Zaqatala və İsmayıllı: Güclü leysan necə ziyan vurub?

Zaqatala Fotonun müəllifi Turan

Ötən həftə Azərbaycanın Zaqatala və İsmayıllı rayonlarına yağan leysan və dolu təsərrüfata zərər verib.

Zaqatala Rayon İcra Hakimiyyətindən BBC Azərbaycancaya deyilib ki, leysan yağışları nəticəsində insan və iribuynuzlu heyvan itkisi olmayıb.

Zaqatala İcra başçısının birinci müavini və fövqəladə hallar komissiyasının rəhbəri Tofiq Əhmədovun sözlərinə görə, yaranmış fəsadlar aradan qaldırılıb.

Güclü leysan və dolu

BBC Azərbaycancaya danışan Zaqatala sakini Saleh Soltanov deyir ki, mayın 11-də başlayan leysanın gücünə heyrət edib.

"Mən hələ belə güclü yağış görməmişdim. Həmin gün üç dəfə dolu da yağdı", o deyib.

Onun sözlərinə görə, leysan nəticəsində çaylarda daşqın da olub və bir neçə ev suyun altında qalıb.

Həmçinin oxuyun:

"Həyətləri lilli su basıb, bəzi adamların toyuq-cücəsi qırılıb. Həyətlərdə də lil toplanıb", o deyib.

Cənab Soltanovun sözlərinə görə, leysan yağışından sonra şəhərdə üç gün su verilməyib və sakinlər maşınlarla su təmin edilib.

"Suyu bu səhər verdilər, amma hələ bulanıqdır, içmək olmur", o bildirib.

Mayin 11-də axşam saatlarında başlayan leysan yağışları əsasən Zaqatala rayonunun Höytala, Yolayrıc və Mazıx kəndlərinə daha çox ziyan vurub.

Məlumata əsasən, bu kəndlərdə 140-a yaxın həyətyanı sahəni su basıb, elektrik enerjisinin, içməli suyun verilməsində fasilələr yaranıb, Azərtac Dövlət Agentliyi yazır.

Zaqatala İcra başçısının birinci müavini Tofiq Əhmədov deyir ki, çaylarda suyun səviyyəsi "həddindən artıq" çox olub və əhalinin pay toprpaqlarına, həyətyanı sahələrinə su daxil olub.

İcra Hakimiyyəti nümayəndəsinin sözlərinə görə, qurum operativ iş görüb, aidiyyatlı qurumlar hadisə yerində olub.

O deyib ki, bəzi kəndlərdə əlavə bəndlər də tikiləcək.

İsmayıllıdakı vəziyyət

Azərbaycanın şimal-şərqində yerləşən İsmayıllı İcra hakiminin müavini Rövşən Ağayev BBC Azərbaycancaya bildirib ki, bu bölgədə leysan mayın 10-da yağmağa başlayıb.

"Basqal, Mücü, Kürdvan, Zərnava kəndlərində əsasən kənd təsərrüfatına zərər dəyib", o deyib.

Bundan başqa, Basqal- Sulut yolunun 8-cio kilometrində körpü zərər görüb.

Röv.ən Ağayev və Fövqəladə Hallar Nazirliyindən BBC Azərbaycancaya bildirilib ki, fəsadlar aradan qaldırılıb.

Bu ili aprelində Zaqatalada güclü leysan yağışları müşahidə olunub, iri və xırda dağ çaylarında suyun səviyyəsi qalxıb, bəzi çaylarda qısamüddətli sel yaranıb.

2014-cü ilin may ayında İsmayıllı rayonu və bir neçə kəndinə yağan dolu və leysan yüzlərlə hektar təsərrüfata və onlarla baş heyvana ziyan vurub.

Eyni ilin sentyabr ayında isə Zaqatala və Balakən rayonlarında güclü qasırğa və leysan nəticəsində onlarla müxtəlif təyinatlı binaların və fərdi yaşayış evlərinin dam örtüyü tamamilə dağılıb, yol infrastrukturuna "ciddi ziyan" dəyib, yüzlərlə ağac və elektrik dirəyi aşıb.

Bu barədə daha geniş