Adlar və kişilərin ürkək dominantlığı

Lady Gaga kişi geyimində Fotonun müəllifi Kevin Winter/Getty
Image caption Müğənni Lady Gaga 2011-ci il MTV mükafatları mərasimində kişi geyimində çıxış edib

Uşaq yaşlarımda mənə qərib gələn məsələlərdən biri Quzey Azərbaycanda yaşayan bir xanım qohumumuzun adının Səxavət olması idi. Güneydə oğlan adı kimi bilinən bu adın bir xanıma qoyulması, çox güman ki, mənim kimi başqa Güneylilərin də təəccübünə səbəb olmuşdu.

Qızlara oğlan adının qoyulması bizim cəmiyyətə xas bir məsələ deyil, bu bir ictimai quruluşun məhsuludur.

Amerikada prezidentlik seçkilərində Demokrat partiyasının namizədi olan Hillary Clintonun adının əslində oğlan adı olduğunu öyrənəndə bəlkə bir çox insan təəccüblənə bilər.

Bununla belə Amerikada bu ad artıq qız adı kimi də normal qarşılanmaqdadır. Daha doğrusu bu ad oğlanlara məxsus olmaqdan yaxa qurtara bilmişdir.

Normal qarşılanmayan və bir çox halda qəbul edilməyən məsələ isə, cəmiyyətdə qız adları kimi bilinən adların oğlanlara qoyulmasıdır.

Məsələyə kontekstində baxmaq istəsək, insanlar sadəcə adları onlara məlum olan iki cins əsasında bölməmişlər; ümumi yerlərdə olan tualetlərdən tutmuş, peşələrə qədər hansının kişilər, hansının qadınlar üçün olduğu müəyyən edilmişdir.

Oğlan-qız adları da bu hekayənin bir parçasıdır.

Qız adı daşıyan oğlanlara rastlaşmadığımızın və ya (varsa da) nadirən rastlaşdığımızın ana səbəbi, cəmiyyətdə cinsiyyətlərə olan iyerarxik münasibətdir.

Təbii ki, bu ictimai quruluşda cəmiyyətdə aşağı görünən cinsə məxsus adların oğlanlara qoyulması mümkün görünmür.

Əksinə, qızlara qoyulan oğlan adları, üstün statusda olan cinsiyyətin adları olduğu üçün daha rahat qəbul edilə bilər.

Crossdressing

Bu məsələ sadəcə adlarda bitmir. Qərbdəki "Crossdressing" də bu iddiaya əsas verir. Crossdressing (krosdressinq), qarşı cins kimi geyinib-keçinmək meylidir.

Crossdresserlərin təcrübələri, qadınların qarşı tərəfə (kişilərə) məxsus paltarı geymək üçün ictimaiyyətin müqaviməti ilə qarşılaşmadıqlarını göstərir.

Kişilər isə qadınlara məxsus geyimləri geydikləri üçün ciddi reaksiyaya səbəb olur.

Bu üzdən Crossdressing məsələsində kişilər daha çox problemlə qarşılaşırlar. Bunun kökündə qadınlara olan aşağılayıcı münasibət dayanır.

Başqa sözlə, "yüksək statuslu" cinsiyyətin, "aşağı statuslu" cinsiyyətə bənzəməkdə meyilli olması ilə kişi dominantlıq və üstünlüyü riskə atılmış sayılır.

Peşə seqreqasiyası

Hillary Clinton nümunəsi bizi həm adlardakı cinsiyyət ayrımı ilə tanış edir, həm də peşə seqreqasiyasını anlamaq baxımından önəmlidir.

Fotonun müəllifi Justin Sullivan/Getty

İctimaiyyət insanları sadəcə bioloji fərqlərinə görə iki fərqli cinsə ayırmır, bu bioloji cinsiyyət əsasında onların ictimai davranışını da müəyyənləşdirməyə çalışır və bu iki cinsdən olan gözləntiləri ilə, onlardan gender rollarını oynamağı tələb edir.

Artıq insanlar, bağlı olduqları cinsiyyət əsasında peşələrini də, davranışlarını da, danışıq tərzlərini də uyğunlaşdırmalıdırlar.

Hillary Clinton nümunəsi, bir baxımdan insanların alışdığı gender rolu ilə üst-üstə düşmür.

Hillary, seçilərsə, Amerikanın ilk qadın prezidenti olacaq və bu siyasəti kişilərin peşəsi kimi kodlaşdıran icmaların quruluşuna uyğun olmayan bir hadisə olacaq.

"Tibb bacısı"

Peşə seqreqasiyası bütün ictimaiyyətlərdə olduğu kimi bizdə də var. Hətta bəzən peşələrə seçilən adlarda belə özünü göstərə bilər.

Bunun ən bariz nümunəsi Azərbaycanda "tibb bacısı" və ya Türkiyədə "hemşire" sözləridir.

Özündə cinsiyyətçilik və cinsiyyət əsasında olan peşə seqreqasiyasını təcəssüm etdirən bu adlar, qadınların tibb sahəsində görə biləcəyi işi müəyyənləşdirməyə çalışır.

Tibb sahəsində doktorlar və ya cərrahlarla müqayisədə daha az gəliri olan bu peşə üçün qadınları uyğun görmək, hər şeydən öncə üstün tibb sahəsində çalışan və bəzi cəmiyyətlərdə üstün sayılan cinsiyyətə mənsub olanların maddi mənafeyinə xidmət edir.

Təbii ki, Hillary Clinton president seçilsə belə, bu məsələni cinsiyyət bərabərliyinin bir sübutu kimi göstərmək doğru sayılmaz.

Necə ki, qaradərili Obamanın prezident olması və Azərbaycan Türkü olan Xamneyinin dini lider olması, hələ Amerikada qaradərililərə qarşı, İranda isə Türklərə qarşı olan irqçiliyin sonu anlamına gəlməz.

Bu üzdən ictimai problemləri sadəcə fərdlər və ya məhdud qruplara əsaslanarmaq deyil, ictimaiyyətin quruluşu əsasında təhlil etmək daha məntiqlidir.

Çünki qadınların siyasət və ya qanunvericilikdəki rollarının çoxalması gender bərabərliyinin sübutu sayılsaydı, Ruanda kimi bir ölkədə, qadınlar parlament kürsülərinin 63.8 faizini əldə etdikləri üçün gender bərabərliyinə də yaxınlaşmalıydılar.

Gerçəklik isə tam başqadır.

Əlaqəli mövzular

Bu barədə daha geniş