Seçki: 1998-ci ildən bəri nə dəyişib?

2018 seçki
Image caption Müşahidəçilərin qarşısında nə dəftər, nə qələm vardı

2018-ci ilin prezident seçkisi və əvvəlki seçkilər arasında nə dəyişib?

1998-ci ildən ölkədə keçirilən seçki proseslərini, xüsusilə səsvermə gününü izlədiyimdən dəyişiklər dərhal diqqətimi cəlb etdi.

Müşahidəçilik institutu

Jurnalistlər üçün seçki məntəqəsində alternativ informasiya mənbəyi müşahidəçilərdir: Xüsusilə, müxalifətin təmsilçiləri, namizədlərin səlahiyyətli nümayəndələri və seçki müşahidə prosesində təkmilləşmiş, təlimlər keçmiş QHT müşahidəçiləri.

Əvvəlki (xüsusilə, 2016-cı ildə keçirilən referenduma qədər) seçkilərdə məntəqə seçki komissiyalarında səsverməni əvvəldən axıra qədər izləyən müşahidəçilərin qarşısında protokollar, qeydlər olardı.

Seçici sayından tutmuş ən incə detallara qədər qeydiyyat aparan müşahidəçilərin seçkidən-seçkiyə püxtələşən təcrübəsi nəticəsində Azərbaycanda müşahidəçilik institutu formalaşmışdı.

Image caption Bəzi seçki məntəqələrində müşahidəçi yerləri boş idi

Əvvəlki seçkilərdə müşahidəçilər çox fəal idilər, gördükləri qanun pozuntularını dərhal qeydə alır, bu barədə məntəqə seçki komissiyasının rəhbərliyinə məlumat verir, faktları aktlaşdırırdılar.

O zaman „ağıllı" telefonlar olmasa da, müşahidəçilərin, o cümlədən, seçki komissiyalarında təmsil olunan müxalifət nümayəndələrinin topladıqları „daşdan keçən sübutlar" sayəsində hər seçkidən sonra hansısa məntəqənin, bəzən bütöv bir dairənin nəticəsi ləğv edilirdi.

2016-cı ilin referendumu və 2018-ci ildə yenicə keçirilən prezident seçkisində müşahidəçilik institutunun tamamilə dağılmasını müşahidə etdik.

Müşahidəçilər nəinki seçki prosesini izləyir, qeydlər aparırdı, bir çoxunun qarşısında, ümumiyyətlə kağız-qələm yox idi.

„Nə qədər seçici gəlib" sualına isə ya təxmini bir rəqəm söyləyirdilər ki, bu da məntəqə rəhbərliyinin açıqladığı rəqəmdən azı 2-3 dəfə az, ya çox olurdu, ya da ki, „məntəqə sədri bilir" cavabını eşidirdin.

Image caption Əsasən qadınlardan olan müşahidəçiləri öz aralarında şəxsi problemlərini müzakirə edirlər

Əsasən qadınlardan olan müşahidəçilərin bəziləri elə oturduqları məntəqənin yerləşdiyi məktəbin müəllimləri idi.

Onları da seçkidən çox öz dərd-sərləri, problemləri maraqlandırdığından daha çox söhbət eləyirdilər.

Bakıda məntəqələrin birində kişi müşahidəçilər məntəqənin yerləşdiyi idarənin işçiləri ilə nərd oynayır, digərində QHT-ni təmsil edən gənc oğlan vaxtını boş keçirmək istəməyib kitab oxuyurdu.

Image caption „Nə qədər seçici gəlib" sualına isə ya təxmini bir rəqəm söyləyirdilər ki, bu da məntəqə rəhbərliyinin açıqladığı rəqəmdən azı 2-3 dəfə az, ya çox olurdu, ya da ki, „məntəqə sədri bilir" cavabını eşidirdin

Bir başqasında saat 4 olmasına rəğmən, iki xanım müşahidəçi artıq evə getməyə hazırlaşır, 3-cü müşahidəçi (məktəbin müəllimi) isə sonuncu valideynin səs verdiyinə əmin olandan sonra çantasını da götürüb çıxır.

Bəzi seçki məntəqələrində isə ümumiyyətlə müşahidəçi gözə dəymirdi.

MSK isə 53 min yerli müşahidəçinin qeydiyyatdan keçdiyini bildirmişdi.

Image caption Son referendum və prezident seçkisində məntəqə komissiyalarında əks mövqeli üzvə rast gəlmək mümkün deyil

Birrəngli komissiyalar

Mərkəzi Seçki Komissiyasından tutmuş dairə və məntəqə seçki komissiyalarında hakimiyyəti sərt tənqid edən müxalifət fəalları da təmsil olunduğundan komissiyalar birrəngli deyildi və hətta məntəqə sədri ilə müxalifəti təmsil edən üzvlər arasında seçki prosesinə qanunsuz müdaxilələrə görə münasibətlər gərgin həddə çata bilirdi.

Qanun pozuntularını elə onlar da protokollaşdırır, akt bağlayır və ya yekun sənədə imza atmırdılar.

Son referendum və prezident seçkisində məntəqə komissiyalarında əks mövqeli üzvə rast gəlmək mümkün deyildi. Verilən suallara yalnız komissiya sədrinin cavab verməli olduğunu deyib kənar dururdular.

O da diqqətdən qaçmadı ki, bir ara aradan qaldırılan məktəb direktorunun məntəqə komissiya sədri olması ənənəsi yenidən bərpa olunub.

Image caption Mərkəzi Seçki Komissiyası seçki məntəqələrinin bəzisində kamera quraşdırıb

„Kamera müşahidəçisi"

Mərkəzi Seçki Komissiyası seçki məntəqələrinin bəzisində kamera quraşdırıb. Əvvəlki seçkilərlə müqayisədə bu dəfə fəal müxalif adamlar və müstəqil media nümayəndələri kamera müşahidəçisinə çevrilmişdi.

Saatlarla məntəqəni izləyən və kamera önündə yaşanan qanun pozuntularını qeydə alıb sosial şəbəkələrdə paylaşırdılar.

Yəqin ki, gələcək seçkilərdə kamera müşahidəçilərinin sayı artacaq: bir halda ki, söhbət seçkini müşahidə etməkdən gedirsə və hansısa səbəbdən müşahidəçi kimi məntəqədə ola bilmirsənsə, MSK kamerasından məntəqədə baş verənləri izləməyi və qeyd etməyi niyə qaçırasan ki?

Bəzi seçkilərdə qanun pozuntularına səslərin sayılmasında da rast gəlinirdi: başqa namizədə verilmiş bülleten hakimiyyətin dəstəklədiyi şəxsin hesabına yazılırdı.

Amma bu dəfə olduğumuz məntəqədə buna rast gəlmədik: digər namizədlərə o qədər az səs verilmişdi, hakimiyyət namizədinin qabağındakı bülleten o qədər çox idi ki, burda hər hansı manipulyasiyaya ehtiyac yox idi.

Image caption Bəzi müəllimlər gələn valideynlərdən siyahıya imza atmağı da tələb edirdi

„Onbaşı"ları müəllimlər əvəz edib

Bir vaxtlar seçiciləri „onbaşı"lar, „yüzbaşı"lar, „minbaşı"lar səfərbər edirdi. Jurnalistlər belə „səfərlik rəhbərlərindən" müsahibələr alanda onlar özlərini məhz belə təqdim edirdilər: „onbaşı" və ya „yüzbaşı"...

Onların əsas işi o olurdu ki, yaşadıqları məhəllədən sakinləri yığıb seçki məntəqəsinə gətirsinlər, müsahibələrində belə deyirdilər.

İndisə „onbaşı"ları müəllimlər, xüsusilə sinif rəhbərləri əvəz edib.

Onlar şagirdlərinə valideynlərinin seçki günü məktəbə gəlib səs verməsini bərk-bərk tapşırdığından seçki günü məhz məktəbdəki seçki məntəqələrində uşaqlı valideynləri görmək olurdu.

Hətta bəzi müəllimlər gələn valideynlərdən siyahıya imza atmağı da tələb edirdi.

Image caption BBC Azərbaycanın müxbirləri bir seçki məntəqəsində əliuşaqlı analar üçün "uşaq otağı" yaradıldığını görüb

Hələ ki, gəzdiyimiz bir seçki məntəqəsində əliuşaqlı analar üçün „uşaq otağı" yaradıldığını gördük, yəqin, gələn seçkilərdə belə „uşaq otaq"larının da sayı çoxalacaq.

Bu barədə daha geniş