Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan hökümətini 40 min avro cərimələyib

Avropa İnsan Haqları məhkəməsi Fotonun müəllifi AFP
Image caption Avropa İnsan Haqları məhkəməsi

Avropa İnsan Haqları Məhkəməsi insan hüquqlarının müdafiəsi ilə məşğul olan Ənnağı Hacıbəyli və İntiqam Əliyevin Vəkillər Kollegiyasına üzv qəbul edilməməsi ilə bağlı şikayət üzrə qərarını açıqlayıb.

Bu barədə məlumatı vəkil Fariz Namazlı yayıb.

Avropa Məhkəməsi Konvensiyanın 10-cu (ifadə azadlığı) maddəsinin pozulmasını, 6-cı (ədalətli məhkəmə araşdırılması hüququ) maddə üzrə araşdırmağa ehtiyac olmadığını, həmçinin Hökümətin 34-cü maddə üzrə öhdəliklərini yerinə yetirmədiyini müəyyən edib.

İntiqam Əliyevin 2014-cü ilin avqust ayında həbs edilərkən ofisində Baş Prokurorluğun əməkdaşlarının Avropa məhkəməsində olan işlər üzrə sənədləri aparması 34-cü maddə üzrə pozuntunun tanınmasına əsas olaraq götürülüb.

Fotonun müəllifi AFU
Image caption Intiqam Əliyev

40 min avro cərimə

Məhkəmə hər bir ərizəçiyə mənəvi zərərə görə 7500 avro, Ənnağı Hacıbəyliyə məhkəmə xərclərinə görə 2500 avro ödənilməsinə qərar verib.

Avropa Məhkəməsinin qəbul etdiyi ikinci qərar Anar Məmmədlinin 2013-cü ilin 16 dekabrında həbs edilməsi, barəsində həbs qətimkan tədbirinin seçilməsi, həmin müddətin uzadılmasına dair olub.

Avropa Məhkəməsi Konvensiyanın 5.1 və 5.4-cü (azadlıq hüququ) maddələrinin, həmçinin 18-ci maddəsinin (hüquqların siyasi məqsədlərə görə məhdudlaşdırılması) pozuntusunu tanıyıb və 5.3-cü maddə üzrə şikayətin ayrıca araşdırılmasına ehtiyacın olmasını bildirib.

Məhkəmə mənəvi zərərə görə 20000 avro, məhkəmə xərclərinə görə 2500 avro kompensasiya müəyyən edib.

"Vəkillər Kollegiyasına yenidən müraciət edəcəm"

Şikayətçi hüquqşünaslardan biri, Ənnağı Hacıbəyli BBC Azərbaycancaya deyib ki, Avropa Məhkəməsinin qərarı qüvvəyə mindikdən sonra Vəkillər Kollegiyasına qəbulla bağlı yenidən müraciət edəcək.

"Avropa Məhkəməsinin qərarlarının hökümətin qərarlarına təsir edib-etməyəcəyini gələcək göstərəcək. Mənim elə illüziyalarım yoxdur ki, bu qərarla vəkilliyin problemləri düzələcək", - cənab Hacıbəyli deyib.

O, Avropa Məhkəməsinin Azərbaycan hökümətinə təsirinin zəif olduğunu, çox sayda qərarların icra olunmadığını, bəzən isə kompensasiyaların düzgün ödənilmədiyini bildirib.

"Xüsusilə qərarların formal icrası daha çox həyata keçirilir. Kompensasiyalar ödənilir və Avropa Məhkəməsinin qərarından irəli gələn institusional islahatlar aparılmır", - Ənnağı Hacıbəyli əlavə edib.

"Qərarlar müvafiq orqanlara göndəriləcək"

Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov BBC Azərbaycancaya deyib ki, sözügedən qərarı müvafiq orqanlara göndərəcəklər ki, onlar bunun əsasında qərar qəbul etsinlər.

"Avropa İnsan Haqları məhkəməsi ilə əməkdaşlığını davam etdirməlidir"

Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Asim Mollazadə BBC Azərbaycancaya deyib ki, bu prosedurlara normal yanaşmaq lazımdır.

"Belə qərarlar bir sıra ölkələrlə bağlı qəbul edilir və müzakirələr aparılır. Hər bir ölkə Avropa Məhkəməsi ilə müvafiq mübadilə prosesində olur və Azərbaycan məhkəmənin əksər qərarlarının müvafiq icrasını həyata keçirir", cənab Mollazadə bildirib.

Asim Mollazadə deyir ki, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsi ilə əməkdaşlığını davam etdirməlidir.

"Azərbaycanda həm məhkəmələrin, həm hüquq-mühafizə orqanlarının işləri güclənməlidir ki, Azərbaycanla bağlı Avropa Məhkəməsinin qərarları azalsın", - o əlavə edib.

Bu barədə daha geniş