Futbol bloqu: "22 il gözlədiyim möcüzə" və ya Azərbaycan-San Marino matçı

San Marino Fotonun müəllifi MARCEL MOCHET / GETTY
Image caption San Marino dünyada avtomobillərin insanlardan çox olduğu yeganə dövlətdir

Bilmirəm, bilirsiniz ya yox, amma 2016-cı il sentyabrın 4-ü Azərbaycan futbolunun tarixinə böyük, qızıl hərflərlə yazıldı. Və siz San Marino - Azərbaycan oyununa baxmısınızsa, həmin tarixin yazılmasının canlı şahidi oldunuz. Çünki bu oyun bitəndən sonra Azərbaycan millisi tarixində ilk dəfə rəsmi beynəlxalq yarışın seçmə qrupunda birinci yerə çıxdı. Olmayıb indiyədək belə bir şey!

Düzdür, bu liderlik cəmi iki saat davam etdi, çünki bu müddət ərzində Almaniya millisi Norveçin qapısına üç cavabsız qol vurmağa bacardı və bu qolların müəllifləri Müllerlə Kimmix kimin kim olduğunu əyani şəkildə və mən deyərdim ki, almancasına nümayiş etdirdilər.

Amma boş verin bu almanları. Əsası odur ki, biz lider idik!

Şəxsən məndə bunun şahidi olmaq arzusu 22 il bundan əvvəl, şərh etdiyim Azərbaycan millisinin ilk rəsmi oyununun televiziya yayımının ilk dəqiqəsindən yarandı.

Ümid edirdim mən o zaman. Sizə deyim ki, hətta millinin ikinci oyununu da şərh edəndə ümid edirdim... Amma sonra bu ümidim öldü.

Yox, tam ölmədi, əbəs yerə demirlər ki, ümid ən sonda ölür. Amma bu ümid beyinimin hansısa ucqar, qaranlıq küncündə, başqa, həyata keçiriləcəyi daha inamlı görünən ümidlərin altında qalmişdir.

Misal üçün kosmosa uçmaq, ya milyoner olmaq, ya dünyanı təkbaşına yelkənli qayıqda dolanmaq, ya da Miss Dünya gözəllik yarışmasının iştirakçılarının hamısı ilə evlənmək...

Amma 2016-cı il sentyabrın 4-ü, bizim London vaxtı ilə saat 18:50-də mən ataların "ölmədik, bu günü də gördük" sözünün mənasını tamamilə anladım.

Bilmirəm, buna görə Azərbaycan millisinin seçmə qrupunun püşkatmasını keçirənə mi, bu qrupda oyunların təqvimini tərtib edənə mi, tanrıya mi, San Marino dövlətinin banisinə mi təşəkkür edim. Yəqin bunların hamısına birdən eləməliyik.

Əbəs yerə demirlər ki, möcüzənin baş verməsi üçün bir yox, bir neçə hadisə üst-üstə düşməlidir...

San Marino - dağ təpəsində yerləşən respublika

Nə isə, sizə danışım San Marinodan. İtaliyanın mərkəzi ərazilərini gəzsəniz, orada Aralıq dənizindən Adriatikə qədər tez-tez belə bir mənzərə görəcəksiniz - uca olmayan bir dağ, ya da çox hündür təpənin başında bir qəsr durub, onun ətrafında isə, dağın yuxarı yarısında bir kənd ya şəhərcik səpələnib.

Bunların hamısı vaxtıikən, Roma imperiyası dağılandan sonra kiçicik dövlətlər olub, lakin vaxt keçdikcə onların ağaları bir biri ilə müharibə edərək, qonşuların hesabına ərazilərini artırırdılar.

Həmçinin oxu:

Toğrul Bağırov Andorra haqqında: "Axı bunların nefti yox, qazı da yox, ümummilli liderləri də yox, əhalinin sayı bizim Salyan rayonundakından azdır, bunlar necə olur ki, bizdən yaxşı futbol oynayırlar?"

Bu artırma nə az, nə çox, 1500 il çəkdi və nəhayət, 19-cu əsrdə İtaliya Roma imperiyasının süqutundan sonra ilk dəfə tam birləşə bildi. Bircə həmin dağlarda yerləşən 60 kvadrat kilometr ərazisi olan San Marinodan başqa.

San Marino 301-ci ildə bir xristian icması şəklində yaransa da, sonradan özünü dövlət elan etdi və əsrlər boyu güclü qonşularının diqqətindən yayına bildi.

Kimsə deyir, monarxiyalar olan qonşulardan fərqli olaraq respublika olduğundan, lakin məncə ona görə ki, kasıb yer yer idi San Marino. Buna görə bu monarxların o dağ təpəsinə gözü düşmürdü.

Düzdür, respublika olması da San Marinoya müstəqilliyini qorumağa kömək etdi. Lakin bu artıq 19-cu əsrdə baş verdi - San Marino bütün qaçqınlara siyasi sığınacaq verirdi və İtaliyanın birləşməsi uğrunda döyüşən inqilabçıların bir çoxu orada Avstriya və digər dövlətlərin polisindən gizlənə bilmişdilər.

Buna cavab olaraq İtaliya birləşəndən sonra inqilabın lideri Giuseppe Garibaldi San Marinoya müstəqil qalmağa icazə verdi.

Qəribə adam imiş bu Garibaldi. Ya da gələcəyi fikirləşən...

Lakin bundan sonra da San Marino kasıb dövlət olaraq qalırdı. Lap ikinci dünya müharibəsi bitənə qədər.

Və burada San Marino xalqı çox qeyri-adi bir addım atdı.

1945-ci ildə San Marino özünə demokratik seçkilər yolu ilə kommunist höküməti seçən dünyada ilk dövlət oldu.

Deyilənə görə, məhz bundan sonra ölkənin iqtisadi vəziyyəti düzəlməyə başladı.

Düzdür 1957-ci ildə kommunistlər seçkiləri uduzub, bundan sonra hakimiyyətə heç vaxt qayıtmadılar, lakin iqtisadi inkişaf davam edirdi və hazırda San Marino ümummilli gəlirin adambaşına düşən səviyyəsinə görə dünyada 24-cü yerdədir.

Yəni, varlı ölkə oldu San Marino.

Nefti, nəinki nefti, heç qazı olmasa belə.

Elə onu demək kifayətdir ki, San Marino dünyada avtomobillərin insanlardan çox olduğu yeganə dövlətdir.

Bunlar haradan futbolçu tapırlar?

Təbii ki, belə bir şəraitdə San Marinodan olan daimi mühacirət dayandı, əhalinin sayı artmağa başladı və bu say 30 minə çatanda dağ əhlisi futbol üzrə milli komanda yaratmaq qərarına gəldi.

Bilmirəm, onlar bu milliyə futbolçuları necə tapırlar, amma bu futbolçuların hamısı həmin dağda doğulub.

Qürurlu millətdir bu dağlılar - kənardan heç kimi dəvət eləmirlər. Pulları olsa belə...

Sonuncu Avropa çempionatı zamanı bütün dünya 330 min əhalisi olan İslandiyanın uğurlarından valeh olanda, həmin ölkənin zarafatçılarından biri orada milli komandanın necə formalaşdığı barədə statistikanı internetdə yaydı.

O, 330 mindən ölkədəki qadınların, uşaqların, yaşlıların, xəstələrin, dövlət qulluqçularının, başqa idmanlarla məşğul olanların və digərlərin sayını çıxanda məlum oldu ki, İslandiyada futbol oynamaq qabiliyyətində olan "cəmi 11 kişi qalır".

Təbii ki, bu zarafatdır, amma necə deyərlər, hər zarafatın kiçik bir hissəsi zarafatdır, qalanı isə həqiqətdir.

Belə bir statistikaya əsaslansaq, əhalisinin sayı İslandiyadan 11 dəfə az olan San Marinoda cəmi bir futbolçu olmalıdır.

Azərbaycana qarşı meydana çıxan qalan 10 nəfəri isə yəqin ki, sürdükləri maşınlardan bir təhər düşürdüb, millətin şərəfini qorumağa xahiş etdilər. Onlar da əllərindən gələni etdilər...

Nə barədə danışasan ki?

Deyəcəksiniz, bu Toğrul hər şey barədə danışdı, Azərbaycan barədə danışmadı. Nə danışım axı?

Azərbaycan haqqında siz özünüz hər şeyi yaxşı bilirsiniz.

Azərbaycanın milli komandasına gələndə isə, burada danışılası bir şey yoxdur.

Düzdür, topa sahib olma faizi 76 idi (əminəm ki, bu da milli komandanın tarixində rekord göstəricidir), amma bunun əsas səbəbkarı həmin top uğrunda mübarizə aparmayan San Marino komandası idi. Qalanı isə...

Kimsə San Marino qapıçısını tərifləyərək, məhz onun gözəl oyunu sayəsində Azərbaycan komandasının çox qol vura bilmədiyini deyir.

Amma mən bu oyunda Aldo Simonçininin bir dəfə də olsa inanılmaz qurtarış etdiyini görmədim.

Futbolçularımızın uzaqdan, özü də çox zaman maneəsiz vurduğu zərbələr qüvvətsiz, yaxından vurduqları isə qeyri-dəqiq idi. Bu isə futbolçuların ümumi səviyyəsi barəsində artıq nəsə deyə bilər. Nə dediyini isə özünüz başa düşün...

Azərbaycan millisinin oyununda nəzərə çarpan yeganə müsbət məqam Əfran İsmayılovun verdiyi çoxsaylı dəqiq, ən əsası isə iti və təhlükəli ötürmələr idi.

Lakin bilmək olmur, buna rəqib futbolçuları imkan verirdilər, ya da Prosineçki Əfrana meydanda düzgün mövqe tapa bildi.

San Marino elə rəqib deyil ki, onunla oyun əsasında hansısa mülahizələr irəli sürəsən.

Bunun üçün gələn oyunadək gözləmək lazımdır.

Gözləyərik də. Və ümid edərik ki, növbəti möcüzə üçün 22 ildən az gözləməli olacağıq...

Əlaqəli mövzular