İlham Əliyev: "Putinlə aramızda qapalı mövzu yoxdur"

İlham Əliyev və Vladimir Putin Fotonun müəllifi Getty Images
Image caption İlham Əliyev Azərbaycanın bir çox məsələlərdə Rusiya ilə qarşılıqlı əməkdaşlıq etdiyini bildirib

"Ölkə daxilində cəmiyyətin radikallaşması ilə bağlı potensial risklər yoxdur". Bunu TASS agentliyinə müsahibəsində prezident İlham Əliyev deyib.

Onun fikrincə, "islam terrorçularının ölkəyə sızma təhlükəsi bütün ölkələrdə var". İlham Əliyev qeyd edib ki, "təhlükəli ideyaların yaşayış sahəsini" daraltmaq lazım idi: "Biz buna nail olmuşuq".

Prezident Azərbaycanın dünyəvi ölkə kimi inkişafının əsas zəmanətinin təhsil olduğunu deyib.

O bildirib ki, dövlət büdcəsinin iki ən böyük xərci müdafiə və təhsil sahəsindədir və bu da gələcək nəslin radikalizmə qarşı dayanıqlı olması üçün edilir.

Cənab Əliyev deyir ki, ekstremizmlə mübarizənin əsas amillərindən biri də sosial-iqtisadi inkişafdır.

"Azərbaycanda işsizlik və yoxsulluq səviyyəsi dünyada ən aşağı göstəricilərdən biridir", prezident Əliyev deyib.


Həmçinin oxuyun:


Müsahibəsində Rusiya prezidenti Vladimir Putinlə əlaqəsinə toxunan İlham Əliyev deyib ki, onların arasında "etimadlı münasibətlər" var: "Bizim aramızda çox etimadlı münasibətlər var, bizdə qapalı mövzular yoxdur".

Azərbaycanın bir çox məsələlərdə Rusiya ilə qarşılıqlı əməkdaşlıq etdiyini bildirən İlham Əliyev iki ölkə arasında ticarətin artdığını, birgə nəqliyyat və energetika layihələrinin həyata keçirildiyini bildirib.

İlham Əliyev Azərbaycan təhsil müəssisələrində rus dilində tədrisi iki ölkə arasında humanitar əməkdaşlıq adlandırıb: "Azərbaycanda rus dilində təhsil verən 300-dən çox məktəb var. Bütün dövlət ali təhsil müəssisələrində də təhsili rus dilində olan fakültələr var"

"Bizim münasibətlərimiz tamdır. Bu, iki qonşu və dost arasında olmalı olan münasibətdir", cənab Əliyev deyib.

"Yuxusuz gecələrim olduğunu xatırlamıram"

Fotonun müəllifi PRESİDENT.AZ
Image caption Prezident İlham Əliyev Mingəçevir səfərində

İlham Əliyev deyib ki, son prezidentlik dövründə "yuxusuz gecələrə" səbəb olacaq hər hansı bir anı xatırlamır.

Prezident Əliyev son prezidentlik dövründə daxili məsələlərdə böyük problemlərin olmadığını, sadəcə bəzi hallarda təlimat və tapşırıqlarının düzgün yerinə yetirilməmə hallarının təəssüf doğurduğunu deyib.

"Biz həmişə populizmdən uzaq olmuşuq. Bəzən hətta özümüzü çox nümayiş etdirməməyə çalışmışıq - sadəcə ölkənin inkişafı üçün lazım olan işləri görməyə çalışmışıq", cənab Əliyev vurğulayıb.

Xəzərin statusuzluğu Azərbaycana problem yaratmır

İlham Əliyev Xəzərin statusunun müəyyənləşdirilməsi məsələlərinin doğru istiqamətdə aparıldığını və yaxın zamanlarda yaxşı nəticələrin olacağını deyib.

Xəzərin statusunun müəyyənləşdirilməməsinin sahilyanı ölkələrin münasibətlərində problem yaratmadığını deyən İlham Əliyev "ən azından Azərbaycan üçün belədir" deyib.

"Ən çox həyat yoldaşım Mehribanın bişirdiyi yeməkləri sevirəm"

Fotonun müəllifi Getty Images
Image caption İlham Əliyev ən çox xanımı Mehriban Əliyevanın bişirdiyi yeməkləri sevdiyini deyir

İlham Əliyev Azərbaycan mətbəxinin ölkənin mədəniyyətinin, ənənəsinin və imkanlarının göstəricisi olduğunu qeyd edib. O deyib ki, Azərbaycan mətbəxi çəkisini normada saxlamaq istəyənlər üçün "təhlükəli" sayıla bilər. Onun özünə gəlincə, prezident deyib: "Ən çox həyat yoldaşım Mehribanın bişirdiyi yeməkləri sevirəm"

Konkret hobbisinin olmadığını deyən prezident Əliyevin aldığı ən böyük zövq "əməyinin nəticəsini görməkdir".

"Mən məmnuniyyətlə işə gedən və məmnuniyyətlə evə qayıdan insanam", İlham Əliyev deyib.

Bu barədə daha geniş