Bakıda ictimai nəqliyyat problemləri nədən yaranır?

Bakıda sərnişinlər ictimai nəqliyyatın fəaliyyətindən narazıdır, BBC Azərbaycancanın keçirdiyi sorğu aşkar edib.

Bu vaxta qədər beynəlxalq təşkilatlar Bakıda ictimai nəqliyyatın keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı bir neçə layihəni həyata keçirmək üçün Azərbaycan hökuməti ilə əməkdaşlıq ediblər.

Bunların arasında Asiya İnkişaf Bankının Bakıda davamlı şəhər nəqliyyatının inkişafını nəzərdə tutan 1 milyona yaxın ABŞ dolları məbləğində investisiya proqramı və Dünya Bankının dəstəklədiyi İntellektual Nəqliyyat Sistemləri layihəsi var.

Mütəxəssislər nəqliyyatın effektiv fəaliyyəti üçün vacib olan amillər arasında bu sahədə təklifin artmaqda olan tələblə ayaqlaşa bilməsini, şəhərətrafı torpaqlardan səmərəli istifadəni, ictimai nəqliyyatın müxtəlif qollarının inteqrasiyasını, habelə nəqliyyatı idarə edən qurumların və rəsmilərin bu sahədə aydın baxışının olmasını qeyd edirlər.

1 milyonluq layihə

Dünya Bankının dəstəklədiyi layihə ictimai nəqliyyatın üzləşdiyi bir sıra problemlərin, o cümlədən nəqliyyat infrastrukturunun qeyri-qənaətbəxş olması, mövcud infrastrukturdan qeyri-effektiv istifadə, istifadəçilərin məlumatlandırılması sahəsində mövcud olan problemlərin həllini nəzərdə tutur.

DB-nin adının çəkilməsini istəməyən nəqliyyat mütəxəssisindən aldığımız məlumata görə, hələ 2008-cu ildə qurum Bakıda nəqliyyat sisteminin təkmilləşdirilməsi məqsədilə 950 min ABŞ dolları məbləğində vəsait ayırıb.

Bu, çoxsahəli layihə olub ümumilikdə şəbəkənin araşdırılması, metro sistemi, şəhərdaxili elektric qatarları, yeni avtobus sistemi, marşrutların tenderə çıxarılması, taksi xidməti, avtobus sürücülərinin təlimi kimi komponentləri əhatə edib.

Bu layihə çərçivəsində Dünya Bankı və Azərbaycan hökuməti İsrailin “Rom Transportation Engineering Ltd”, Finlandiyanın WSP şirkəti ilə əməkdaşlıq edib.

Mütəxəssis həmçinin deyir ki, Böyük Bakının Regional İnkişaf planı 2035-ci ilədək 60-dan çox metro stansiyasının tikilməsi nəzərdə tutulub.

Dünya Bankının mütəxəssisi Bakıda şəhər nəqliyyatının idarəçiliyinin bir yox, bir neçə quruma tabe olmasını və bu sahədə ciddi siyasi iradənin olmamasını ciddi problem hesab etdiyini deyir.

O deyir ki, layihənin icra olundyuğu dövrdə nəqliyyatın idarə olunması üzrə vahid bir komissiyanın yaradılması təklifi hökumət tərəfindən müsbət qarşılanmayıb.

Bundan başqa Dünya Bankının nəqliyyat ekspertləri hazırda Bakıda olan Nəqliyyatın İntellektual İdarəetmə (Nİİ) sistemini dünyada bu sahədə ən qabaqcıl texnologiya hesab etsələr də, onu tıxacların və sıxlığın aradan qaldırılması üçün vasitə hesab etmirlər. Məhz bu səbəbdən Bank bu təşəbbüsü maliyyələşdirməkdən imtina edib. Həmçinin Azərbaycan hökuməti bu məsələdə Seul təcrübəsindən istifadə etməyə üstünlük verərək, layihənin icrası üçün bir Koreya şirkətini dəvət edib.

Mütəxəssis problemin kökündən həll olunması üçün institusional məsələlərin həllinin vacib olduğunu qeyd edib.

Dövlətin şəhərdə avtomobillərin sıxlığının azaldılması üçün tədbirlər görməsi də vacib amillərdən hesab olunur.

Bu, xüsusilə də insanları şəxsi avtomobil sahibi olmazdan əvvəl daha çox düşünməyə sövq edən tədbirlər olmalıdır.

Mütəxəssislər bunu “avtomobillərə qarşı qeyri-stimullaşdırma tədbirləri” adlandlırırlar və dövlərin bu tədbirləri həyata keçirmədiyi təqdirdə problemin artacağı barədə xəbərdarlıq edirlər.

Şikayətlər

Urbanist, Şəhər İnkişaf Mərkəzinin rəhbəri Fuad Cəfərli deyir ki, Azərbaycanda ictimai nəqliyyat həmişə dəbdə olub.

“Baxmayaraq ki, avomobilləşmə göz önündə sürətlənir, hələ də biz dünyada ən aşağı avtomobilləşmə göstrəicisinə malikik”.

Onun fikrincə, ictimai nəqliyyat sağlam iqtisadiyyat deməkdir və həmçinin sosial normalar güzgüsüdür.

“Diqqət edin - ölkə büdcəsinin əhəmiyyətli hissəsi yol tikintisinə və genişləndirilməsinə yönəldilir. Bu həm də avtomobilləşmənin dolayı yolla dotasiyaladşrılması deməkdir.”

BBC Azərbaycancanın Bakı küçələrində və Facebook səhifəsində apardığı sorğu göstərib ki, sərnişinlər ictimai nəqliyyatın vəziyyətindən müxtəlif səbəblərə görə şikayətçidir.

İctimai nəqliyyatdakı sıxlıq, dayanacaqlardan düzgün istifadə olunmaması, avtobus sürücülərinin yol hərəkət qaydalarına əməl etməməsi və yollarda təhlükəli vəziyyət yaratması, antisanitariya Bakı sakinlərini narahat edir.

“İctimai nəqliyyatın vəziyyətindən həm razıyıq, həm də narazı. Tıxaca düşüb ilişib qalırıq, işə gecikirik”, bir sərnişin deyir.

Bir Facebook istifadəçisi isə sorğumuza belə cavab verib: “… Baxan, maraqlanan yoxdur. Bu tozdan, mikrobdan hamı xəstəlik tutub öləcək. Aidiyyati qurumlar nə fikirləşir görəsən bu haqda? Maraqlıdır!”

Təəssüf ki, aidiyyati qurumların nə fikirləşdiyini öyrənə bilmədik, çünki Nəqliyyat Nazirliyi ilə əlaqə saxlamaq üçün göstərdiyimiz çoxsaylı cəhdlər baş tutmadı.

Fuad Cəfərli ictimai nəqliyyat sahəsində inkişafın baş verməsi üçün qiymətlərin artırılmasının vacibliyini vurğulayır və hesab edir ki, ictimai xidmətlərin keyfiyyətinin artırılmsında ən əsas məsələ onun cəlbedici qiymətlərinin olmasıdır, bu isə yaxşı investisiya, keyfiyyətli və təhlükəsiz ictimai nəqliyyat deməkdir.

“Hesablamalara görə, nəqliyyat xərcləri hər bir işləyən adamın aylıq büdcəsinin 10-15%-i tutur. Azərbaycanda hər bir avtomobilçi aylıq xərclərinin bundan çox olduğunu söyləyə bilər”, o əlavə edir.

Yeni avtobuslar, yeni dayanacaqlar

Bakıda fəaliyyət göstərən digər bir beynəlxalq maliyyə qurumu isə, ictimai nəqliyyatla bağlı problemlərin tarixdə qala biləcəyi bir layihə üzərində işləyir.

Bu layihə Zabratdan keçən mövcud dəmir yollarından istifadə etməklə Bakı və Sumqayıtı birləşdirəcək.

Layihənin müəllifi olan Asiya Inkişaf Bankının Mərkəzi və Qərbi Asiya şöbəsində şəhər nəqliyyatına cavabdeh mütəxəssis David Morgenstern BBC Azərbaycancaya deyib ki, bu, 54 km-lik yoldur.

“Biz sərnişinlərə modernləşdirilmiş dəmiryol xidmətini təqdim edəcəyik. Qatarların hərəkət tezliyi, sürəti, qatarların, daşımaların keyfiyyəti yaxşılaşdırılacaq. Bu da öz növbəsində iki şəhər arasında hərəkət edən insanları öz avtomobillərindən və marşrut avtobuslarından düşüb bu yeniləşdirilmiş nəqliyyat növündən istifadə etməyə həvəsləndirəcək”, o deyir.

Cənab Morgenstern deyir ki, AİB həmçinin hökumətə şəhərin mərkəzindəki quru nəqliyyatının, xüsusən avtobus şəbəkəsinin optimallaşdırılması və yaxşılaşdırılması sahəsində də kömək edir.

“Bura yeni avtobuslar, yeni dayanacaqlar, yeni marşrutlar da daxildir. Biz bir sıra radikal dəyişikliklər təklif edirik. Biz avtobus yollarının xüsusi olaraq ayrılmasını təklif edirik ki, bu da şəhər nəqliyyatının vəziyyətini yaxşılaşdırmalıdır”.

Ancaq bütün bunlar hələ ki, intellektual səviyyədə görülən işdir və hələ ki, real layihə şəklinə düşməyib, AİB rəsmisinin sözündən məlum olur.

“Hələliksə biz hökumətə araşdırmalar və tövsiyyələrlə kömək edirik”, AİB nümayəndəsi deyir.

Onun sözlərinə görə, bundan əvvəl hökumət daha çox avtomobillər üçün nəqliyyat infrastrukturunun yaxşılaşdırılması barədə düşünüb.

“Amma bizim fəlsəfəmiz insanların və hökumətin diqqətini şəxsi avtomobillərdən yayındırıb motorsuz nəqliyyat növlərinə, piyada yolları şəbəkələrinin yaxşılaşdırılmasına, habelə ictimai nəqliyyata yönəltməkdir”.

Cənab Morgensternin sözlərinə görə, əsas layihələr həm də qadınlar, uşaqlı valideynlər, əlilliyi olan insanlar üçün nəqliyyatın fiziki və maliyyə baxımından əlçatan olmasını da nəzərdə tutur.

Hökumət müasir avtobuslar alsa da, vahid bir nəqliyyat qurumunun olmaması ilə yanaşı, infrastruktrun və yolların tələbata tam cavab verməməsi hələ ki, ictimai nəqliyyat istifadəçilərinin vəziyyətdən tam qane olmasını qeyri-mümkün edir.

Bu barədə daha geniş