Milli Şura və Müsavatın mitinqi: “Seçkinin nəticələrini tanımırıq”

Etiraz

«Bu, bizim vətəndir!" Demokratik Qüvvələrin Milli Şurası və Müsavat partiyasının keçirdiyi mitinqin ana şüarıydı.

Müxalifətin Bakının Yasamal rayonunda növbədənkənar prezident seçkilərinin nəticələrinə qarşı keçirdiyi etiraz nümayişində "Siyasi məhbuslara azadlıq", "Haqqımızı yediniz, azadlıqdır dediniz!" kimi şüarları da görmək olardı.

"Məhsul" stadionuna toplaşanlar "İstefa!", "Azadlıq!","Azərbaycan!" şüarları da səsləndirirdilər.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Milli Şura və Müsavat seçkilərin nəticələrinə qarşı etiraz nümayişi keçirib

Mitinq bir neçə siyasi təşkilatın birgə mitinqi olsa da, etirazçılar, əsasən, Azərbaycan və Avropa İttifaqının bayraqlarını qaldırmışdılar.

Nümayiş iştirakçılarının əlində məhbəsdə olan fəalların şəkillərini də görmək olar.

Bir çox etirazçının əlində həm də qırmızı vərəqlər vardı.

Mitinq təşkilatçıları bunu "xalqın İlham Əliyev hakimiyyətinə qırmızı vərəqə göstərdiyi" kimi izah etdilər.

Mitinq iştirakçıları ədalətli və seçki mühiti formalaşdırılmasını, mediaya qarşı təzyiqlərin aradan qaldırılmasını, vətəndaş cəmiyyətinin fəaliyyətinin bərpasını, o cümlədən siyasi islahatlar tələb edib.

Müxalifət bununla yanaşı seçkinin nəticəsini tanımadığını, yeni prezidentin hakimiyyətini legitim saymadığını da öz qətnaməsində vurğulayıb.

Məhsul stadionundakı tədbirə gələnlər əraziyə bir-bir, yoxlanaraq buraxılıb. Polis tədbiri məsafədən müşahidə edib.

Nümayiş Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.

Aprelin 11-də keçirilən prezident seçkilərində hazırkı dövlət başçısı İlham Əliyev qalib gəlib.

ATƏT-in Seçki Müşahidə Missiyasına əsasən seçkilər "həqiqi rəqabətin olmadığı şəraitdə" keçib.

Mərkəzi Seçki Komissiyası (MSK) isə səsvermənin ədalətli keçirildiyini, bütün namizədlər üçün bərabər şəraitin olduğunu bəyan edir.

Prezident seçkiləri oktyabr ayında baş tutmalı idi, lakin prezident İlham Əliyevin qərar ilə onlar ertələnərək aprelin 11-ə keçirildi.

Milli Şura da daxil bir neçə müxalif siyasi qurum seçkiləri boykot edib.

Bu barədə daha geniş