Azərbaycanda yeni avtomobil zavodu: Məhsul alıcı tapacaqmı?

İran-Azərbaycan avtomobil zavodu, yerli avtomobil, Azkodro Fotonun müəllifi azertag.az
Image caption Martın 29-da İran və Azərbaycan prezidentləri iki ölkənin birgə qurduğu "Xəzər" avtomobil zavodunun açılışını bildirən düyməni basıblar.

Martın 29-da Azərbaycan və İran, ildə 10 min maşın istehsal etmək gücündə olan birgə zavod istifadəyə verib.

Rəsmi mənbələrə görə, zavodun məhsulları hələlik yerli bazar üçün nəzərdə tutulub, amma xarici bazara çıxarılması da nəzərdən keçirilir.

Hərçənd ki, BBC Azərbaycancaya danışan iqtisadçılar bir neçə adda avtomobilin buraxılması nəzərdə tutulan zavodun rəqabətə davamlı olacağına şübhə etdiklərini bildiriblər.

Onlar bu fikirlərini Azərbaycanın İranla avtomobil sənayesi sahəsində keçmiş təcrübəsi ilə əsaslandırıblar.

2005-ci ildə Şamaxıda açılan "Azsamand" zavodu eyni adlı avtomobili istehsal etməyə başlamışdı.

2016-cı ilin rəsmi statistikasına görə, ölkə üzrə bir milyondan çox avtomobil arasında "Azsamand" ın sayı təxminən 3400 olmuşdu ki, bu da ümumi avtomobil sayının 0,29 faizini təşkil edirdi.

Birgə avtomobil zavodunda "Runna", "Samand", "Soren", "Dena", "Peugeot-206", "Peugeot-207", "Renault-Tondar", "Renault-Pickup" kimi avtomobil modelləri istehsal olunacaq, Azərtac yazıb.

Fotonun müəllifi Azertag.az
Image caption Neftçala Sənaye Parkında istahsal olunan minik avtomobilləri

"Keyfiyyət və qiymət önəmlidir"

"Əgər keyfiyyət və qiymət, alıcı tələbatına uyğun olarsa, avtomobillər bazara girə bilər", Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı BBC Azərbaycancaya deyir.

Onun fikrincə, keyfiyyət və qiymət amili mütləq diqqətə alınmalıdır.

Əmlak üzrə ekspert deyir ki, bu gün Azərbaycan bazarında 20-yə yaxın ölkənin istehsalı olan 100-ə yaxın adda maşın var.

"Rusiya, İran, Çin istehsalı olan avtomobilləri çıxmaqla, digərlərinin qiymətləri orta bazar dəyərindən çox yüksəkdir", - Ramil Osmanlı əlavə edir.

"Bu istehsal deyil, hazır detallar gəlir və hazır detallar Azərbaycanda bərkidilərək satışa çıxarılacaq. Azərbaycanın iki dəfə belə təcrübəsi olub", BBC Azərbaycancaya danışan iqtisadçı Natiq Cəfərli qeyd edir.

Ekspert bildirir ki, əsasən dövlət sifarişinə hesablanan bu istehsal müəssisələrinin fəaliyyəti uğursuz olub.

Fotonun müəllifi AZADLIQ RADİOSU
Image caption İqtisadçı Natiq Cəfərli yeni avtomobil zavodunun səmərəli olmayacağı qənətindədir

Natiq Cəfərlinin sözlərinə görə, indi hökumət üçüncü dəfə də eyni səhvi təkrar edir.

"Yenə yığım sahəsi açılır və orada yerli detallar olmayacaq. Detalların ən azı 30 faizi yerli istehsal olsa, bu, rentabelli sayıla bilər."

Prezident İlham Əliyev 2017-ci il sentyabrın 24-də Xəzər zavodunun yerləşdiyi Neftçala Sənaye Parkının açılışı zamanı deyib ki, "Bu zonanın ən böyük müəssisəsi avtomobil zavodudur. Bu zavodun fəaliyyəti nəticəsində biz avtomobil idxalından asılılığı müəyyən dərəcədə aradan götürəcəyik və eyni zamanda, ixrac üçün də imkanlar yaranacaqdır".

"Azərmaş" ASC - "İran Khodro" birgə avtomobil zavodunun ümumi investisiya dəyəri 15 milyon dollar olub və müəssisədə 300 nəfərin işlə təmin olunması planlaşdırılıb.

Bu barədə daha geniş