Futbol bloqu: Prosineçkinin ideal taktikası

Azərbaycan - Norveç oyunu Fotonun müəllifi TOFIK BABAYEV

Ümid etməyə dəyərdi

Ümid etmək lazımdır. Mütləq lazımdır! Çünki nəyəsə ümid edəndə həmin ümidləriniz həyata keçir. Həmişə yox, heç tez-tez də yox, çox nadir hallarda, amma keçir axı! Baxın, bir ay bundan əvvəl Azərbaycan millisinin son oyunu haqqındakı yazımın sonunda yazdım ki, "və ümid edərik ki, növbəti möcüzə üçün 22 ildən az gözləməli olacağıq...", və budur, baş verdi bu möcüzə! Azərbaycan millisi yenə də qrupunun lideri oldu! Düzdür, yenə də cəmi üç saatlıq, amma oldu axı!

Özü də bu dəfə hansısa San-Marinonu deyil, Norveçi məğlub edəndən sonra. Açığını deyim, o yazıda həmin sözləri yazanda doğrudan da ümid edirdim, amma ümidimin elə tez həyata keçəcəyini gözləmirdim. Demirəm ki, Azərbaycanın Norveçi məğlub edə biləcəyinə inanmırdım, sadəcə olaraq Azərbaycanla Avropadakı vaxt fərqini nəzərə almamışdım.

Norveçə gəldikdə isə, Norveç artıq o Norveç deyil. Yox, ölkə kimi elə həmin Norveçdir. Neft pulunu da mərmər parklar tikməyərək, Olimpiya oyunları keçirməyərək, stabilizasiya fonduna yığır, Rusiya ilə sərhəddə dəmir hasarını da tikir, canlı kralı ola-ola seçkilər-filanlar da keçirir... Yəni yaşayır o Norveç hələ də. Bir təhər olsa da, dünyanın ən bahalı ölkələrindən biri olsa da, yaşayır.

Gözləntilər

Mən dediyim isə Norveçin futbol üzrə milli komandasıdır. İyirmi il bundan əvvəl, 1996-cı ildə, o zamanlar çox oxunan "Azadlıq" qəzetində Azərbaycan millisinin seçmə qrupunu təhlil edərək yazmışdım ki, Norveçdə Azərbaycan millisi 0:5 hesabı ilə məğlub olacaq. Cavan idim də, ona görə təhlil edəndə gözlədiyim hesabı da əminliklə yazırdım. İndi eləmərəm belə şeyi. Heç olmasa ona görə ki, yaşadığım həyat təcrübəsi, gördüyüm insanlarla hadisələr və elə həmin "Azadlıq" qəzetinin taleyi mənə öyrədib ki, heç nədə dəqiqliklə əmin olmaq olmaz. Düzdür, həmin oyunda Azərbaycan millisi elə məhz həmin hesabla uduzdu, amma o zaman sadəcə olaraq bəxtim gətirmişdi. Çünki hesab 4:0 da, 6:0 da ola bilərdi. Çünki o zaman Norveç millisi çox güclü və Avropada sayılanlardan idi.

Fotonun müəllifi TOFIK BABAYEV

İndi isə Norveçin heyətində nə o səviyyədə futbolçular, nə o vaxtkı sürət, nə vahimə, nə də əzm yoxdur. Elə o səbəbdən Azərbaycan komandasının onlardan xal almasını əvvəlcədən təxmin etmək olardı. Təbii ki, bunu əminliklə demək də düzgün olmazdı. Ən azı ona görə ki, Azərbaycan millisi özü də böyük bir qüvvə deyil. Və hər şey onun nə cür oynayacağından asılı idi.

Prosineçkinin ideal taktikası

Azərbaycan millisi çox yaxşı oynadı. Robert Prosineçki Norveçə qarşı qələbə gətirə bilən çox düzgün oyun planını seçdi və bu planın yerinə yetirilməsi onun idarə etdiyi komandaya qələbə gətirdi. Prosineçki Norveç millisinin bütün zəif cəhətlərini nəzərə alaraq, onlardan çox gözəl istifadə etdi. Bu Norveç komandası cəld deyil və mən deyərdim ki, hətta ləngdir. Söhbət oyunçuların sürətindən getmir. Düzdür, bu baxımdan da onların səviyyəsi ümumavropadakından xeyli aşağı olsa da, norveçlilər meydandakı qaçışlarda Azərbaycan futbolçularını asanlıqla ötürdülər. Söhbət onların cəld hərəkət etmək və meydanda qərarları cəld qəbul etmək qabiliyyətindən gedir. Bu baxımdan hündürboy şimallıların indiki futbol nəslini inkişaf etmiş adlandırmaq olmaz.

Elə məhz buna görə, müdafiəni sayca kütləviləşdirərək, cərimə meydançasında və onun həndəvərində norveçlilərə düşünməyə və tərpənməyə imkan verməyərək, onları təhlükə yaratmaqdan məhrum etmək olardı. Prosineçki də məhz bunu etdi. Siz deyərsiniz ki, burada təzə nə var ki, Prosineçkidən əvvəlki məşqçilər zamanı da Azərbaycan komandası demək olar ki həmişə kütləvi şəkildə müdafiə olunurdu, amma qollar buraxırdı. Düz deyərsiniz. Amma fikir versəniz, bu oyunda Azərbaycan futbolçuları müdafiədə rəqiblə mümkün qədər sıx oynayırdılar ki, əvvəllər elə deyildi. Texniki cəhətdən o qədər də güclü olmayan norveçlilərə qarşı bu ən yaxşı çarə idi ki, Prosineçki ondan gözəl istifadə etdi.

Oyunun ilk 10 dəqiqəsi ərzində Azərbaycan komandası fəal hücumlara keçdi. Nəticədə Maksim Medvedev rəqibin cərimə meydançasında topla rastlaşan zamanı ənənəvi Azərbaycan adətinin əksinə hərəkət edərək, onu ram etməyə çalışmadan birbaşa zərbə endirdi və bu dairəvi alət öz uçuşunu yalnız Norveç millisinin qapısının toru ilə təmasa girəndən sonra bitirdi. Əla bir qol!

Hakim qərəzsiz idi

Bundan sonra meydan sahibləri müdafiəyə çəkildilər və norveçlilər getdikcə daha böyük üstünlük əldə edirdilər. Azərbaycan millisi isə buna yalnız nadir hallarda Ağabala Ramazanov və Ruslan Qurbanovun iştirakı və səylərilə yaradılan hücumlarla cavab verirdi ki, bu oyunçuların sürəti yüksək olmadığından onları qarşılamaq üçün özlərini geriyə çatdıran 5-6 norveçli müdafiəçi üçün həmin hücumları zərərsizləşdirmək çətinlik törətmirdi.

Fotonun müəllifi TOFIK BABAYEV

Amma burada da Prosineçki çox ağıllı gediş etdi. Azərbaycan futbolçularının texniki baxımdan qonaqlardan daha üstün olduğunu və eyni zamanda sürətdə onlara uduzacağını bilərək, o, hücumçulara fərdi ustalıqdan istifadə edərək, çevik olmayan norveçliləri driblinq vasitəsilə aldatmağa göstərişi verdi. Nəticədə Azərbaycan futbolçularının fərdi oynaması norveçlilər üçün çox problemlər yaratdı və onlar tez-tez qaydaları pozmalı oldular.

Düzdür, hücumçularımız heç də hər dəfə norveçlilərin "köməyi" nəticəsində yıxılmırdılar və bir neçə dəfə israilli hakim Liran Liani qonaqların qapısına tərəf haqsız cərimə zərbələri təyin etdi, lakin burada məncə heç bir qərəz barəsində söhbət gedə bilməz. İş ondadır ki, Azərbaycan hücumçuları özlərini elə ustalıqla yerə çırpırdılar ki, kənardan bu doğrudan da kobud qayda pozuntusuna bənzəyirdi.

Onu da deyim ki, hakim Azərbaycan futbolçularının yıxılmaları istisna olmaqla bir dəfə olsun belə səhvə yol verməyib. O, nə qonaqlara qarşı edilən qayda pozuntularına göz yumub, nə də onları başqa cür sıxışdırıb. Belə ki, hakimliyi qərəzli adlandırmaq qətiyyən olmaz. Özü də, Avropada hakimlik bizə qarşı o qədər olub ki, bir dəfə də xeyirimizə olsa, dünya dağılmaz...

Futbol sadəcə oyundur

Bu arada isə norveçlilər təzyiqi artırırdılar və ikinci hissədə Azərbaycan komandası tam heyətlə cərimə meydançasına çəkilərək yalnız topu oradan vurub uzaqlaşdırmağa çalışırdı. Belə davam etsəydi, qonaqların nəticə etibarı ilə qol vuracaqları şübhəsiz idi. Buna yol verməmək üçün topu saxlamaq lazım idi ki, əslində yaxşı texniki qabiliyyətləri olan meydan sahibləri üçün bu çətin məsələ olmamalı idi. Təbii ki, Prosineçki də bunu başa düşürdü və çox güman ki, onun göstərişi nəticəsində 70-ci dəqiqədən sonra Azərbaycan futbolçuları topu saxlamağa və hücuma nisbətən daha iri qüvvələrlə keçməyə başladılar. Nəticədə Azərbaycan millisinin qapısına təzyiq xeyli azaldı və meydan sahibləri tamamilə layiq olduqları qələbəni əldə etdilər.

Mənfi təəssürat yaradan yeganə amil Azərbaycan futbolçularının dəfələrlə yalandan yerə yıxılması və güya ciddi zədə aldıqları kimi hərəkət etmələri idi. Əvvəllər Azərbaycan futbolunda belə adət yox idi və onun son illər getdikcə daha çox yer alması heç də xoşagələn hal deyil. Düzdür, indi bir çox ölkələrdə bu artıq adi hala çevrilib, lakin təmiz oyun nümayiş etdirənlərin də sayı az deyil. Misal üçün, Cənubi Avropa dövlətlərindən fərqli olaraq, İngiltərə və ondan üzü şimala yerləşən bütün Avropa dövlətlərində (təbii ki, Norveç də daxil olmaqla) bunlar nalayiq hərəkət kimi qiymətləndirilir. Vaxt var idi ki, Azərbaycanda da belə düşüncə hökm sürürdü.

Kimsə deyər ki, qələbə üçün bütün vasitələr yaxşıdır, amma mən bu fikirlə razı deyiləm. Kiminsə məni və mənim millətimi fırıldaqçı kimi qiymətləndirməyindənsə, milli komandamın uduzması daha yaxşı olar mənim üçün. Burada qorxulu bir şey yoxdur. Futbol sadəcə oyundur. Burada uduzsan da, torpağı əldən verməyəcəksən...

Əlaqəli mövzular