Yerevan: Rusiya əsgərini Ermənistana təhvil vermək tələbilə aksiya

Image caption Yerevanda keçən aksiya iltirakçıları Rusiya əsgərinin Ermənistana verilməsini tələb ediblər.

Ermənistan paytaxtında Rusiya səfirliyi qarşısına toplaşan etirazçılar Gümri şəhərində bir ailənin 6 üzvünü öldürməkdə ittiham olunan Rusiya əsgərinin Ermənistana təhvil verilməsini tələb ediblər.

Valeri Permyakov bazar ertəsi Yerevandan qərbə doğru 120 kilometr aralıqda yerləşən Gümri şəhərində Avetisyan ailəsinin 6 üzvünü öldürməkdə ittiham olunur.

Olaydan bir gün keçmiş Gümri şəhəri yaxınlğındakı 102 saylı Rusiya hərbi bazasında xidmət edən əsgər Ermənistan-Türkiyə sərhəddini keçməyə cəhd edərkən Rusiya sərhədçiləri tərəfindən yaxalanıb.

Hazırda Permyakov Rusiya hərbi bazasının ərazisində saxlanılır. Ermənistan polisinin məlumatına görə o, Gümri şəhərindəki hadisə ilə bağlı günahını boynuna alıb.

Ötən gün Rusiya hərbi bazasında Rusiya nümayəndələri ilə görüşlərdən sonra Ermənistanın Baş Prokurorluğu Valeri Permyakovun Ermənistana təhvil verilməyəcəyini bəyan edib.

Fotonun müəllifi RIA Novosti
Image caption Erməni ailəsinin 6 üzvünü öldürməkdə ittiham olunan Valeri Permyakov Gümridəki Rusiya hərbi bazasının ərazisində saxlanılır

Yurisdiksiya ilə bağlı mübahisələr

"Şübhəli bilinən şəxs Valeri Permyakov Rusiya Federasiyası vətəndaşıdır və hazırda RF hüquq-mühafizə orqanlarının nəzarəti altındadır; bu isə, onun faktiki RF yurisdiksiyası tabeliyində olması deməkdir. Rusiya Konstitusiyasının 61-ci maddəsinin 1-ci bəndinə əsasən, RF vətəndaşı başqa ölkəyə təhvil verilə bilməz, bunun əsasında Permyakovun Ermənistan hüquq-mühafizəçilərinə ötürülməsi məsələsi müzakirə olunmur", - çərşənbə axşamı prokurluğun verdiyi açıqlamasında deyilir.

Ermənistan və Rusiya prokurorluqlarının bəyanatında günahkarların "cəzalandırılmasının labüdlüyü" vurğulanılır. Lakin Ermənistanda geniş reaksiya doğuran hadisədən sonra şübhəli bilinən hərbçinin Ermənistana təhvil verilməsi barədə çağırışlar səslənməkdədir.

Çərşənbə axşamı belə bir tələblə Rusiya səfirliyi qarşısında etiraz aksiyasına qatılan fəallar Rusiya bazasının rəhbərliyini məsuliyyətə cəlb etməyə səsləyiblər. Tanınmış vəkil Yervand Varosyan hesab edir ki, erməni ailəsinin qətlə yetirilməsi işi Ermənistanda baxılmalıdır.

Ermənistanla Rusiya arasında sazişin 4-cü və 5-ci maddələrinə əsasən, hərbi baza ərazisindən kənarda törədilən cinayət işini Ermənistan tərəfi araşdırmalıdır, yalnız baza hərbçisinə və ya onun ailə üzvünə qarşı cinayətlər işi istisna olaraq, RF orqanlarına verilə bilər, News.am saytına danışan vəkil bildirib.

Bu barədə daha geniş