Təhlil: İlham Əliyevin Londona səfəri onun "prioritetlərindən xəbər verir"

May və Əliyev Fotonun müəllifi Getty Images

Prezident İlham Əliyev inauqurasiya mərasimindən sonra ikinci rəsmi səfərini Britaniyaya edib.

Onun səfər etdiyi ilk ölkə isə Türkiyə olub. İlham Əliyevin xarici səfər seçimi nədən xəbər verir? Britaniyada mənzillənən GPW təhlil mərkəzində Siyasi risklər bölməsinin direktoru deyir ki, bu suala cavab vermək üçün diqqəti səfər vaxtı müzakirə edilən mövzulara yönəltmək lazımdır.

"Azərbaycan öz strategiyasında ən böyük resurslarından - neft və qazdan - istifadə edir. Əliyev seçkilərdən sonra ilk səfərini Türkiyəyə edib və orada energetika layihələri müzakirə olunub. Türkiyədən sonra Əliyev Britaniyadadır və burada da neft və qaz məsələsi əsas müzakirə mövzusudur", - Livia Paggi BBC bildirir.

Potensial risklər

BBC Azərbaycancaya danışan təhlilçi deyir ki, Bakı öz enerji layihələrini diversifikasiya etməyə çalışır ki, bu yolla Rusiyadan irəli gələn potensial riskləri azaltsın.

Onun sözlərinə görə, əvvəlcə Türkiyəyə və daha sonra Britaniyaya səfəri Əliyevin "prioritetlərindən xəbər verir".

Bəs görəsən Əliyevin səfərinə dair Londondan nəzər salınsa necə bir mənzərə açılır?

Livia Paggi hesab edir ki, səfər Britaniya üçün də vacibdir.

Brexit və Azərbaycan

Çünki hazırda post-Brexit siyasətini formalaşdıran Britaniya ikitərəfli münasibətləri inkişaf etdirir. BP-nin Azərbaycanda mövcudluğuna görə Bakı yaxın müttəfiqdir, Livia Paggi deyir.

"Britaniya Azərbaycana bir investor kimi Bakını beynəlxalq səhnədə dəstəkləyir".

Eyni zamanda təhlilçi deyir ki, burada risklər də var. Belə ki, enerji layihələrində şəffaflığın az olması həmişə tənqidlər cəlb edəcək, Livia Paggi belə hesab edir.

İlham Əliyev Londonda yüksək səviyyədə görüşlər keçirib. Downing Street - Britaniya Baş Nazirinin ofisi bildirib ki, İlham Əliyev ölkənin baş naziri Theresa May-lə Azərbaycanda demokratiya və insan haqlarını, o cümlədən, iki ölkə arasında iqtisadi və ticarət, enerji, təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Liderlərin görüşündən dərhal sonra BP və Azərbaycan Dövlət Neft Şirkəti arasında Abşerondaki D230 bloku üçün Hasilatın Pay Bölgüsü Sazişi imzalanıb.

"Britaniya Azərbaycan üçün vacib ölkədir"

Parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov hesab edir ki, Britaniya Azərbaycanın Qərbdə əməkdaşlığa üstünlük verdiyi dövlətdir.

İlham Əliyevin Londona səfərini yüksək dəyərləndirən deputat əlavə edib ki, Britaniya həm investor kimi, həm də BP-nin texnoloji imkanları baxımından Azərbaycan üçün olduqca vacibdir.

"Böyük Britaniya eyni zamanda ABŞ-ın ən yaxın müttəfiqidir. Azərbaycan təbii ki, Britaniya ilə vaxtaşırı lazimi məsləhətləşmələr aparmalıdır", cənab Musabəyov BBC Azərbaycancaya deyib.

"Əliyev Qərbin dəstəyini yenidən qazandı"

"Qərbi yenə də neft demokratiyadan daha çox maraqlandırdı", - siyasi şərhçi Azər Rəşidoğlunun qənaəti belədir.

Onun fikrincə, son illərin təcrübəsi göstərib ki, geosiyasət daha çox iqtisadi maraqlara əsaslanır.

"İlham Əliyevin BP rəhbərliyi ilə görüşməsi, TAP və TANAP layihələri ilə bağlı müzakirə aparması onun mövqelərini daha da gücləndirir".

Azər Rəşidoğlu hesab edir ki, Böyük Britaniya səfərindən sonra İlham Əliyevə Qərbdən gələn təzyiq azalacaq.

"Xüsusilə AŞPA-nın son bəyanatından sonra Bakı bir qədər çətin duruma düşmüşdü. İlham Əliyevə BP, ABŞ prezidenti, Almaniya kansleri kimi Qərbin dəstəyi vacibdir. Zənnimcə, həmin dəstəyi artıq qazandı", - şərhçi BBC Azərbaycancaya bildirib.

Azər Rəşidoğlu xatırladır ki, prezident seçiləndən sonra İlham Əliyev ənənəvi olaraq ikinci rəsmi səfərini Fransaya edirdi: "İkinci səfərin bu dəfə Londona olması Bakının neft strategiyasının dəyişməz qalacağını bəyan etməsi üçün idi. Bunun ardınca da dərhal ABŞ prezidenti Donald Trump-ın təbriki gəldi".

Fotonun müəllifi AZERTAG
Image caption BP və SOCAR arasında D230 bloku üçün Hasilatın Pay Bölgüsü Sazişi müqaviləsinin imzalanması

BP ilə saziş: Neft tapılmasa belə Azərbaycan qazanır

Londonda BP və SOCAR arasında yenicə imzalanmış D230 bloku üçün Hasilatın Pay Bölgüsü Sazişi müqaviləsinin Azərbaycana faydası var, neft-qaz məsələləri üzrə ekspertİ İlham Şaban belə deyib.

BBC Azərbaycancaya müqaviləni şərh edən ekspertin sözlərinə görə, 25 illik müddəti əhatə edən sazişə əsasən, blokdan neft-qaz tapılsa, "buna yarıbayarı şərikdilər". Amma əgər neft tapılmasa, "Azərbaycan heç nə itirmir, çünki kəşfiyyat xərcləri BP-nin üzərinə düşəcək", üstəlik, bütün geoloji kəşfiyyat materialları Azərbaycana baza şəklində veriləcək, cənab Şaban əlavə edib:

"Müqavilədə göstərilir ki, kəşfiyyat müddətində çəkilən bütün xərclər Dövlət Neft Şirkətinin partnyorunun üzərinə düşür. Əgər kəşfiyyat müddətində hər hansı bir kommersiya əhəmiyyətli karbohidrogen ehtiyatı tapılmazsa, çəkilən xərclər Azərbaycan tərəfindən ödənilmir, "- o bildirib.

Ekspert deyib ki, D230 bloku Xəzər dənizində Bakının şimal-şərq istiqamətində yerləşir və çox az öyrənilmiş bir sahədir. Blok təxminən 3200 kvadrat kilometr ərazini əhatə edir. Blokun məhsuldar laylarının gözlənilən dərinliyi təxminən 3500 metrdir, İlham Şaban əlavə edir.

Onun sözlərinə görə, layihənin yalnız kəşfiyyat hissəsinə ən azı 100 milyon dollar vəsait yatıralacaq.

Bu barədə daha geniş