 2017-ci ilin noyabrında Hindistanda keçirilən BMT Qlobal Sahibkarlıq Sammitindən sonra "Forbes"dən mənimlə əlaqə saxladılar, məni "30 yaşdan aşağı 30 asiyalı siyahısına" namizəd kimi təklif elədilər. Artıq 2000 namizəd arasındaydım, amma o qədər ümidim yox idi ki, siyahıya düşüm. Bu gün xəbər aldım və mənim üçün böyük sürpriz oldu, çox sevindim. Çox qürur duydum, özümü xoşbəxt hiss edirəm.

Ona görə qürur duyuram ki, bu siyahı üzrə Azərbaycanın adı ilk dəfə çəkilirdi. Bu siyahıda Azərbaycanı təmsil etməyim olduqca qürurvericidir.

Azərbaycanın adının tanıdılmasında az da olsa mənim töhfəm varsa, bunu özümə böyük şərəf sayıram.

- Ancaq Forbes sizi 15 yaşlı sahibkar kimi təqdim edib. Bu, sizin "yagışdan elektrik" ideyanız üzrə işə başlamağınız anlamınamı gəlir?

- Bu layihə hələ ideya mərhələsindədir. Üzərində işlər davam edir. Elmlər Akademiyasının Yüksək Texnologiyalar parkı ilə müqavilə imzalamışıq və həmin müqavilə əsasında model üzərində işləyirik. Hazırda daha çox dərslərimə fikir verirəm, çünki 9-cu sinif şagirdiyəm.

Layihənin də üzərində işləyirəm. Hazırda onun effektivliyinin artırılması istiqamətində işlər gedir.

Əlimizdə prototiplərimiz var. Daha effektli modelin hazırlanması üzərində işləyirik.

Tam təkmilləşdirdikdən sonra dünya səviyyəli şirkət qurmaq niyyətindəyik.

- Bir neçə ay öncə "Rainergy" ideyası bir çoxlarının diqqətini cəlb eləmişdi. Bu layihəni almaq istəyənlər oldumu?

- Qlobal Sahibkarlıq Sammitindən sonra ideya ilə maraqlananlar çox oldu. Və hal-hazırda da danışıqlar davam etdirlir. Tələblərdən biri budur ki, biznes plan üzərində işlənilsin. Biznes planın da tam hazır olması üçün onun effektivliyi tam yoxlanılmalıdır.

- Hazırda təhsilinizi harda davam etdirirsiz və yaxın planlarınızı bizimlə bölüşə bilərsizmi?

- Qarşıma qoyduğum hədəf dünyanın tanınmış universitetlərində təhsil almaq və fizik olmaqdır.

Hələ tam dəqiq deyil, amma ABŞ universitetləri, MİT, Harvard, Kanadanın Torronto universiteti də ola bilər.

Nobel mükafatı qazanmaq ən böyük arzumdur.

Bütün bu qazandığım uğurları da həmin yolda kiçik addımlar sayıram.

Bu barədə daha geniş