Siyasətçilər ATƏT-in Seçki Müşahidə Missiyasının seçkilər barədə ilkin hesabatı barədə nə deyir?

prezident seçkiləri, növbədənkənar seçkilər, seçkiləri müşahidə, seçkilər 2018 Fotonun müəllifi AZERTAG
Image caption ATƏT-in Seçki Müşahidə Missiyasının növbədənkənar prezident seçkisi ilə bağlı ilk aralıq hesabatında deyir ki,"Seçki kampaniyası hal-hazırda ümumiyyətlə zəif hiss olunur".

"...Bir çox müsahibinin fikri belə olub ki, qanunla komissiyaların tərkibinin parlamentdə təmsil olunan siyasi qüvvələri əks etdirməsi seçki administrasiyasının müstəqilliyini və qərəzsizliyini məhdudlaşdıra bilər", bu, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Seçki Müşahidə Missiyasının ilk aralıq hesabatında deyilən fikirlərdəndir.

BBC Azərbaycanca hesabatda haqqında danışılan seçici siyahısı, namizədlərin maliyyə hesabatları, debatlarla bağlı barədə siyasətçilərdən şərh alıb.

Hesabatla bağlı gün ərzində Mərkəzi Seçki Komissiyasından şərh almaq mümkün olmayıb.

Image caption Arif Hacılının başqanı olduğu Müsavat partiyası 2018-ci il növbədənkənar prezident seçkilərini boykot edib

ATƏT-in hesabatı "təəssüf doğurur"

"Seçki Müşahidə Missiyasının (SMM) aralıq hesabatı ölkədə seçkilərlə bağlı vəziyyəti tam əks etdirmir", Müsavat partiyasının başqanı Arif Hacılı BBC Azərbaycancaya deyib.

Cənab Hacılının fikrincə, ölkədə seçkiqabağı "demokratik şəraitin yoxluğu, söz və ifadə azadlığının təzyiqə məruz qalması, 150-dən çox siyasi məhbusun olması, müxalifət partiyalarının seçkidə iştirak etməməsi və onun səbəbləri barədə açıqlamaların hesabatda yer almaması" təəssüf doğurur.

Missiyanın seçki komissiyalarının azadlığını şübhə altına almasını şərh edən Arif Hacılı bu komissiyaların hakimiyyətin tam nəzarəti altında olduğunu iddia edir:

"Bütün komissiyaların rəhbərləri Yeni Azərbaycan Partiyasının üzvləridir. Bu, həmin komissiyalardır ki, bundan əvvəlki seçkiləri, referendumları saxtalaşdırıb. Ona görə də bu hesabatda bu barədə yarımçıq danışılması təəssüf doğurur", cənab Hacılı deyir.

Arif Hacılı hesabatda seçici siyahısındakı rəqəmlərə daha çox yer verilməli olduğunu qeyd edib:

"Statistika Komitəsinin verdiyi 18 yaşdan yuxarı olan vətəndaşların siyahısı ilə MSK-nın 18 yaşdan yuxarı olan seçicilərin siyahısı arasındakı rəqəm fərqi 1 milyon 900 min nəfərdir. Belə bir mühim faktın üzərindən bir cümlə ilə keçirilməsi mümkün deyildi".

Seçkilər "qanunlara söykənir"

YAP-çı millət vəkili, namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Aydın Hüseynov Azərbaycanda keçirilən seçkilərin qanunlara söykəndiyini deyib.

Cənab Hüseynov deyir ki, seçki komissiyaları Konstitusiyaya və Seçki Məcəlləsinə uyğun təşkil olunub və əgər Seçkiləri Müşahidə Missiyası seçki komissiyalarının azadlığını şübhə altına alırsa, konkret qanun pozuntusu faktını göstərməlidir.

Aydın Hüseynovun sözlərinə görə, YAP-ın namizədi İlham Əliyevin səlahiyyətli nümayəndələri MSK-nın bütün tələblərinə vaxtında cavab verir, qanunun tələblərinə əməl edirlər.

"Seçki gününə qədər seçici siyahısında dəqiqləşmələr aparılır. Siyahılarda cüzi fərq ola bilər, amma böyük fərqin olması absurddur", - deyən Aydın Hüseynov hesabatda göstərilmiş seçki siyahılarındakı "böyük fərq" məsələsini anlaşılmazlıq adlandırıb.

Image caption Cənab Oruc komissiyaların işindəki çatışmazlıqlara görə seçkiləri qurban verməyin düzgün olmadığını deyir

"Seçici siyahısı reallığı əks etdirir"

Milli Məclisinin deputatı, prezidentliyə namizəd Zahid Oruc seçki komissiyalarının tərkibi haqqında əvvəlki seçkilərdə də müzakirələr aparıldığını bildirib.

Cənab Oruc komissiyaların işindəki çatışmazlıqlara görə seçkiləri qurban verməyin düzgün olmadığını deyir: "Əlbəttə, demirəm ki, seçki komissiyaları çox ideal işləyirlər, lakin yüz minlərlə, milyonlarla insanın haqlı iradəsinin hansısa məntəqələrdə baş verən saxtakarlığın, bir bülleten atmağın qurbanına çevrilməsinə yol vermək olmaz".

Zahid Oruc seçici siyahısının mütləq reallığı əks etdirdiyini, hər hansı bir saxtakarlığın olmadığını və bütün digər iddiaların yalnış olduğunu bildirib.

O deyir ki, qanuna müvafiq maliyyə hesabatını təqdim ediblər, amma hesabatın MSK-nın saytına yerləşdirilib-yerləşdirilməməsinə cavabdeh deyillər:

"İmzatoplamaq işində seçicilər könüllülük göstəriblər və orda vəsait xərclənməyib. Yeganə olaraq çap materiallarına 2200 manat vəsait xərcləniib", Zahid Oruc əlavə edib.

Image caption Anar Məmmədli SMM-in hesabatında müəyyən çatışmazlığın olduğunu hesab edir

Monitorinq qısa müddətdə aparılıb

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli ATƏT-in SMM-nin hesabatında müəyyən çatışmazlığın olduğunu düşünür.

"Bu hesabat cəmi 2 həftəlik monitorinqi əsas götürən hesabatdır. Sənəddə müəyyən çatışmazlıqlar var. Bu da qısa müddətlə əlaqədardır", o qeyd edir.

Anar Məmmədli aralıq hesabatında göstərilən bir sıra məsələləri təqdir etdiyini bildirsə də, SMM-nin seçkiqabağı siyasi azadlıqların vəziyyəti ilə bağlı durumu çox detallı araşdırmadığını hesab edir.

"Ümid edirəm ki, bu çatışmazlıqlar növbəti hesabatlarda aradan qalxacaq", Anar Məmmədli əlavə edib.

Bu barədə daha geniş