Avropa Şurasında "Azərbaycan" araşdırması bitdi: "AŞPA deputatları etik prinsipləri pozublar"

Avropa Şurasında Fotonun müəllifi FREDERICK FLORIN/AFP/GETTY IMAGES
Image caption Avropa Şurası

Avropa Şurasında Azərbaycanın bəzi avropalı deputatları rüşvət və bahalı hədiyyələrlə ölkə hakimiyyətinin lobbisinə çevirməsi iddiaları ilə bağlı istintaq başa çatıb.

Təhqiqat qurumu belə qənaətə gəlib ki, Avropa Şurası Parlament Assambleyasının bir neçə indiki və keçmiş üzvü Azərbaycana münasibətdə etika qaydalarını pozub.

İstintaqın hesabatında AŞPA-da Azərbaycanın xeyrinə çalışan bir qrup şəxsin olduğu deyilir.

Təhqiqat qurumu AŞPA-nın Azərbaycanla bağlı fəaliyyətinə təsir etmək üçün maliyyə vəsaitlərindən istifadənin iki əsas formasına aid faktları müəyyən edib.

Birinci hal bir sıra keçmiş AŞPA millət vəkillərinin ödənişli lobbiçilik fəaliyyəti ilə bağlıdır.

Digər hal isə birbaşa və ya dolayı Azərbaycanın xeyrinə müxtəlif fəaliyyətlərə təsir göstərmək üçün pul və digər korrupsiya fəaliyyətlərindən istifadəyə aiddir.

"Təhqiqat qurumunun bir neçə indiki və keçmiş AŞPA üzvlərinin Azərbaycanın xeyrinə korrupsiya fəaliyyətləri barədə güclü şübhələri var" - hesabatda deyilir.

"Simvolik hədiyyələr də alıblar"

Hədiyyə və müxtəlif növ faydalara gəldikdə, təhqiqat qurumu AŞPA-nın Azərbaycanla əlaqəli işlərdə çalışan millət vəkillərinin və katiblik üzvlərinin müxtəlif hədiyyələr aldığını müəyyənləşdirib.

Eyni zamanda, bu hədiyyələrin ümumi simvolik hədiyyələr olduğu və bir çox ölkələrdə olan nəzakət hədiyyəsi kimi qəbul edildiyi və buna heç bir əhəmiyyətin yüklənmədiyi deyilir.

Hədiyyələrin millət vəkilləri və katiblik üzvlərinin qərarlarına təsir etmək üçün verilib-verilmədiyini müəyyənləşdirmək mümkün olmayıb.

Bu şərtlər altında təhqiqat qurumu bu hədiyyələrin alınmasının AŞPA-nın Azərbaycanla bağlı fəaliyyətində böyük rolunun olmadığını müəyyənləşdirib.

Buna baxmayaraq, təhqiqat qurumu hədiyyələr və ya digər hər hansı benefitlərin alınmasında şəffaflığa ehtiyacı xüsusi qeyd edib.

Fotonun müəllifi FREDERICK FLORIN/AFP/GETTY IMAGES

"Kürü diplomatiyası:Azərbaycan Avropa Şurasını necə susdurdu"

Azərbaycanla bağlı QHT-lərin "Kürü diplomatiyası:Azərbaycan Avropa Şurasını necə susdurdu, I hissə" adlı ilk geniş hesabatı 2012-ci ildə Berlində yerləşən "Avropa Sabitlik Təşəbbüsü" (ESİ) düşüncə mərkəzi tərəfindən dərc edilib.

Sözügedən hesabatda korrupsiya və maraqların təşviqinin AŞPA-nın Azərbaycanla bağlı siyasətinin formalaşmasında və AŞPA seçkiləri müşahidə missiyasının işində rol oynadığı deyilirdi.

Hesabatda 2013-cü ildə Azərbaycanda keçirilən prezident seçkilərində AŞPA-nın seçkiləri müşahidə missiyasını təndiq edən digər bir hesabat da diqqətə alınıb.

Azərbaycana qarşı tənqidlər və ittihamlar İtaliyanın keçmiş millət vəkili və İtaliyanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Luca Volonteyə qarşı cinayət işinin açılmasına gətirib çıxarmışdı.

Luca Volonte Avropa Şurasında Azərbaycan hökümətinin maraqlarını dəstəkləmək üçün Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin keçmiş üzvləri Elxan Süleymanov və Müslüm Məmmədovdan 2 milyon avro almaqda ittiham olunurdu.

AŞPA-da Azərbaycanla bağlı siyasi proseslərə təsir göstərmək

Təhqiqat qurumunun Azərbaycanla bağlı araşdırmada dinlədiyi şahidlərin böyük qismi Azərbaycanın AŞPA-ya qoşulmasından sonra qurumun bu ölkəyə olan tənqidlərinin yumşaldığı fikrini bildirib.

Hesabatda şahid Səməd Seyidov və Tadeusz Iwinski-nin bu dəyişikliyi "yaxşı diplomatiya nəticəsi" olaraq qiymətləndirdiyi deyilir.

Bəzi şahidlər AŞPA-nın bəzi fəaliyyətlərini Azərbaycanın xeyrinə görməsini geosiyasi arqumentlərlə izah edib, digərləri isə AŞPA-da Azərbaycana qarşı əsassız təzyiqlərin edildiyini deyib.

Bəzi şahidlər isə bu səbəblərin korrupsiyanı ört-basır etmək üçün deyildiyini və Azərbaycana fərqli yanaşılması üçün heç bir əsas olmadığını deyib.

Hesabatda qeyd olunur ki, AŞPA-nın beş keçmiş üzvü davranış kodeksini pozaraq, deputat mandatları bitəndən sonra da Azərbaycanın adından lobbiçilik fəaliyyəti aparıblar.

On digər üzvün Azərbaycanla bağlı komitələrdə çalışarkən, yaxud ölkədə seçkilərə monitorinq missiyalarında iştirak edərkən davranış kodeksini pozduqları bildirilir.

Avropa Şurasında təhqiqat qurumu ötən ilin mayından Parlament Assambleyasının (AŞPA) bəzi üzvlərinin Azərbaycan hökumətinin göstərişlərini yerinə yetirməsindən şübhələnərək istintaqa başlayıb.

Şahidlərdən biri Azərbaycanın keçmiş səfiridir

Təhqiqat qurumu Azərbaycanın Avropa Şurasındakı keçmiş səfiri Arif Məmmədovu şahid qismində dindirib.

Onun həm səfir olduğu vaxt, həm də bu vəzifədən getdikdən sonra Azərbaycan ətrafında baş verən məsələlər haqqında cənab Jagland və cənab Björn Bergeni məlumatlandırmağa çalışdığı, lakin onlardan iddialara reaksiyalar olmadığı deyilir.

Cənab Məmmədov həm də o zamankı İnsan Haqları Komissarı cənab Álvaro Gil-Robles ilə danışdığını, cənab Sawicki ilə isə heç vaxt əlaqə qurmadığını deyib.

Bahalı xalçalar, zinyət əşyaları...

Hesabatda "Avropa Sabitlik Təşəbbüsü" (ESİ) düşüncə mərkəzi tərəfindən dərc edilən məqamlar da yer alıb.

Mərkəzin 2016-cı ildə çap etdiyi hesabatında Azərbaycan lobbiçilərinin ən böyük lobbiçilik fəaliyyətinə Azərbaycanın 2014-cü ildə Avropa Şurası Nazirlər Komitəsinin sədrliyini öz üzərinə götürdüyü dövrdə hazırlaşdığını bildirib.

"Avropa Sabitlik Təşəbbüsü" (ESİ) düşüncə mərkəzinin hesabatına görə, minlərlə avro dəyərində bahalı xalçalar hədiyyə verilib; bunun üçün Azərbaycan səfirliyinin ayrıca otaq ayrılıb.

Siyasətçilərə verilən hədiyyələr də lyuks elektron texnika, saatlar və zinyət əşyaları, ödənilmiş tətillər, fahişələr və nəğd verilən və ya anonim şirkətlərin hesabına göndərilən böyük miqdarda pullardan ibarət olub.

"Avropa Sabitlik Təşəbbüsü" (ESİ) düşüncə mərkəzininin dediyinə əsasən, Azərbaycanın Avropada baş lobbiçisi o zaman Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov olub.

Təhqiqat qurumu bu nəticəyə gəlib ki, keçmiş AŞPA rəhbəri Pedro Agramunt, Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov və bəzi deputatlar Davranış Kodeksini pozublar.

Təhqiqat qurumu korrupsiya fəaliyyəti ilə bağlı bu nəticəyə gəlib ki, Luca Volonte Elxan Süleymanov və Müslüm Məmmədovun korrupsiya xarakterli fəaliyyətlərlə əlaqəli olduğuna inanmaq üçün əhəmiyyətli əsaslar var və onlar AŞPA Davranış Kodeksini pozub.

O cümçlədən, Pedro Agramuntun korrupsiya xarakterli fəaliyyətdə tərəf olması haqqında ciddi şübhələr var.

İstintaqı insan haqları məsələləri üzrə ixtisaslaşan və tanınmış üç hakim aparıb.

Onlar AŞPA üzvlərinin Azərbaycan nümayəndə heyəti üzvlərindən rüşvət alması barədə iddiaları yoxlayıblar.

Azərbaycanın 2013-cü ildə AŞPA qərarına təsir göstərməsi barədə şübhələr var.

Azərbaycan Strazburqda yerləşən Avropa Şurasına daxil olan 47 ölkədən biridir.

2013-cü ildə Assambleya almaniyalı parlamentar Chirstopher Strasser-in ölkədə insan haqlarının pozulması və azərbaycanlı "siyasi məhbusların" vəziyyəti barədə hazırladığı hesabatı rədd edib.

Bu şübhələrə əsasən Assembleya üzvlərindən birinə bu hesabatın keçməməsi üçün 2,5 milyon dollardan çox vəsait ödəndiyi iddia edilir.

Azərbaycan isə ünvanına səsləndirilən ittihamları rədd edir.

Hüquq müdafiəçiləri Azərbaycan rəhbərliyini müxalifətə təzyiq göstərməkdə, qeyri-qanuni həbslərdə və söz azadlığını boğmaqda ittiham edir.

Prezident İlham Əliyevə müxalif olanlar vergidən yayınma, casusluq və silah qaçaqmalçılığında ittiham olunublar.

Azərbaycan höküməti isə bütün ittihamları rədd edir və müxalif şəxslərin həbsinin onların siyasi fəaliyyəti ilə əlaqəsi olmadığını deyir.

Bu barədə daha geniş