İlham Əliyev 4-cü dəfə and içib

İlham Əliyev Fotonun müəllifi AzerTAG
Image caption Ilham Əliyev

Bu gün ölkə başçısı İlham Əliyevin andiçmə mərasimi keçirilir.

Milli Məclisdə baş tutan andiçmə mərasimində Azərbaycanın dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları və prezidentin ailə üzvləri iştirak edirlər.

Azərtac xəbər verir ki, Milli Məclisə gələn İlham Əliyevi fəxri kortej müşayiət edib.

Aprelin 11-də keçirilmiş prezident seçkisində İlham Əliyev 86 faiz səs toplayıb. Namizəd Zahid Oruc isə 3 faiz səslə ikinci yerdə qərarlaşıb, Mərkəzi Seçki Komissiyası bildirib.

Prezident seçkisini müşahidə etmiş ATƏT-in Seçki Müşahidə Missiyası prosesin "həqiqi rəqabətin olmadığı şəraitdə", "hüquq və azadlıqların məhdudlaşdırıldığı mühitdə" keçdiyini bildirib.

"Xalqa ləyaqətlə xidmət edəcəm"

Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək deyib ki, Konstitusiya Məhkəməsi MSK-nın seçkinin nəticəsi ilə bağlı protokollarını təsdiqləyib və İlham Əliyevi Azərbaycan prezidenti elan edib.

Bundan sonra İlham Əliyev Azərbaycan Konstitusiyaya and içib ki, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacaq, xalqa ləyaqətlə xidmət edəcək.

Prezident həm də Qurani-Şərifə əl basıb:

"Əlimi Qurani-Şərifə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam".

Hazırda İlham Əliyev Milli Məclisdə nitq söyləyir.

Image caption Milli Şura və Müsavatın 14 aprel mitinqi: "Seçkinin nəticələrini tanımırıq"

Müxalifət seçkini boykot edib

Prezident seçkiləri bu ilin oktyabr ayında baş tutmalı idi, lakin ölkə prezidenti İlham Əliyevin qərarilə aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi.

Hakimiyyət erkən seçki qərarını ölkədə bir neçə əhəmiyyətli yerli və beynəlxalq tədbirin üst-üstə düşməsi ilə izah etmişdi.

Milli Şura da daxil bir neçə müxalif siyasi qurum seçkinin qabağa çəkilməsi barədə qərarı tənqid edərək səsverməni boykot edib. Onlar seçkinin ədalətli və demokratik keçirilmədiyini, seçki prosesində "kütləvi qanun pozuntularına" yol verildiyini əsas gətirək seçkinin nəticəsini şübhə altına alıblar.

İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəlib. Ondan əvvəl 10 il müddətinə ölkəni atası Heydər Əliyev idarə edib.

ATƏT-in Seçki Müşahidə Missiyası aprelin 12-də açıqladığı hesabatda bildirib ki, namizədlər ölkə başçısı olan digər namizədi - İlham Əliyevi tənqid etməkdən çəkiniblər və hakimiyyətə qarşı birbaşa əks mövqe göstərməyiblər.

Missiyanın açıqlamasında vurğulanıb ki, "prezident seçkisi günündə müşahidəçilərin icrası mütləq olan prosedurlara məhəl qoymaması, şəffaflığın olmaması, seçki qutularına topa bülletenlərin atılması qeydə alınıb".

Bu barədə daha geniş