Futbol bloqu: "Ayaqların yorğana görə uzadılması barədə"

Fotonun müəllifi SAKIS MITROLIDIS
Image caption Qarabağ-ın futbolçusu Michel azarkeşləri salamlayır

"Qarabağ" tarix yazmaq ərəfəsindədir

Hər şey gözlənilən kimi oldu. Ümumiyyətlə həyatda baş verən hadisələrin əksəriyyəti gözlənildiyi kimi olur. Bu qeyri-adi, gözlənilməz hadisələrdir ki, diqqətimizi cəlb edir. Adi, nəticəsini əvvəlcədən gözlədiyimiz isə ötəri olur bizim üçün. Misal üçün "Neftçi" yenə uduzdu"... və başqa kimilər...

Belə ki, Avropa Liqasının son turunda Azərbaycan klublarının iştirakı ilə keçirilən oyunlarda da gözlənilən nəticələr əldə edildi.

"Qəbələ" məğlub oldu, "Qarabağ" qalib gəldi. Hər ikisi gözlənildiyi kimi.

Düzdür, bu oyunlarda başqa nəticələr də qeydə alına bilərdi, amma bunun üçün qeyri-adi hadisələr baş verməli idi. Misal üçün bu klubların baş məşqçilərinin ümumilikdə futbol və xüsusən öz komandalarının oyunu haqqında anlayışları dəyişsəydi. Gözlənildiyi kimi də, dəyişmədi. Ona görə də bu nəticələr əldə edildi.

Ayaqların yorğana görə uzadılması barədə

Pis xəbər - yaxşı xəbər barədə lətifələri çox eşitmisiniz və bu dəfə biz həmin lətifələrə uyğun olaraq xoş xəbəri sonraya saxlayıb, o birisindən başlayacağıq: "Qəbələ"nin məğlubiyyəti xəbərindən.

"Qəbələ" həmişəki kimi rəqibi ilə açıq döyüşə girdi. Və yenə də məğlub oldu. Çünki başqa cür ola da bilməzdi. Və burada söhbət məşqçinin oyunu qura bilməməsindən getmir. Roman Qriqorçuk "Qəbələ"nin oyununu yaxşı qurub. Oyunçular öz vəzifələrini, meydandakı mövqelərini, taktiki gedişlərini yaxşı bilirlər və ən əsası meydanda əzmkarlıq və döyüşkənlik nümayiş etdirirlər. Amma söhbət ondadır ki, bu oyun üsulu Avropa Liqasının əvvəlki mərhələlərində qələbələr üçün kifayət edirdisə, qrupda bir xal belə əldə etmək üçün yaramır.

Elə bilməyin ki, bu məğlubiyyətlər həmin oyun üsulunun aşağı səviyyəli olmasından irəli gəlir. Sadəcə olaraq bu oyun üsulunun uğurlu olması üçün onu icra edən futbolçuların səviyyəsi rəqib komandasındakından çox aşağı olmamalıdır. Çünki belə oyunda çox şey fərdi ustalıqdan asılıdır ki, "Qəbələ" futbolçuları bu baxımdan qrupdakı rəqiblərilə müqayisə edilməzdir. Çox ümid edirəm ki, hələ ki...

Özünüz baxın - "Qəbələ"nin heyətindəki aparıcı oyunçulardan biri Baqali Dabo Fransadakı səkkiz illik karyerasını aşağı liqalarda keçirib və yüksək liqanın ən zəif komandalarının belə maraq dairəsinə düşməyib. İndi Dabonun və onun komanda yoldaşlarının Fransanın aparıcı komandalarından birinin heyətindəki futbolçuları ilə baş-başa mübarizədə onlardan daha bacarıqlı olacağını gözləmək bir qədər sadəlövhlük olardı. Yəni, atalarımız demişkən, Qriqorçuk ayaqlarını yorğanına görə uzatmır.

Fotonun müəllifi PHILIPPE DESMAZES
Image caption Qəbələnin uğur qazanması üçün başqa bir oyun üsulu tapmaq lazımdır, müəllif deyir.

Əslində "Qəbələ"nin hər oyunda minimal hesabla məğlub olması komandada olan yaxşı mühit və futbolçuların yaxşı hazırlığı ilə döyüşmək arzusu barəsində deyir. Lakin göründüyü kimi, bu amillər xal əldə etmək üçün kifayət etmir. Bu oyunlarda uğur əldə etmək üçün başqa bir oyun üsulunu tapmaq lazımdır. Məncə Qriqorçuka bu barədə düşünməyə dəyər.

Əlbəttə, Avropa Liqasının ilk seçmə mərhələsindən başlayaraq, qrup yarışınadək irəliləmək çox böyük nailiyyətdir, lakin əldə olunanla qane olmamaq insanın və xüsusən də futbol azarkeşlərinin əsas xüsusiyyətlərindən biridir və biz "Qəbələ"dən daha çox görmək istərdik.

"Mən bilirəm ki, sən bilirsən"

Misal üçün "Qarabağ"dan gördüyümüz kimi. Əslində "Qarabağ" son oyunda qalib gəlməsəydi mən çox təəcüblənərdim. PAOK heç də zəif komanda deyil. Oyunçuların maddi dəyərinə görə isə "Qarabağ"dan xeyli üstündür. Amma PAOK-un Qurban Qurbanovu, yəni komandasının oyununu mükəmməlcəsinə quran məşqçisi yoxdur. Vladan İviç heç də pis məşqçi deyil, öz işini biləndir. O başa düşürdü ki, bu "Qarabağ"la bacarmağın yeganə yolu ona qarşı bütün meydan boyu pressinq tətbiq etməkdir və komandasına bu göstərişi verdi.

Lakin Qurban müəllim də başa düşürdü ki, İviç bu addımı atacaq. Üstəlik o həm də bilirdi ki, bu PAOK-un fiziki durumu həmin pressinqi 15-20 dəqiqədən daha çox tətbiq etməyə imkan verməyəcək. Ona görə "Qarabağ"ın məşqçisi oyundan əvvəl bəyan etdi ki, Salonikdə əsas məsələ oyunun əvvəlində qol buraxmamaqdır. Və oyunçularına da bunu aşılaya bildi.

Məncə bu oyunun həlledici hadisəsi 3-cü dəqiqədə baş verdi. PAOK futbolçuları meydana çox döyüşkən əhvalda çıxmışdılar və məsələni ilk dəqiqələrdə həll etmək qətiyyətində idilər. Bunun üçün onlar hər bir vasitə ilə rəqibin ruhunu sındırmağa çalışırdılar. Lakin üçüncü dəqiqədə Maksim Medvedev Rodrigeslə qızğın tutuşması yunanlara ağdamlıların təslimçilik ruhunda olmamalarını aşkar nümayiş etdirdi və qonaqları daha da ruhlandırdı. Bununla da məsələ həll olundu.

Maraqlıdır ki, Yunanıstan mətbuatı PAOK-un məğlubiyyətinin əsas səbəbkarı kimi məhz Qurban Qurbanovu, onun qurduğu oyunu göstərdi. Oxuduğum 5-6 hesabatda "Qarabağ" futbolçularından yalnız Miçelin adı çəkilir və o da nümayiş etdirdiyi oyunla bağlı deyil, vurduğu gözəl qol zərbəsinə görə. Hətta oyundan dərhal sonra komandasının soyunub-geyinmə otağına gələn PAOK-un prezidenti, məşhur rusiyalı iş adamı, Putinə yaxınlığı ilə tanınan İvan Savvidi yunan mətbuatının xəbər verdiyinə görə, komandanın səhv oynadığını deyil, sadəcə var güclə çalışmadığını tənqid etdi. Yəni Savvidi də başa düşürdü ki, "Qarabağ"ın "Tumba"dakı oyununa qarşı onun milyonlar yatırdığı komanda heç nə edə bilməzdi...

"Slovan"ın çarəsi tapılacaqmı?

Fotonun müəllifi SAKIS MITROLIDIS
Image caption PAOK-un Qurban Qurbanovu yoxdur, Toğrul Bağırov yazır.

Amma bu heç də o demək deyil ki, "Qarabağ" mükəmməldir. Əvvəllər yazdığım kimi, PAOK-un nümayiş etdirdiyi futbol ağdamlıların oyun üsuluna çox uyğundur. Və Avropada yunanlardan xeyli aşağı qiymətləndirilən "Slovan" bu baxımdan "Qarabağ" üçün daha çətin rəqibdir. Bunu ağdamlılar PAOK-la oyundan sonra verdiyi müsahibələrdə də dedilər. Və bu fikir heç də müsbət qarşılanılası fikirlərdən deyil.

Bəli, "Slovan" fiziki hazırlıq baxımından və cəldlikdə "Qarabağ"ı üstələyir. Lakin ağdamlılar çexlərdən həm texniki, həm də taktiki cəhətdə üstündürlər. Ona görə, Qurban Qurbanov öz üstünlüklərindən daha yaxşı necə istifadə etmək və rəqibin üstün cəhətlərini necə neytrallaşdırmaq barəsində düşünməlidir. Çünki "Slovan"ı məğlub etmək olar və məğlub etmək lazımdır.

Bir çoxları "Qarabağ"ın Çexiyada məğlub olsa belə, hər şeyi yarışın son turunda, Bakıya çox güman ki, ikinci heyəti gətirəcək "Fiorentina" ilə qarşılaşmada həll etmək qadirində olduğu barədə fikirlər səsləyirlər. Lakin məncə bu yanaşma çox təhlükəlidir.

Bəli, italyanlar çox güman ki, Bakıya ikinci heyətlə gələcəklər. Amma onu da nəzərə almaq lazımdır ki, "Fiorentina"nın ikinci heyətində də çox yüksək səviyyəli futbolçular oynayırlar. Və ən əsası, bu futbolçular özlərinin ilk heyətə düşüb, daha çox pul qazanmağa layiq olduqlarını nümayiş etdirmək üçün Bakıda dəridən-qabıqdan çıxacaqlar. Buna görə onlara qalib gəlmək hələ heç də yüz faizlik məsələ deyil. Ona görə, bugünün işini sabaha qoymaq məsləhət olmazdı.

"Qarabağ"ın Azərbaycan futbolunun tarixində yeni, parlaq bir səhifə yazmağa şansı var və bu şans çox yüksəkdir. Və mən əminəm ki, ağdamlılar növbəti mərhələyə çıxmaq vəzifəsinin öhdəsindən gələ biləcəklər. Sadəcə olaraq, bunun elə növbəti turda baş verməsi bizim bir çox əsəb hüceyrələrimizi yanmaqdan xilas edərdi...

Əlaqəli mövzular

Bu barədə daha geniş