Sahibkarlar vergi sistemində nəyin dəyişməsini istəyirlər?

Vergilər Nazirliyi sahibkarlar sahibkarlıq Fotonun müəllifi AZERTAG
Image caption Vergilər Nazirliyi sahibkarlardan təklifləri martın 31-ə qədər qəbul edəcək.

Vergilər Nazirliyi sahibkarları vergi sahəsində aparılacaq islahatlar barədə təkliflər verməyə çağırıb.

Bu çağırış bəzi sahibkarları hərəkətə gətirsə də, buna inamsız yanaşanlar da var. BBC Azərbaycancaya danışan sahibkarlardan biri deyir ki, o, Vergilər Nazirliyinə bir neçə dəfə təkliflərini göndərsə də, istəyinə nail olmayıb.

İqtisadçı Nazim Baydəmirli hesab edir ki, sahibkarların əsas problemi vergi dərəcəsi və ya prosedur deyil, onlar inhisarçılıqdan əziyyət çəkirlər.

Təkliflərin hökumətin əlaqədar strukturlarında müzakirəyə təqdim ediləcəyini deyən Vergilər Nazirliyi sahibkarların təkliflərini martın 31-dək qəbul edəcək.

Sahibkarlar təklif edir:

...sənətkarlıq sənayesinə fəqli vergi qoyulsun

"Sənətkarlıq ümumi vergiyə daxil olmamalıdır, onda sənətkarlıq inkişaf etmir", Qubadakı "Aygün" xalçaçılıq firmasının direktoru Fatimə Ağamirzəyeva BBC Azərbaycancaya danışır.

O deyir ki, bir xalça 6-12 aya toxunur, bu xalçanı toxuyan iki işçiyə isə hər ay 66 manata yaxın vergi ödəyir:

"Belə çıxır ki, hazır olmamış məhsula vergi ödəyirəm. Sənətkarlıqda isə ancaq məhsul hazır olub satıldıqdan sonra məlum olur ki, gəlir var, ya yox", Fatimə Ağamirzəyeva bildirir.

O təklif edir ki, sənətkarlıq sahəsinə istehsalı tez başa gələn sahələrdən fərqli vergi tətbiq olunsun.

Fatimə Ağamirzəyeva onu da deyir ki, o, bu təklifi ilə bir çox aidiyyətli dövlət qurumlarına müraciət edib:

"Türkiyə və İran təcrübəsini öz təkliflərimdə qeyd etmişəm. Bir cavab yoxdur. Bizdə belə qanunun olmadığını deyirlər".

Image caption Sahibkarlar nağdsız ödənişlərin stimullaşdırılmasını da istəyirlər

…vergidən azad olma möhləti verilsin

Masallıda fəaliyyət göstərən sahibkar Səmədağa Həmidov təklif edir ki, sahibkarlıq fəaliyyətinə yeni başlayanlar işlərini normaya sala bilmələri üçün bir müddət vergidən azad edilsin.

"Əgər yeni başlayan kiçik və orta sahibkarlara öz bizneslərini qaydaya salmaq üçün vergidən azad olma möhləti versələr, onlar da öz işlərini genişləndirə, inkişaf edə bilərlər."

…sahibkarlara vaxt verilməlidir

Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası öz təkliflərini Vergilər Nazirliyinə göndərib.

Qurumun vitse-prezidenti Vüqar Zeynalov BBC Azərbaycancaya deyir ki, sahibkarlar Vergi Məcəlləsinə düzəliş və əlavələr edildiyi zaman bu dəyişikliklərə hazırlaşmaq üçün vaxt verilməməsindən əziyyət çəkirlər:

"Vergilər Məcəlləsindəki dəyişikliklərdən sonra gərək sahibkarlara buna uyğunlaşmaq üçün azı 6-9 ay vaxt verilsin", o deyir.

Vüqar Zeynalov əlavə edir ki, Konfederasiya sadələşdirilmiş vergi həddinin artırılması, kapital qoyuluşunun vergidən azad edilməsi, nağdsiz ödənişlərin stimullaşdırılması kimi təklifləri Vergilər Nazirliyinə göndərilib.

"Yeni fəaliyyətə başlayan yerli məhsul istehsalçıları müəyyən müddət torpaq və əmlak vergisindən azad edilsə, daha çox insan sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər", Vüqar Zeynalov deyir.

"Sahibkarların əsas problemi vergi dərəcəsi, ya prosedur deyil ki..."

İqtisadçı, keçmiş millət vəkili Nazim Baydəmirli Vergilər Nazirliyinin bu təşəbbüsünü müsbət qarşılasa da, "islahatların ünvanının düzgün olmadığını" düşünür.

"Sahibkarların əsas problemləri verginin dərəcələri və ya prosedurlarla bağlı deyi, əsas problem iqtisadi mühitdədir. Azərbaycanda inhisarçılıq və məmur sahibkarlığı mövcuddur və sahibkarlar illər boyu müxtəlif şirkət və dövlət qurumlarının təzyiqi altında işləməyə məcbur olur", iqtisadçı deyir.

Ekspert hesab edir ki, təkcə Vergilər Nazirliyinin xətti ilə sahibkarların üzləşdiyi problemləri həll etmək mümkün deyil.

Nazim Baydəmirli Azərbaycanda bir neçə qurumun rəsmi vergi yığmaqla məşğul olduğunu qeyd edir. Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsi və Sosial Müdafiə Fondunun vergiyığma funksiyası da Vergilər Nazirliyinə verilməlidir.

Fotonun müəllifi VERGİLƏR NAZİRLİYİ
Image caption Vergilər naziri Mikayıl Cabbarov sahibkarlara "yeni, müasir, innovativ, açıq və şəffaf vergi xidməti" vəd verir

"Gələn təkliflərlə bağlı danışmaq hələ tezdir"

Vergilər Nazirliyinin mətbuat xidmətindən BBC Azərbaycancaya gələn təkliflərlə bağlı danışmağın tez olduğunu söyləyirlər.

Mətbuat xidmətinin rəhbəri Şahin Məmmədov deyir ki, sahiblarları birləşdirən ictimai təşkilatlar, ayrı-ayrı sahibkarlar artıq öz təkliflərini quruma göndərib və bu təkliflər üzərində iş aparılacaq:

"Təkliflər hökumətin əlaqədar strukturlarında müzakirəyə təqdim ediləcək və bundan sonra əsaslandırılmış təkliflər qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndəriləcək", Şahin Məmmədov deyir.

Ötən ilin axırında vergilər naziri təyin edilən Mikayıl Cabbarov bir müddət öncə bəzi sahibkaların da qatıldığı konfransda "yeni, müasir, innovativ, açıq və şəffaf vergi xidməti" vədini verib. O bildirib ki, vergi sistemi üçün yeni strategiya hazırlayacaq.

Bu barədə daha geniş