"Əsrin Müqaviləsi"nin yenilənməsi ləngiyirmi ?

Fotonun müəllifi BP Azerbaijan
Image caption Əsrin Müqaviləsi 1994-cü ildə imzalanıb

ABŞ-ın Exxon Mobil və Britaniyanın BP şirkəti Azərbaycanda neft hasilatı müqaviləsi ətrafında razılığa gələ bilmir, Reuters agentliyi üç yüksək rütbəli sənaye mənbələrinə əsasən deyir.

Agentlik yazır ki, bu, "Əsrin müqaviləsi" adlanan sənədin yenilənməsini ləngidir.

BP-nin Londondakı Baş Qərargahı və Exxon Mobil BBC Azərbaycancaya bu məlumatı şərh etməkdən imtina edib.

Lakin BP-nin sözçüsü Scott Dean bildirib ki, "Azərbaycandakı tərəfdaşlarımızla birgə biz yerli bazarın inkişafını dəstəkləməyə və əldə edilmiş uğurun davam etdirilməsinə sadiqik."

Əsrin Müqaviləsi 1994-cü ildə imzalanıb.

BP bu layihədə səhmlərin 35.8 faizinə, Exxon isə 8 faizinə malikdir. Digər səhmdarlar, SOCAR, ABŞ-ın Chevron şirkəti və Yaponiyanın İnpex şirkəti hərəsi 11 faizə, Norveçin Statoil şirkəti isə 8.6 faizə malikdir. Türkiyənin TPAO, Yaponiyanın İtochu və Hindistanın ONGC şirkətləri də kiçik səhmlərə sahibdir.

Xəzər dənizində Azəri-Çıraq-Günəşli (AÇQ) yataqlarını idarə edən və qlobal hasilatının onda bir hissəsini buradan götürən BP müqavilənin daha 30 il uzadılması ilə bağlı Azərbaycan höküməti ilə "təqribi razılığa" gəlib.

Lakin AÇQ konsorsiumunda səhmləri vasitəsilə hidrokarbon hasilatının bir hissəsini götürən Exxon 2014-cü ildə dünyada neft qiymətlərinin düşməsi səbəbilə "daha yaxşı şərtlər" gözləyir.

Mənbə Reutersə bildirib ki, hazırda indiki qiymətlərlə 100 milyard dollar gəlir gətirə biləcək layihə uğrunda danışıqlar "çıxılmaz dalana" girib.

Buna, həmçinin Exxon Mobil şirkətinin baş icraçı direktoru Rex Tillerson və onun BP-dəki həmkarı Bob Dudley arasında keçmiş gərginlik də təsir edir, Reuters yazır.

"Razılaşma üçün çoxsaylı cəhdlər olub. BP və Azərbaycan yeni şərtlərə razı olsa da, Exxon onlarla dəfələrlə razılaşmayıb," müzakirələrlə tanış olan neft sənayesindəki qərbli mənbə qeyd edib.

Onun sözlərinə görə, bu mübahisələr iki ildir ki davam edir.

Azərbaycandakı yüksək rütbəli mənbə isə deyib: "Exxon daha yaxşı şərtlər istəyir. Onun konsorsiumun işləməsi barədə BP-ninkindən fərqli öz fikirləri var."

Heç bir mənbə şərtlərin nə olması barədə məlumat verməyib.

Əsrin Müqaviləsinin bitməsinə hələ 8 il qalsa da, enerji sənayesində uzunmüddətli hasilat bölgüsü müqavilələrinin yenilənməsinə vaxtından təxminən 10 il əvvəl baxılır. Buna səbəb yeni sərmayeləri öncədən planlamaqdır.

İndiyə kimi konsorsium tərəfdaşları layihəyə 32 milyard dollar yatırıb.

Bu barədə daha geniş