Toğrul Bağırov: Şahmatda meydan sahibi olmur

Chess Fotonun müəllifi TOBIAS SCHWARZ/ Getty

Şahmat böyük qüvvədir. Tam zarafatsız deyirəm.

Bəşəriyyət öz tarixində bəlkə də milyonlarla oyun icad etsə də, minilliklər öncə yaranan şahmat (onun yaranma tarixini dəqiq heç kim bilmir, amma ən azı 1500 ildir ki, mövcud olması sübut edilib) qədər insanın zehnini, təhlili və riyazi qabiliyətlərini inkişaf etdirən bir məşğuliyyət hələ də tapılmayıb. Hətta indiki kompüter zəmanəsində belə.

Ona görə dünyada ağıllı insanların ən böyük toplaşması Şahmat Olimpiadaları zamanı baş verir.

Çünki dünya ölkələrinin mütləq əksəriyyəti özünün ən ağıllı şahmatçılarını, kişili-qadınlı, toplayıb, onlardan komanda yaradıb, göndərir bu Olimpiadalara.

Həmin ənənənin başlandığı yer təbii ki, London olub və ilk Şahmat Olimpiadası 1927-ci ildə məhz burada keçirilib.

Bu il keçirilən Olimpiada sayca 42-cidir və onun təşkil olunduğu yer Bakıdır.

Bu Olimpiadaya ev sahibliyi etmək üçün Bakı o qədər də əziyyət çəkməyib.

Düzdür, Azərbaycan paytaxtından başqa həmin şöhrətə nail olmaq istəyən daha iki şəhər var idi - Estoniyanın Tallini və Bolqarıstanın Albenası, lakin seçimi keçirən Beynəlxalq Şahmat Federasiyası, FİDE-nin konqresində onlardan heç biri təqdimat mərasimi keçirmədi.

Kimsə deyə bilər ki, onlar Bakı ilə mübarizə aparmaq qabiliyyətində olmadıqlarını başa düşdülər və ona görə hətta təqdimata da pul xərcləmək istəmədilər.

Əslində razılaşaram bu adamlarla. Azərbaycan paytaxtı dəfələrlə sübut edib ki, böyük idman yarışlarını çox gözəl təşkil edə bilir.

Buna bir söz yoxdur. Sadəcə buna əlavə etmək lazımdır ki, Azərbaycan rəsmilərinin qonaqpərvərliyi və hörmət etmək bacarığı da hamıya məlumdur və bu baxımdan da estonlarla bolqarlar bizimkilərlə müqaisəedilməzdirlər.

Güman ki, həm də buna görə onlar könüllü olaraq mübarizədən kənarlaşdılar.

Pulun xərclənməsi məsələsi

Azərbaycan rəsmiləri bəyan ediblər ki, bu Olimpiadaya dövlət büdcəsindən 13,3 milyon avro məbləğində vəsait xərclənəcək.

Estoniya ilə Bolqarıstan isə Avropa İttifaqının üzvləri olsalar da, bu qədər pulu xərcləyə bilməzlər.

Bu Avropa İttifaqının xalqlarında hökümətdən pulların niyə xərcləndiyini soruşmaq adəti var və hökümətin siyasi opponentləri dərhal hay-küy qaldırıb deyə bilərlər ki, bu qədər pulu hansısa ümumdünya qonaqlığındansa tibbə ya təhsilə xərcləmək olardı.

Kimsə deyə bilər ki, yaxşı edərlər, kimsə deyə bilər ki, bu avropalılar milli prestij anlayışının nə olduğunu bilmirlər, mən isə heç nə deməyəcəyəm.

Sadəcə olaraq faktdır ki, nəzərinizə çatdırıram.

Fotonun müəllifi julio donoso/ Getty
Image caption Dünyanın ən güclü şahmatçılarından biri sayılan Harri Kasparov Bakı şahmat məktəbinin yetirməsidir

Amma əslində Bakı həqiqətən də Şahmat Olimpiadasını keçirməyə Tallinlə Albenadan daha çox layiqdir.

Heç olmasa ona görə ki, Azərbaycan şahmat məktəbi dünyada ən güclülərdəndir.

Əbəs yerə deyil ki, bəşəriyyət tarixinin üç ən güclü şahmatçılarından biri, Harri Kasparov məhz bu məktəbin yetirməsidir.

Kasparov artıq şahmat karyerasını bitirsə də, indinin özündə də Azərbaycanda dünyada adı-sanı olan çox güclü şahmatçılar az deyil.

Elə onu demək kifayətdir ki, son Şahmat Olimpiadasında Azərbaycan komandası 2-5-ci yerləri bölüşdürmüşdü.

Ona görə meydan sahiblərinin (gəl ki, şahmatda bu anlayışı yalnız şərti demək olar) kişilərdən ibarət komandası bu Olimpiadada da qalib gəlməyə əsas namizədlərdən biri sayılır.

Təəssüflər olsun ki, Azərbaycanın qadınlardan ibarət komandası haqda bunu demək olmur.

1990-cı illərdə Aynur Sofiyeva şahmatdan millət vəkilliyinə, Firuzə Vəlixanlı isə mühacirətə gedəndən sonra Azərbaycanda dünya səviyyəli şahmatşı xanımlar peyda olmadı.

Elə bu səbəbdən bu oyunlarda Azərbaycan şahmat həvəskarlarının əsas diqqəti kişilərə cəlb olunacaq.

İştirakçıların sayı çoxalsa da, qələbəyə namizədlərin sayı azalıb

Kişilərin yarışında bu oyunlarda 176 ölkənin komandaları iştirak edir və bu, Olimpiadalar tarixində ən böyük göstəricidir.

Təbii ki, onların əksəriyyəti ənənəvi olimpik şüarı olan "əsası qalibiyyət deyil, iştirakdır" anlayışına sadiq qalacaq.

Çünki qələbəyə real namizədlərin sayı o qədər də çox deyil. Bunlar ilk növbədə ABŞ və Rusiya komandalarıdır.

Şahmatçıların əsl gücünü çox yaxşı əks etdirən FİDE-nin əmsallar cədvəlinin ilk onluğunda bu ölkələr müvafiq olaraq üç və iki oyunçu ilə təmsil olunurlar.

Onluqdakı qalan beş şahmatçı Norveç, Fransa, Hindistan, Bolqarıstan və Ermənistanı təmsil edirlər.

Maraqlısı odur ki, bu ölkələr arasında ən güclü komanda son illər üç dəfə Şahmat Olimpiadasının qalibi olmuş Ermənistandır, lakin bu ilin aprelində Qarabağda baş vermiş döyüşlərdən sonra bu komanda Bakıya gəlməkdən imtina etdi.

Buna bir rəsmi səbəb bildirilməsə də, aydındır ki, həmin səbəb təhlükəsizliklə bağlı deyil - erməni idmançıları Azərbaycanda keçirilən bir çox yarışlarda iştirak ediblər və sağ-salamat evlərinə qayıdıblar.

Elə Ermənistanın şahmat yığmasının özü də ötən il Bakıda keçirilən Dünya Kubokunda iştirak etmişdi və komandanın lideri Levon Aroyan bəyan etmişdi ki, onlar Bakıda özlərini çox rahat hiss edirdilər.

Dünyanın daha bir sayılıb-seçilən komandalarından olan İsrail yığması da bu yarışda bir qüvvə təşkil etməyəcək.

Ölkənin aparıcı qrosmeysterləri Boris Gelfand, Emil Sutovski (yeri gəlmişkən, bakılıdır) və İlya Smirin İsrail şahmat federasiyasının yeni rəhbərliyi ilə yola getməyiblər və komandanın tərkibindən çıxarılıblar.

Belə ki, Azərbaycan komandasına rəqib ola biləcək komandalardan ABŞ və Rusiyadan əlavə təbii ki, son Olimpiadanın çempionu Çini və müəyyən dərəcədə Macarıstan, Hindistan, Fransa və Ukraynanı sadalamaq olar.

Maraqlısı odur ki, dünyanın ən güclü şahmatçısı Maqnus Karlsen Norveçi təmsil etsə də, bu ölkənin komandası Olimpiadada ciddi qüvvə sayılmır.

İş ondadır ki, Karlsen ölkədə mövcud olan şahmat məktəbinin yetirməsi deyil, fitri bir istedaddır.

Norveçin qalan şahmatçıları isə çox zəifdirlər. Ona görə komanda şəklində skandinavları nəzərə almamaq da olar.

Azərbaycanın ən yaxşı şahmatçısı Şəhriyar Məmmədyarov FİDE-nin əmsallar cədvəlində11-ci mövqedədir.

Komandanın qalan dörd iştirakçısı isə 32-79-cu mövqelər arasındadırlar. Bu isə kifayət qədər yaxşı göstəricidir. Ona görə, azarkeşlər qələbəyə ümid edə bilərlər.

Qadınlara gəldikdə isə, 138 ölkənin təmsil olunduğu yarışda qələbəyə namizədlərin sayı daha azdır. Bunlar Rusiya, Çin, Ukrayna və Gürcüstandır.

Təşkilatçıların verdiyi məlumata görə, Olimpiada zamanı Bakı küçələrində şahmatı təbliğ edən tədbirlər keçiriləcək və əslində bu çox yaxşı bir haldır.

Şahmatın populyarlaşması, uşaqların ona cəlb olunması (ya da valideyinlərin öz uşaqlarını ona cəlb etməsi) ölkədə ağıllı, savadlı insanların artması deməkdir.

Ölkədə ümumi savad və zehin artdıqca, ağıllı adamların sayı çoxaldıqca isə, yaşayış səviyyəsi də artır.

Bu, təkzibedilməz bir faktdır. Lap elə şahmatdakı mat kimi. Belə ki, şahmat doğrudan da böyük qüvvədir.

Əlaqəli mövzular