Mosulun azad edilməsi yeni etnik münaqişlərə səbəb olacaqmı?

Mosul Fotonun müəllifi Spencer Platt/ Getty

Oktyabr ayının əvvəllərində İraq höküməti 2 ildir İŞİD nəzarətində olan ölkənin ikinci ən böyük şəhəri Mosulun azad edilməsi uğrunda hərbi əməliyyatlara start verib.

İraq ordusu ABŞ hərbi təlimçiləri, kürd peşmərgə dəstələri və şiə milislərindən ibarət hərbi koalisiya ilə şəhəri mühasirəyə alaraq ətraf bölgədəki 20-yə yaxın kəndi radikallardan geri almağa müvəffəq oldu.

Bütün bunlara baxmayaraq bir çoxlarının ağlında hələ də eyni sual qalmaqda davam edir - Mosul uğrunda həlledici döyüş nə zaman baş verəcək?

Koalisiya qüvvələrinin Mosulu 1 ildən artıq bir zaman kəsiyində mühasirədə saxlamaqlarına baxmayaraq şəhərdəki radikal terrorçular özlərinin Suriyadakı hərbi bazalarından yüzlərlə yeni cihadçını Mosula keçirməyə müvəffəq olublar.

Bununla belə bir çox beynəlxalq ekspertin sözlərinə görə şəhər uğrunda həlledici döyüşün baş tutmasından dərhal sonra Mosulda növbəti problem - etnik qarşıdurma özünü biruzə verəcək.

Heç kəsə sirr deyil ki, anti-İŞİD koalisiyası "düşmənimin düşməni mənim də düşmənimdir" prinsipi əsasında formalaşdırılıb. Bəs əsas hərbi əməliyyatların başa çatmasından sonra nə baş verəcək?

Hərbi əməliyyatlarda əsas rol oynaması nəzərdə tutulan İraq ordusunun özünün strukturu olduqca mürəkkəbdir. Belə ki, ordunun tərkibində müxatəlif məzhəblərə və dini cərəyanlara mənsub insanlar vuruşmaqdadır.

Onların arasında isə vahid mövqenin mövcudluğu olduqca qəliz məsələdir. İraq ərəblərinin kürdlərə, şiələrə olan qarşılıqlı inamsızlığı amerikan hərbi təlimçilərinin işini daha da çətinləşdirir.

Bu çətinliklərdən biri də İraq şiələrinin liderlərindən sayılan Şeyx əl-Sədrin Bağdad hökümətinə etdiyi təzyiqlərdir. O, şiələrin həlledici döyüşdə iştirak etmədiyi təqdirdə ölkədəki şiələri baş nazir əl-Abadiyə qarşı qaldıracağını bəyan edir.

Bir digər problem isə ABŞ-ın mühasirədə iştirak edən şiə milislərinə olan inamsızlığıdır.

Onların verdikləri məlumata görə şiələr azad edilmiş kəndlərə sanksiya olunmamış hərbi reydlər edərək burdakı sünni əhaliyə qarşı "xalq məhkəmələri" təşkil edirlər. Bu məhkəmələrin sonunda da İŞİD-ə yardım etməkdə şübhəli bildikləri sakinləri edam da edirlər.

Baş nazir əl-Abadi isə şiə milislərinin Vaşinqton tərəfindən "terrorçular siyahısına" salınmaması üçün hələ də danışıqlar aparmaqda davam edir.

Böyük ehtimal məhz tərəflər arasında yaranan bu inamsızlıq Mosul uğrunda həlledici döyüşün təxirə salınmasının səbəbidir.

Mosul uğrunda həlledici döyüşün başlanmasından əvvəl tərəflər vahid strateji plan ortaya qoymalı və əməliyyatda iştirak edən hər bir qruplaşmanın rolunu müəyyənləşdirməlidirlər.

Əks təqdirdə yekun əməliyyat zamanı bu qruplaşmaların necə davranacığını öncədən təxmin etmək qeyri-mümkündür.

Bununla belə Mosulun azad edilməsi düşünüldüyü kimi asan olmayacaq.

Cari ilin əvvəlində İraq dövlət rəsmiləri şəhərin bir neçə həftəyə azad ediləcəyini əminliklə bildirsələr də hazırkı vəziyyət onu göstərir ki, İŞİD radikalları şəhəri döyüşsüz təslim etmək niyyətində deyillər.

Eyni zamanda şəhərin içində girov qismində qalan mülki əhali də əməliyyatı çətinləşdirən amillərdən biridir.

Mosul uğrunda getdikcə dərinləşən ABŞ - Türkiyə - İraq böhranı regionda radikal İslama qarşı mübarizəni gücləndirmək əvəzinə yeni regional qarşıdurmanın yaranmaması ehtimalını gücləndirir.

2015-ci ildə İraqın şimalına qoşun yeridən Türkiyə, İraq hökümətinin tələblərinə baxmayaraq bu bölgəni tərk etməkdən imtina edir. Türkiyənin bu bölgədə hərbi varlığı isə birbaşa onun maraqlarına cavab verir.

İraqda güclənən şiə təsirinə qarşı rəsmi Ankara çıxış yolunu burdakı hərbi varlığını artırmaqda görür. Türkiyənin Mosulla bağlı mövqeyi isə onun müttəfiqi ABŞ-la münasibətlərinin gərginləşməsinə səbəb olub.

Türkiyəni narahat edən əsas problem Mosulun şiə milislərinin nəzarətinə keçəcəyi ehtimalıdır. Bununla da ərəb ölkəsinin ən böyük ikinci şəhəri şiə milislərinin hakimiyyəti altına keçə bilər.

ABŞ isə öz növbəsində Türkiyənin Mosul əməliyyatında iştirakının qarşısını almaqda davam edir. Əvəzində isə onlar Türkiyənin humanitar məsələlərlə məşğul olmasını tövsiyə edirlər.

Çünki Mosul uğrundakı son döyüş nəticəsində Türkiyə sərhədlərinə axın edən qaçqınların sayının 4-5 dəfə artacağı da gözlənilir.

Bu barədə daha geniş