Ermənistan: Yerevan etirazlarında Azərbaycan söhbəti və həbslər

Protesters use rubbish bins to stop the traffic in a road in the capital
Image caption Yerevanda etirazlar davam edir

Keçmiş prezident Serj Sarkisyanın baş nazir təyinatından sonra paytaxt Yerevanda vəziyyət daha da gərginləşib, BBC Azərbaycancanın Yerevan müxbiri Alexey Manvelyan bildirir.

"Dünən polis şöbələrinə aparılanlar axşam sərbəst buraxılıblar. Bu gün səhərdən isə yenidən həbslər davam edib", hadisələri izləyən müxbirimiz ən son xəbərləri çatdırır.

Polisin mətbuat xidmətinin günortaya olan məlumatına görə, 72 nəfər həbs olunub.

Həbslər Nikol Paşinyanın tərəfdarları ilə Serj Sarkisyanın iqamətgahı istiqamətində yürüşü zamanı baş verib.

Böyük sayda xüsusi təyinatlı polis əməkdaşları Fransa meydanında qalan gəncləri zorla avtobuslara mindirib naməlum istiqamətdə aparıblar.

Etirazçılar meydanı dörd gün bağlı saxlayıb, dünən isə tərk ediblər.

Bir qrup tələbə də Yerevan Dövlət Universitetinin yaxınlığında həbs olunub.

Bu səhər Fransa meydanı ətrafına böyük sayda xüsusi təyinatlı polis gətirilib.

"Onlar cərgəyə düzülüb prospekti bağlayıblar", müxbirimiz deyir.

Aksiyada yüzlərlə gənc iştirak edir.

Sarkisyanın baş nazirliyinə etiraz edən millət vəkili Nikol Paşinyan səs ucaldanla tərəfdaşlarını polislə xoş rəftar etməyə, polis əməkdaşlarını isə qalxanlarını aşağı endirməyə çağırıb.

"Paşinyan yürüş boyunca rast gələn və balkonlardan boyanan yerevanlıları xəbərdar edir ki, "Sarkisyan ölkəni azərbaycanlaşdırır, sülalə diktaturasına çevirir". "Gəlin vətəninizə sahib olun, gəlin azadlığınıza sahib olun, gəlin haqlarınıza sahib olun, gəlin gələcəyinizə sahib olun! Belə ki, addım at, Serjə yox de!" - Pşinyan çağırır", Alexey Manvelyan müşahidələrini paylaşır.

Ermənistanın digər şəhərlərində də itaətsizlik aksiyaları keçir. Gümridə, Vanadzorda, Armavirdə tələbələr itaətsizlik aksiyalarına qoşulub.

Yerevan etirazlarında Azərbaycan söhbəti

Cənab Paşinyan Serj Sarkisyanın iqamətgahı önündə düzülən xüsusi təyinatlı polisə müraciət edərək deyib:

"Siz buradan çəkilməyin. Mən demişdim ki, tikanlı məftillər bizim üçün deyil, Serj Sarkisyan üçündür. O, bizə tikanlı məftillər arxasından baxmalıdır", Alexey Manvelyan qeyd edir.

Alexey Manvelyanın sözlərinə görə, "Mənim addımım" etiraz hərəkatının rəhbəri Nikol Paşinyan tərəfdaşlarını buranı tərk etməyə çağırıb.

Sayı get-gedə artan nümayiş iştirakçıları "Adım at, yox de Serjə!", "Azad, müstəqil Ermənistan!" çağıraraq Bağramyan prospekti ilə Fransa meydanı istiqamətində gedirlər.

Bağramyan prospektində Ermənistan Milli Məclisi, Konstitusiya Məhkəməsi və Prezident (dünəndən baş nazirin) iqamətgahı yerləşir.

Serj Sarkisyanın iqamətgahı yaxınlığında 20-yə yaxın sipərli-dəbilqəli polis düzülüb.

Image caption Mitinqdə Serj Sarkisyanın portreti əks olunmuş şarları havaya buraxıblar

ABŞ Dövlət Departamentindən xəbərdarlıq: Təxribatdan, zorakı davranışdan çəkinin

Ermənistanda yaşanan hadisələrlə bağlı ABŞ Dövlət Departamenti bəyanat yayıb. Bəyanatda deyilir ki, "minlərlə erməni vətəndaşı ifadə və dinc toplaşma hüquqlarından istifadə etmək üçün küçələrə çıxıb".

Dövlət Departamenti Yerevan və digər şəhərlərdə gedən etirazları "yaxından izlədiyini" bildirib və qeyd edib ki, son bir neçə gün ərzində etirazçıların və polisin əksəriyyətinin məsuliyyətli və hörmətli davranışlarını müsbət qarşılayıb:

"Buna baxmayaraq, bəzi xəsarətlər daxil olmaqla, polis və etirazçılar arasında ardıcıl qarşıdurmaların olması barədə narahatlıqlar var", bəyanatda deyilir.

ABŞ Dövlət Departamenti hökumət orqanlarını, həm də etirazçıları maneə törətməməyə və hər hansı bir təxribatdan və ya zorakı hərəkətdən çəkinməyə çağırır.

Bu barədə daha geniş