Futbol bloqu: Başlanğıcın sonu?

Fotonun müəllifi AFP
Image caption Azərbaycan-Çexiya oyunu 11 oktyabrda baş tutub

Başlanğıcın sonu?

Azərbaycan qrupda ikincidir. Almaniyadan sonra. Çexiya, Şimali İrlandiya və Norveçdən irəlidə. Üç turdan sonra. Bu artıq zarafat deyil. Güman ki, təsadüf də deyil. Bu artıq nəsə deməkdir. Nə? Məncə, bu artıq Azərbaycan milli komandasının futbolu necə oynamağı başa düşməsi deməkdir.

San-Marino ilə oyundan sonra demək olardı ki, bunlara qalib gəlməmək mümkün deyildi və millini hətta kənd komandasına cəmi bir qol vurmağına görə tənqid də etmək olardı. Norveçlə oyundan sonra demək olardı ki, bu skandinavlar beynəlxalq futbolda artıq bir qüvvə deyillər. Çexiyadan oyundan sonra isə artıq demək olar ki, bu Azərbaycan komandası öz oyununa malikdir. Gözəl olmayan, hücumda dişsiz olan, amma müdafiədə möhkəm və ən əsası, bütün meydança boyu əzmli mübarizəyə əsaslanan oyun üsuluna. Həmin oyun üsulu nəticəsində Azərbaycan üç oyunda bir qol belə buraxmayıb. Cari seçmə yarışında bütün Avropada bunu bizdən başqa yalnız Almaniya, İngiltərə və Belçika bacarıb. Yaxşı tay-tüşlərə malikik, elə deyilmi?

Keçmişlə indinin fərqi

Fotonun müəllifi AFP

Ən maraqlısı və mən deyərdim ki, qeyri-adisi isə odur ki, Azərbaycan futbolçularının səviyyəsi və bacarıqları yuxarıda sadalanan komandalarda olan həmkarlarındakından xeyli aşağıdır. Nəinki Müller, Azar, Runi və onların komanda yoldaşları, hətta Azərbaycanın özündə olan əvvəlki nəsil futbolçuların səviyyəsi indiki oyunçulardakından xeyli yüksək idi. 90-cı illərdə Azərbaycan millisi Nazim Süleymanov, Vəli Qasımov, Vidadi Rzayev, Yunis Hüseynov, Samir Ələkbərov, Aleksandr Jidkov kimi yüksək üstalığa malik futbolçulara malik olsa da, bütün rəqibləri üçün məhəlləmizdə deyilmişkən, "qapazaltı" rolunu oynayırdı. Və hətta onlardan sonra gələn nəsil - Qurban Qurbanov, Tərlan Əhmədov, Zaur Tağızadə, Samir Əliyev, Mahmud Qurbanovun da ustalığı millinin indiki futbolçularında olandan daha yüksək idi. Nəticə isə eyni idi. Yəni yox idi nəticə.

Hazırkı millinin futbolçularına hörmətim böyük olsa da (inanın ki, bunu söz gəlişi naminə demirəm - göstərdikləri əzmə, meydandakı yoldaşlıq hissinə və əldə etdikləri nəticələrə görə çox hörmət eləyirəm bu uşaqlara), onların arasında yüksək səviyyəli futbolçular yalnız Rəşad Sadıqovla Kamran Ağayevdir. Ramil Şeydayevin oyununda yüksək istedad görmək mümkün olsa da, o istedadı hələ ustalığa çevirmək lazımdır. Vəssalam. Qalanları isə sadə ötürmələrdə səhvlərə yol verir, yaxşı mövqe seçmiş komanda yoldaşını meydanda görə bilmir, qapıya dəqiq zərbə endirə bilmir, yəni uğurlu komanda oyunu üçün tələb olunan xüsusiyyətlərə malik deyillər...

Lakin fikir versəniz, sadaladığım bütün məqamlar hücum oyununa aiddir. Hücum isə futbolda əsas məsələ deyil. Hər halda uğur, yəni xal əldə etmək üçün. Əlbəttə, azarkeş nöqteyi-nəzərdən hücum futboluna baxmaq xoşdur. Azarkeşlik etmədiyin komandalar oynayanda. Öz komandan oynayanda isə sən ilk növbədə uğurlu nəticə görmək istəyirsən. Həmin uğurun hansı (təbii ki, çirkin olmadığı halda) yolla qazanılmasına baxmayaraq. Belə ki, futbolda əsas məsələ müdafiədir.

Ən yaxşı müdafiə... müdafiədir

Əlbəttə, burada kimsə məşhur "ən yaxşı müdafiə hücumdur" misalını xatırlayaraq, mənim səhv olduğumu deyə bilər. Amma futbolda bu prinsipi 50-60-cı illərdə əfsanəvi Braziliya komandası tətbiq etməyə başladı ki, onun heyətində olan futbolçuların bacarığı buna imkan verirdi. "Siz bizə bacardığınız qədər, biz isə sizə istədiyimiz qədər qol vuracağıq" ifadəsini də həmin braziliyalılar boş-boşuna demirdilər ki... İndi bütün dünyada bu prinsipə uyğun oyun sərgiləyən yeganə komanda "Barselona"dır ki, onun heyətinə baxsanız görəcəksiniz ki, bu komanda hücum etməsə günah olar.

Belə ki, Azərbaycan futbolçularının səviyyəsini nəzərə alsaq, bu komanda üçün ən yaxşı müdafiə elə müdafiənin özüdür. Robert Prosineçki də bunu başa düşür. Güman ki, əvvəlki məşqçilər də başa düşürdülər, lakin Prosineçkidən fərqli olaraq, onların qurduğu müdafiə uğurlu olmurdu. Bəs onlarla Prosineçkinin fərqi nədədir? Məncə ondadır ki, Prosineçki futbolçuların ürəklərinə yol tapa bilib. Hər halda mən indiyədək elə əzmli, döyüşkən, hətta meydanın mərkəzində top uğrunda mübarizədə özünü yerə çırpan Azərbaycan millisini görməmişəm. Və komandanın əldə etdiyi uğurun yeganə səbəbi məhz budur - meydan boyunca davamlı mübarizə.

Fotonun müəllifi AFP

Əlbəttə, Azərbaycan futbolçularının fiziki hazırlığı onlara meydanın rəqibə aid olan hissəsində pressinq tətbiq etməyə imkan vermir, lakin rəqib meydanın mərkəzini keçən kimi, orada elə müqavimətlə rastlaşır ki, onu aşmaq heç də asan iş olmur. Prosineçki komandanın oyununu Azərbaycan futbolçularının bütün çatışmazlıqlarını nəzərə alaraq qurub. Misal üçün Avropalı futbolçuların boyca onun komandasından xeyli hündür olduqlarını və bu səbəbdən cərimə meydançasına hava ilə ötürülən topların çox təhlükəli olduğunu başa düşən məşqçi, müdafiənin cinahlarını xeyli möhkəmləndirib və bu addım oyun ərzində rəqiblərin cinahdan asma ötürmələr etmək imkanları xeyli azaldıb.

Əsası bu yoldan dönməməkdir

Amma ən vacibi odur ki, futbolçular özlərinə və komanda yoldaşlarına inanmağa başlayıblar. Elə məhz buna görə onlar meydanda sonadək döyüşürlər və elə məhz buna görə onlar uğurları əldə edirlər. Əlbəttə, bunu tək Prosineçkinin nailiyyəti kimi qiymətləndirmək düzgün olmazdı. Son illər Azərbaycan klublarının Avropadakı uğurları yeni nəsil futbolçularına təcrübə verdi, onlarda özlərinə inam yaratdı və ən əsası, qələbələrin yalnız gərgin əmək nəticəsində əldə oluna biləcəyini anlatdı. Prosineçki isə, bütün bu amillərdən məharətlə istifadə etdi.

Əlbəttə, Azırbaycan millisinin oyunu mükəmməldən və hətta uğurludan xeyli uzaqdır. Hücum müdafiədən daha az vacib olsa da, qələbələr əldə etmək üçün hər halda orada da nəsə etməyi bacarmaq lazımdır. Amma bunlar hələ ilk addımlardır. Hər şeyin bir anda dəyişəcəyini gözləmək lazım deyil, çünki bu sadəcə mümkün deyil. Və komanda bu ruhu kənar təsirdən qoruyub-saxlaya bilsə (biz ümumilikdə Azərbaycanın və sırf Azərbaycan futbolunun tarixində çox belə hadisələr görmüşük), tutduğu yoldan dönməsə, bu uğurları görən yeni nəsillər yetişəcək və biz gələcəkdə böyük qələbələrin şahidi ola bilərik. Özü də bu gələcək heç də uzaq olmaya bilər...

İkinci dünya müharibəsinin ilk günlərindən onda iştirak edən Britaniya almanlar üzərində quruda ilk qələbəsini üç ildən çox gözləməli oldu. Bu qələbə əldə ediləndə, Britaniyanın o vaxtkı baş naziri Uinston Çörçil məşhur 1942-ci il 10 noyabr nitqində, həmin qələbə haqda bunları dedi: "Əlbəttə, bu son deyil. Bu hətta sonun başlanğıcı da deyil. Lakin bu, güman ki, başlanğıcın sonudur."

Çox ümid etmək istərdim ki, bu payız Azərbaycan millisinin tarixində də başlanğıcın sonu olacaq.

Əlaqəli mövzular