Cənub Qaz Dəhlizi layihəsinə hansı əngəllər var?

Fotonun müəllifi prezident.az

Azərbaycanın iqtisadi-enerji baxımından gələcəyi hesab edilən Cənub Qaz Dəhlizi (CQD) layihəsinin ilk Məşvərət Şurasının keçirilməsi ərəfəsində layihənin indiki vəziyyəti suallar yaradıb.

Layihəyə şübhəli yanaşma prezident İlham Əliyevin ötən həftə Münhen Təhlükəsizlik Şurasının görüşündə Avropa İttifaqı üzvlərini "daha çox əlaqələndirmə və çevikliyə" çağırması barədə fikirlərindən sonra yaranıb.

Həmin vaxt cənab Əliyev deyib ki, "bəzən Avropa təşkilatlarının qaydaları çox vaxt aparır. Biz bürokratiya ilə bağlı müəyyən məsələlərlə üzləşirik və biz vaxt itirə bilmərik".

Təhlilçilərin fikrincə, İlham Əliyevi bu sözləri dilə gətirməyə məcbur edən təkcə, qaz məsələlərində diversifikasiya istəyən Avropa İttifaqından gələn "ciddi siqnallar" deyil, həmçinin "ciddi siyasi və maddi dəstəyin verilməməsidir".

Xəzər dənizi qazını Gürcüstan və Türkiyə üzərindən Avropaya daşımağı əsas götürən şaxələnmiş layihənin təməlqoyma mərasimi ötən ilin sentyabrında reallaşıb. 3500 km-dən çox uzanaraq yeddi ölkədən keçən layihəyə təxmini yatırım 45 milyard dollardır.

Fotonun müəllifi tapag.com

İqtisadçılar hesab edir ki, TAP, TANAP və Cənub Qafqaz Boru Kəmərinin daxil olduğu Cənub Qaz Dəhlizi layihəsində Azərbaycan hələ 2013-cü ildən öz seçimini açıq göstərsə də, Avropa İttifaqı ölkələrində "gözlənilməz" hadisələr baş verir.

Yunanıstandan "təhlükəli siqnal"

Ən son belə hadisə yenicə hakimiyyətə gələn solçu Yunanıstan hökümətinin sələfinin bağladığı layihələrə şübhə ilə yanaşması və nəzərdən keçirməyə meylli olması olub. Bu layihələrin arasında Azərbaycan Dövlət Neft Şirkətinin Yunanıstanın qaz operatorunu almaq üçün imzaladığı müqavilə də var.

"Bu ən böyük təhlükəli siqnallardan biri idi, çünki indiyə kimi Azərbaycanın müqavilə imzaladığı hansısa ölkə belə hərəkət etməmişdi- yəni özündən əvvəlki hökümətin imzaladığı layihəni milli maraqlara ziddi hesab etməmişdi", iqtisadçı İlham Şaban BBC Azərbaycancaya deyib.

Hərçənd ki, Aİ 2005-ci ildə şaxələnmiş enerji layihələri ilə bağlı xüsusi proqram qəbul edərək, bunu enerji təhlükəsizliyinin ana xətti elan edib, cənab Şaban əlavə edir.

Bu baxımdan belə bir vəziyyətdə, o, prezident Əliyevin irad dolu çıxışında hələ "səbirli" davrandığını deyir.

Onun sözlərinə görə, Azərbaycan üçün "çox mühüm" olan Cənub Qaz Dəhlizi layihəsi barədə cümə axşamı görüşündə cənab Əliyev məhz Aİ-nin "niyyətinin dəyişib-dəyişmədiyini" öyrənməyə çalışacaq. Əks halda belə "naz" tipli hərəkətlər layihənin heç 2030-cu ildə də bitməyinə imkan verməz, İlham Şaban belə hesab edir.

ARDNŞ 2013-cü ildə Yunanıstanın təbii qaz nəqli sisteminin operatoru olan DESFA şirkətinin səhmlərinin 66%-nin satın almaq barədə prinsipial razılıq əldə edib, lakin razılığın qüvvəyə minməsi Aİ Enerji Komissarlığının təsdiqini gözləyir.

Bununla yanaşı, bu ilin yanvarında Yunanıstanın yeni hökümətinin bu layihəni yenidən nəzərdən keçirəcəyi barədə məlumatlar yayılıb.

Əliyev maddi dəstək istəyir

İqtisadçı Natiq Cəfərliyə görə, prezident Əliyev Avropadan təkcə siyasi deyil, həmçinin maddi dəstək istəyir.

Çünki prezidentin dediyi kimi, dünya bazarında enerji daşıyıcıları ilə baş verən məsələlər belə bu layihənin sərfəliliyini sual altında qoyur. Xüsusilə o vəziyyətdə ki, bu layihə "çox böyük yatırımlar" tələb edir, hətta Azərbaycan bunun böyük hissəsini öz üzərinə götürsə də.

"Sadəcə o vaxt neftin qiyməti 100 dollardan yuxarı idi, Azərbaycanın valyuta ehtiyatları artırdı və belə bir problemlər yaşanacağı gözlənilmirdi", cənab Cəfərli bildirir.

Onun sözlərinə görə, hazırda Azərbaycanın özündə də neftin qiymətinin düşməsi problemlər yaradıb və "bunun davamlı proses olması ehtimalı çox yüksəkdir".

"Amma Azərbaycan da öz ehtiyatlarının tamamını bu layihələrə xərcləmək istəmir", iqtisadçı ehtimal edir.

Lakin o, Aİ ölkələrindən prezident Əliyevin çağırışına "çox ciddi" reaksiya gələcəyinə inamlı yanaşmır. Çünki cənab Cəfərlinin sözlərinə görə, yaxın beş ildə Avropada "qaz bolluğu" müşahidə ediləcəyi proqnozlaşdırılıb.

Bahalı layihə və kiçik həcmdə qaz

Qaz bazarına İran, İraq, Kipr, İsrail və ABŞ kimi oyunçuların daxil olması da gözlənilir, Natiq Cəfərli deyir.

Onun fikrincə, Avropanı layihəyə az maraqlı edən başqa bir məqam, 2020-ci ildə tamamlanacaq kəmər ilə Azərbaycandan Avropaya ildə 10-12 milyard kub həcmində qazın ötürülməsi ola bilər.

"Bu, Avropa üçün çox kiçik bir rəqəmdir. Təkcə Macarıstanın qaz ehtiyacı 12 milyard kub metrdir", Cəfərli söyləyir.

"Layihənin dəyərinin həddindən artıq böyük olması və Aİ-ə satılacaq qazın kiçik həcmi prezidentin Münhendə dediyi kimi, layihənin sərfəliliyini sual altına salır".

Onun sözlərinə görə, Azərbaycan istəyirdi ki, 2020-ci ildə neft gəlirlərinin azaldığı bir dövrdə qaz satışı ilə məşğul olacaq. Lakin bazara İran kimi digər oyuncuların daxil olmaq istəməsi qaz gəlirlərinin "çox aşağı" olacağını göstərə bilər.

Avropa Türkmənistanın Cənub Qaz Dəhlizi layihəsinə qoşulmasında maraqlıdır, ancaq Rusiyanın təzyiqi və digər amillər nəticəsində bu ölkə layihəyə könülsüz yanaşır.

Rusiyaya qarşı təzyiq

Belə bir vəziyyətdə iqtisadçı İlham Şaban Avropa İttifaqı ölkələrinin bu layihənin adından enerji siyasətində diversifikasiyada istifadə etdiklərini iddia edir.

Cənab Şaban bildirir ki, Avropa son illərdə Azərbaycanın adını çəkmədən Xəzər qazına etdiyi ümidləri dilə gətirərək Rusiyaya qazını ucuz satmağa məcbur edib, yəni CQD gündəmə gələndən bu layihəni Rusiyaya qarşı istifadə edib.

"2008-2009-cu illərdə Rusiya qazını kub metrini 500 dollardan alan Avropa keçən il 341 dollara alıb. Bu il qiymətlər 15 faiz də azalacaq. Görün, təkcə Azərbaycan və Xəzər adının hallanmasından nə qədər qazanc götürülüb".

İqtisadçı deyir ki, bunları nəzərə alaraq, Avropa bu gəlirin bir qismini Azərbaycan və onun tərəfdaşları, yəni CQD ilə bölüşməklə tövhəsini verməlidir. Əks halda anlamalıdır ki, kiçik bir ölkədən istifadə edərək onu risk altına salır.

İlk Məşvərət görüşü

Azərbaycan Enerji Nazirliyi bildirib ki, prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən 12 fevral görüşündə layihənin həyata keçirilməsi üzrə real məsləhətlər, idarəçilik və hazırki vəziyyət müzakirə ediləcək.

Görüşdə Cənub Qaz Dəhlizi layihəsi ölkələrinin - Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, İtaliya və Bolqariyanın nazirləri, eləcə də Aİ Enerji İttifaqı vitse prezidenti, bp-Azərbaycan, ARDNŞ, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa İnkişaf və yenidən qurma Bankı, TAP və TANAP nümayəndələri iştirak edəcək.

Avropa Komissiyasının Enerji İttifaqı üzrə Vitse-Prezidenti Maros Sefcovic Bakıya səfərindən qabaq deyib ki, Azərbaycanla Avropa İttifaqının strateji enerji tərəfdaşlığının mərkəzində Cənub Qaz Dəhlizi durur.

"Məqsədimiz 2019-2020-ci ilədək dəhliz boyu bütün infrastruktur layihələrini işlək vəziyyətə gətirməkdir. Bu məsələ Azərbaycanın gələcək iqtisadi inkişafı ilə bağlı olduğu kimi Avropanın enerji təhlükəsizliyi baxımından da mühüm hesab edilir", cənab Sefcovic bildirib.