Futbol bloqu: baxımlı "Qarabağ" və "Qəbələ"

Fotonun müəllifi PHILIPPE DESMAZES
Image caption Qəbələ- Sent-Etyen matçı oktyabrın 20-də Fransada keçirilib

Fərqli baxımlılıq

Baxımlı. Azərbaycan komandalarının Avropa Liqasının son turundakı oyunlarını bir sözlə şərh etmək istəyəndə yalnız bunu demək olar.

"Qarabağ" da, "Qəbələ" də son cümə axşamı baxımlı oyun sərgilədi.

Lakin bununla onların oxşarlıqları bitir. Elə baxımlılıqları da fərqlidir. Axı həm qılıncoynadanın şıq hərəkətləri ilə nəfis zərbələrini, həm qaydasız döyüşçülərin davalarını da baxımlı adlandırmaq olar.

Bu "Qarabağ" mənim üçün birinciləri, bu "Qəbələ" isə ikinciləri təcəssüm etdirir.

Şəxsən mən birinciləri izləməyi daha xoş xoşlayıram, amma bu o demək deyil ki, mən bir "aristokrat" filanam.

Yasamalda, dağlı məhəlləsinin yanında böyümüş, sonra isə Sovet ordusunda azərbaycanlılığımı sübut etmək məcburiyyətində olmuş bir insan kimi, ikinci üsulla da kifayət qədər tanışam və ona da hörmətim var.

Bu, sadəcə olaraq zövq məsələsidir. Belə ki, başlayaq "Qarabağ"dan.

Mükəmməl "Qarabağ"

Mükəmməl. "Qarabağ"ın PAOK-a qarşı oyununu belə izah etmək olar.

Qurban Qurbanov, gözlənildiyi kimi əvvəlki oyunlardakı səhvlərini nəzərə alaraq, bu dəfə "Qarabağ"ın ənənəvi taktikasına lazımsız əlavələr ya dəyişikliklər etmədi və qonaq komandanı tamamilə məhv etdi.

Həmin axşam Tofiq Bəhramov stadionunun meydançasında yalnız bir komanda var idi - "Qarabağ".

PAOK isə sadəcə olaraq onu kölgələməyə məhkum idi. Gəl ki, Salonik komandası heç də zəif deyil. Misal üçün "Fiorentina" ona qol vurmağı bacarmadı.

Və ümumiyyətlə bu mövsümdə saloniklilər buna qədər cəmi bir məğlubiyyətə uğramışdılar.

"Qarabağ" isə onlara iki cavabsız qol vurdu və ən əsası, bütün oyun ərzində vəziyyətin əsl sahibi kimin olduğuna zərrə qədər şübhə qoymadı.

Yunanıstanın aparıcı idman internet saytının şərhçisi PAOK-un oyununu təhlil edib, məğlubiyyətin səbəbini axtarmağa çalışarkən ona cavab tapa bilmir: "Taktiki baxımdan səhv olmayıb, xəttlər arasında əlaqə pozulmamışdı, komanda müdafiəyə qapanmamışdı.

PAOK ona indiyədək uğur gətirən oyunu sərgiləyirdi." Axırda da nəhayət bir nöqsan tapır (tapmalıdır da, yoxsa deyərlər sən oturub bunu niyə yazırsan ki...) Onun fikrincə, PAOK-un oyunçuları, xüsusən də hücum qrupu, xüsusən də Qarri Rodrigeslə Calma Kampos həmişəki kimi "partlayıcı" deyildilər, yəni ehtirasla oynamırdılar.

Ehtiras

A kişi, ay qardaş, ay həmkarım, bu yazıqlar top görürdülər ki, oyuna ehtirasla yanaşsınlar? O qadındır ki, onsuz qalanda kişilər daha ehtiraslı olurlar, futbolda isə top dalınca boş-boşuna qaçmağı heç kim sevmir.

Çünki qadını təqib edəndə (yaxşı mənada deyirəm a!) ehtiras artır və mükafat getdikcə lamisələnir, topu təqib edəndə isə, sadəcə olaraq taqətdən düşürsən və həvəsin, ehtirasın tükənib gedir.

Elə gedir ki, həmin axşam hətta təqib etdiyin qadının mülayim olması da onu bərpa etməyə bilər...

"Qarabağ" topu saxlayırdı və bu, oyunun taleyini həll etdi. Əslində "Qarabağ" həmişə topu saxlayır, amma bu dəfə ağdamlılar bu işi mükəmməl, demək olar ki səhvsiz etdilər.

Üstəgəl misal üçün, "Fiorentina" ilə oyundan fərqli olaraq çox irəliyə atılmırdılar. Üstəgəl, birinci hissədəki daha çox cinahlar vasitəsilə aparılan oyunun o qədər də uğurlu olmadığını görən Qurban Qurbanov fasilədə taktikada dəyişikliklər etdi və "Qarabağ" "şaquli futbol" oynamağa başladı ki, bu da çox uğurlu oldu.

"Şaquli futbol"un bəhrələri

Birinci qol vurulanda cinah müdafiəçisi Maksim Medvedevin meydanın mərkəz hissəsilə irəliləməsi yunanlar üçün gözlənilməz oldu və müqavimətlə rastlaşmayan Maksimin vəziyyəti düzgün qiymətləndirib, Dani Kintanaya əla ötürmə vermək üçün kifayət qədər vaxtı oldu.

İkinci qolda isə Müərrəmin ötürməsini dahidən başqa heç cür adlandırmaq olmur.

Ümumilikdə isə "Qarabağ"ın bütün futbolçuları oyunu yüksək səviyyədə keçirsələr də, Rəşad Sadıqov - Bədəvi Hüseynov mərkəz müdafiəçiləri cütlüyünü xüsusən qeyd etmək lazımdır.

Onların mükəmməl oyunu rəqibə bir dəfə də əsl qol vəziyyəti yaratmağa imkan vermədi.

Bu qələbə ağdamlıların qrupda ikinci yer uğrunda mübarizədə şanslarını xeyli yaxşılaşdırdı.

Yunanıstan mətbuatı bu mübarizənin iki həftədən sonra Salonikidə keçiriləcək oyunda həll olunacağını deyir və PAOK-u bu oyuna daha yaxşı hazırlaşmağa çağırır.

Amma əslində PAOK-un oyun üsulu "Qarabağ" üçün çox əlverişlidir - Salonik futbolçuları "Slovan"dan fərqli olaraq uzun müddət ərzində pressinq tətbiq etmək üçün kifayət qədər fiziki hazırlıqlı, habelə "Fiorentina" qədər mükəmməl müdafiə və əkshücum bacarığına malik deyillər.

"Qarabağ" Salonikdə də qalib gəlməyə qadirdir. Sadəcə olaraq Qurban Qurbanov PAOK-un ona hazırlayacağı sürprizlərə hazır olmalıdır və öz növbəsində ona qarşı nəsə hazırlamalıdır.

Gəl ki, məncə bunun üçün "Qarabağ"ın ikinci hissədə sərgilədiyi oyundan fərqli heç bir şey lazım deyil də...

"Qəbələ" Fransada televiziya fenomeni yaratdı

Fotonun müəllifi PHILIPPE DESMAZES
Image caption Qəbələ-Sent-Etyen oyununu Fransada 1,33 milyon televiziya tamaşaçısı izlədi

"Qəbələ"nin isə son məğlubiyyətdən sonra növbəti mərhələyə çıxmaq üçün yalnız nəzəri şansları qalıb. "Qəbələ" həmişəki kimi qorxmaz, hücuma meylli futbol nümayiş etdirdi. Baxımlıdır.

Əbəs yerə deyil ki, həmin axşam bu oyunu Fransada 1,33 milyon televiziya tamaşaçısı izlədi. Oyunun sonunda isə bu rəqəm hətta 1,7 milyonadək qalxdı.

Qarşılaşmanı Fransanın populyarlığına görə beşinci kanalı yayımlasa da, həmin axşam ən çox tamaşaçı məhz "Sent-Etyen"lə "Qəbələ"nin oyununu izlədi.

Və bu da onunla izah olunur ki, adətən belə, Fransa azarkeşi üçün böyük əhəmiyyət kəsb etməyən oyunlar zamanı onlar televizorlarını hansısa başqa verilişdə reklam gedən zamanı futbolun getdiyi kanala kökləyib, sonra da geriyə çevirirlər.

Bu oyun isə əvvəldən elə maraqlı getdi ki, ona köklənən tamaşaçılar kanalı dəyişmək fikbu oyunu Fransada 1,33 milyon televiziya tamaşaçısı izlədirindən yayınırdılar.

"Qəbələ"nin nisbətən sadə, lakin hücuma meylli oyun sərgilədiyini bilən "Sent-Etyen"in baş məşqçisi Kristof Qaltye bu rəqibə qarşı Fransa komandalarına xas olan hansısa dərin taktiki gedişlərə əsaslanan oyun hazırlamadı. Hər halda bunu edən "Lill"in taleyi də onun üçün bir dərs oldu.

Oyunçularının ümumi səviyyəsinin "Qəbələ"dəkindən daha üstün olduğunu bilən Qaltye sadəcə olaraq Roman Qriqorçukun ona təklif etdiyi oyun qaydalarını qəbul etdi və komandasına "Qəbələ" ilə baş-başa oynamaq göstərişini verdi.

Nəticədə meydanda qarşılıqlı hücumlardan ibarət çox maraqlı oyun baş tutdu ki, öz komandalarının ifasında (müəyyən dərəcədə "Pari Sen-Jermen" istisna olmaqla) belə oyun görməyə öyrəşməyən Fransa azarkeşləri üçün bunu izləmək çox maraqlı oldu. Və bununla "Qəbələ" Fransada televiziya fenomeninin yaranmasına kömək etdi.

Uduzsa belə. Bəlkə də elə uduzduğuna görə...

Cəsurluğun da faydası çoxdur

Əslində komandanın aparıcı oyunçuları Dabo və Kverkveliyasız "Qəbələ"nin bu oyunda uğur əldə edəcəyi onsuz da böyük şübhə altında idi. Amma Qriqorçuk yenə də tutduğu yoldan dönmədi.

Bəlkə də düz elədi. Bu oyun komandaya kifayət qədər uğur gətirir - Avropa Liqasının qrup mərhələsində çıxış etmək öz özlüyündə uğurdur axı.

Və bu mərhələdə qitənin sayılıb-seçilən komandaları ilə baş-başa mübarizə apararaq, dağıdıcı hesabla məğlub olmamaq da uğurdur. Hər halda bir neçə il bundan əvvəl Azərbaycan azarkeşləri bu barədə heç xülya edə bilməzdilər...

Ən maraqlısı isə odur ki, "Qəbələ" qarşılaşmadan qarşılaşmaya daha inamlı, daha səviyyəli oyun nümayiş etdirir və kim bilir, bəlkə gələcəkdə bu yanaşma öz bəhrəsini verəcək.

Ən azı, komandanın heyətində olan azərbaycanlı futbolçular bu oyunlarda çox dəyərli təcrübə və özlərinə inam əldə edirlər ki, bu, ümumilikdə ölkədə futbolun inkişafı üçün çox vacibdir.

Ümumiyyətlə, "Qəbələ"nin qorxmaz oyunu sözsüz ki, hörmətə layiqdir.

Əbəs yerə Maksim Qorki yazmamışdı ki, "cəsurların divanəliyinə mahnılar qoşuruq biz". Belə ki, oynayın uşaqlar, qalib gəlsəniz, mahnı qoşan tapılar.

Əlaqəli mövzular

Bu barədə daha geniş