Astarada ingilis dili müəllimi "təhsildə rüşvətə" etiraz edir

Təhsildə rüşvət, Astara, Qızbəs Məmmədova Fotonun müəllifi edu.gov.az
Image caption Astara şəhər 2 saylı orta məktəbin müəllimi rayon təhsilində rüşvətdən şikayət edib

Astara şəhəri 2 saylı orta məktəbinin bir gənc müəllimi ondan rüşvət istənildiyini deyərək etiraz edir.

BBC Azərbaycancaya danışan Fuad Mehralıyev deyir ki, 2017-ci ildə müəllimlərin diaqnostik qiymətləndirmə imtahanından 54 bal yığaraq ingilis dili müəllimi kimi işə başlayıb.

Onun sözlərinə görə, yüksək bal topladığına görə Rayon Təhsil Şöbəsi ona təmayül dərsləri təklif edib.

"Qəbul etdim, bir həftədən sonra mənə məlum oldu ki, nəsə gözlənti var", deyən müəllim əlavə edir ki, Təhsil Nazirliyinə müraciət etdikdən sonra ona əlavə 18 saat dərs verilib.

Lakin Fuad Mehralıyev "mənim dərdim dərs saatı dərdi deyil" deyərək etirazını davam etdirib.

"Mənim dərdim Astara təhsilində rüşvətin olmasıdır. Mən bunun üçün mübarizə aparıram", deyən müəllim Nazirliyin müdaxiləsindən sonra işdə ona qarşı təzyiqlər olduğunu iddia edib.

"İngilis dilində təmənnasız danışıq klubu etmişdim, sinif otağını əlimdən aldılar ki, məktəbdə tibb məntəqəsi düzəldirik, bu günə kimi düzəltməyiblər", o bildirib.

Fotonun müəllifi Fuad Mehrəliyev
Image caption Astara şəhər 2 saylı məktəbin ingilis dili müəllimi Fuad Mehralıyev

Onun sözlərinə görə, məktəbdə həmçinin müxtəlif bəhanələrlə aylıq 5 manat məbləğində pul yığılıb.

"Əvvəlki aylarda mən də vermişəm bu məbləği, guya təmir üçün yığılır, amma məktəbi dövlət özü təmir edib verib. Sona ay vermədim bu pulu, etiraz elədim".

Bu iddialarla bağlı Astara rayon təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova BBC Azərbaycancaya deyib ki, heç bir rüşvətdən və pul yığmaq məsələsindən söhbət gedə bilməz.

"Onun özünün də iştirakı ilə görüş keçirib narazı olduğu mələləri qismən həll etdik. Məktəbdə ona ingilis dili danışıq klubu üçün sinif otağı ayrıldı. Müəllimlər üçün tələb etdiyi sanitar-qovşaq məsələsi də həllini tapdı", xanım Məmmədova əlavə edib.

Mayın 15-dən işə çıxan müəllim BBC Azərbaycancaya bildirib ki, tələblərinin bəziləri qəbul olunsa da, "rüşvətxorlar cəzalanmayıb".

Təhsil nazirliyinin mətbuat xidmətindən BBC Azərbaycancaya bildiriblər ki, Fuad Mehralıyevin şikayəti əsasında nazirlikdə xidməti araşdırma aparılır. Nəticələr barədə əlavə məlumat veriləcək.

Bu barədə daha geniş