Milli Bank: Azərbaycanda kəskin devalvasiya aparılmayacaq

Azərbaycan Mərkəzi Bankı kommersiya banklarında manatla olan əmanətlərini xarici valyutaya çevirmək istəyən əmanətçilərə hər bir şərait yaratmaq göstərişi verib.

Bankın İdarə Heyətinin rəhbəri Elman Rüstəmovun bəyanatından öncə yayılmış məlumatlarda deyilir ki, bəzi banklar müştərilərin manat valyutasını dollara dəyişmək müraciətlərinə rədd cavabı verib.

O, əmanətlərin hansı formada saxlanmasının "əhalinin şəxsi seçimi" olduğunu qeyd edib.

Cənab Rüstəmov bundan əvvəl Financial Times qəzetinə bildirib ki, neft qiymətlərinin düşməsi Azərbaycanın neftdən asılı iqtisadiyyatını sınaq qarşısında qoyduğu üçün ölkə manatın dollara qarşı müəyyən etdiyi qiymətini tərk etməyi planlaşdırır.

"Banklar əmanətlərin konvertasiyasını təmin etməlidir. Biz bu prosesi çox ciddi izləyirik. Çox sevindirici haldır ki, banklardan əhalinin əmanətlərinin qaçışının şahidi olmuruq".

Cənab Rüstəmov bildirib ki, son iki ayda Azərbaycanda müəyyən dollarlaşma prosesi görünür, amma bu, cəmi dörd faiz təşkil edir.

O həmçinin deyib ki, xarici valyutada olan depozitlər üzrə faiz dərəcələrinin milli valyutada olan depozitlər üzrə faiz dərəcələrinə yaxınlaşdığı müşahidə edilir və bu, yaranmış vəziyyətdə gözləniləndir.

Asiya İnkişaf Bankının Bakıdakı daimi nümayəndəliyin baş iqtisadçısı Nail Vəliyev deyib ki, dolların bahalaşması iqtisadiyyata təsirsiz ötüşməyəcək.

"Amma Mərkəzi Bankın kifayət qədər strateji valyuta ehtiyatları var və bu ehtiyatdan istifadə edərək manatın kəskin şəkildə deyil, tədricən ucuzlaşması baş verəcək", APA cənab Vəliyevə istinadla yazır.

Bu baxımdan AİB öz proqnozlarını da dəyişmək məcburiyyətində olduğunu bildirib.

"Çünki manatın məzənnəsinin dəyişməsi inflyasiyaya təsir edən faktorlardandır. İnflyasiyanın artması iqtisadi artıma nə qədər təsir edəcəyini araşdırırıq".

AİB nümayəndəsi deyib ki, neftdən əldə olunan gəlirlərin aşağı düşməsi əsasən neft sektoruna təsir etsə də və bu səbəbdən büdcə xərclərinin azalması müşahidə edilsə də, bu, qeyr-neft sektorunun inkişaf tempinə də öz təsirini göstərəcək.

"2015-ci il üçün Azərbaycanın dövlət büdcəsində neftin baza qiyməti 90 dollar səviyyəsində götürülüb. Hazırda isə neftin 1 barelinin qiyməti 50-60 dollar səviyyəsindədir. Lakin Azərbaycanın strateji valyuta ehtiyatlarıni nəzərə alsaq və fiskal siyasətlə bağlı zəruri tədbirlər görülərsə, qısa müddətdə iqtisadi artımı qoruyub saxlamaq olar”, cənab Quliyev bildirib.

O həmçinin əlavə edib ki, bu ildən proqnozların verilməsi bu il bir qədər çətinləşib, çünki neftin ucuzlaşması fonunda Azərbaycan iqtisadiyyatı müəyyən çətinliklərlə üzləşir, çünki neftin qiymətinin düşməsi Azərbaycanın büdcəsinə ciddi təsir edir.

Elman Rüstəmov isə deyib ki, Azərbaycanda kəskin devalvasiyanın aparılmasına heç bir səbəbə yoxdur və belə bir addım da atılmayacaq.

"Bizim əsas məqsədimiz bundan ibarətdir ki, ölkədə iqtisadi artımı stimullaşdıraq, ölkə başçısının dediyi kimi, ixracatı stimullaşdırılması istiqamətində siyasət aparaq. Çevik məzənnə siyasəti də bunun tərkib hissəsidir”, deyə o bildirib.

Milli Bankın rəhbəri həmçinin çevik məzənnə siyasətinin idxalı bahalaşdıra biləcəyini də deyib, lakin həm də "bu gün Azərbaycanın "idxal məhsullarından asılılığının çox az" olduğunu da əlavə edib.

Elman Rüstəmov cari ildə ölkədə inflyasiyanın birrəqəmli olacağını deyib.

"Sərəncamımızda olan bütün imkanlardan istifadə edərək buna nail olmağa çalışacağıq".

O, Azərbaycanda 2008-2011- ci illərdə tətbiq olunmuş birvalyutalı səbətə qayıdışın daha çevik və müstəqil məzənnə siyasəti yeritməyə imkan verəcəyini deyib.

Yanvar ayının sonlarında Prezident İlham Əliyev manatın məzənnəsinin yüksək həddə saxlanmasının Azərbaycan iqtisadiyyatına mənfi təsir edə biləcəyi barədə danışıb.

Bu barədə daha geniş