Yazar Zümrüd Yağmur "təzyiqlərə görə ailəsindən imtina edib"

Zümrüd Yağmur Fotonun müəllifi Zümrüd Yağmur
Image caption "Düşünürdüm ki, hekayələrə görə məni həbs edəcəklər"

Həbsdə olan AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur ailəsindən imtina etdiyini açıqlayıb.

BBC Azərbaycancaya danışan xanım Yağmur bu imtinanı özünün siyasi fəaliyyəti ilə bağlı olduğunu deyib.

Millət vəkili Zahid Oruc deyir ki, bu kimi halların nə zəmində baş verdiyini müvafiq orqanlar araşdırmalıdır.

Hakimiyyət rəsmiləri isə öz açıqlamalarında bildirirlər ki, Azərbaycanda heç kəs siyasi fəaliyyətinə, mövqeyinə görə təqib olunmur, ona və ya ailəsinə hər hansı təzyiq göstərilmir.

Zümrüd Yağmur BBC Azərbaycancaya deyir ki, onun siyasi fəaliyyətinə görə ailəsi incidilirdi:

"Ailəmə dedim ki, təzyiq altında olmamaq üçün məndən imtina edin. Onlar bunu istəmədi. Qərara gəldim ki, bu addımı özüm atım", Zümrüd Yağmur deyir.

Onun sözlərinə görə, artıq bir ildir ki, özü və ailəsi müxtəlif növ təzyiqlərə və təhdidlərə məruz qalır.

Xanım Yağmur indiyədək bu halların ictimailəşdirilməsinin tərəfdarı olmadığını, sadəcə, ətrafında olanlarla paylaşdığını əlavə edib.

"Bunları ictimailəşdirmək müəyyən mənada qorxunu tirajlaya bilən hallardır. Buna görə çalışırdım bundan yan keçim", - o deyib.

Zümrüd Yağmur siyasi fəaliyyəti ilə bağlı olaraq ailəsində olan şəxslərin işdən çıxarıldığını söyləyir.

"Ailəm deyəndə bir çox hallarda mənsub olduğum Abıyevlər ailəsini nəzərdə tuturlar. Mən isə ancaq doğulub böyüdüyüm ailəmi nəzərdə tuturam. Bundan kənarda ailə və qohumluq bağlarım çoxdan qırılıb", Zümrüd Yağmur qeyd edib.

O deyir ki, ona qarşı olan ən böyük təzyiqlər siyasi hekayələr yazdığı vaxt və Nardaran hadisələrinin məhkəmələrindən sonra olub.

Fotonun müəllifi AXCP
Image caption Prokurorluğun məlumatına görə, Fuad Qəhrəmanlı Nardaran hadisələri zamanı Facebook şəbəkəsində "itaətsizliyə çağırışlar" edib

"Qadınların həbs olunma ənənəsi yox idi..."

"Düşünürdüm ki, hekayələrə görə məni həbs edəcəklər. O vaxt qadınların həbs olunma ənənəsi yox idi. Görünür, buna görə həbs etmədilər", xanım Yağmur bildirir.

Zümrüd Yağmur Nardaran hadisələri məhkəməsindən sonra avtomobilinin şüşəsinə təhdid mesajı yazıldığını deyir:

"Nardaran hadisələrinin necə saxta qurulduğunu ifşa edirdim. Bundan sonra avtomobilimin şüşəsinə təhdid yazılan kağız yapışdırmışdılar. Təhdidlərin birindən sonra gecə həyətə girmişdilər. Həyətə girib oraları vurub dağıtmaq göstərir ki, onlar oğru deyildi. Həyətdə də oğurlamağa heç nə yox idi", Zümrüd Yağmur deyib.

Zümrüd Yağmur öz ailəsindən imtina etməsini həyat yoldaşı Fuad Qəhrəmanlının ailəsinə aid olmadığını, onlara təzyiqlər olmadığını deyir:

"Fuad bəyi onsuz da həbs ediblər. İkinci dəfə həbslə təzyiq etməyəcəklər ki", Zümrüd Yağmur qeyd edir.

Fotonun müəllifi Zahid Oruc
Image caption Zahid Oruc deyir ki, bu kimi halların nə zəmində baş verdiyini müvafiq orqanlar araşdırmalıdır

Millət vəkili Zahid Oruc deyir ki, hadisənin bu cür inkişaf etməsini arzulamır.

"Hər bir valideynin öz övladı ilə onun siyasi əqidəsi və tutduğu mövqedən asılı olmayaraq, əbədi-əzəli münasibət qurmaq haqqı var, bu, onun konstitusion hüququdur", - cənab Oruc deyib.

Cənab Oruc deyir ki, xüsusilə Azərbaycandan gedən mühacirlərin ən çox işlətdiyi arqumentlərdən biri "şəxslərin öz doğmalarından imtinaya vadar edilməsi" ilə bağlı tezisdir.

"Bununla bir tərəfdən hüquq-mühafizə orqanlarını vurmağa çalışırlar, bir tərəfdən də Azərbaycanın siyasi dövlət quruluşuna baxışı ləkələyirlər", millət vəkili düşünür.

O əlavə edir ki, bir sıra hallarda proseslər süni şəkildə dramatikləşdirilir.

"Hər bir hadisənin üzərinə daha çox fokuslanılır və nəticə öz kontekstindən çıxır və siyasiləşdirilir", Zahid Oruc bildirir.

Rəsmilər Azərbaycanda fikir və söz azadlığı olduğunu bildirir, hakimiyyəti tənqidə görə təqib və təzyiq ittihamlarını rədd edirlər.

Ölkə başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının 25-ci ildönümü münasibətilə keçirilən tədbirdə bildirib ki, "sərbəst toplaşma azadlığı, söz azadlığı, bütün digər azadlıqlar Azərbaycanda tam şəkildə təmin edilir və təmin ediləcəkdir".

Bu barədə daha geniş