Futbol bloqu: Oynamırdılar axı!

Şimali İrlandiya Fotonun müəllifi Charles McQuillan/ Getty
Image caption Azərbaycan milli komandası Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində cümə günü səfərdə Şimali İrlandiyaya qarşı keçirdiyi oyunda 4-0 hesabı ilə məğlub olub

Belfasta sevinc hissi ilə gedirdim. Futbol bir yana, bilirdim ki, dostum mənim üçün oraya dolma-balıq gətirir.

Ona görə, Azərbaycan millisinin göstərdiyi nəticədən asılı olmayaraq, istənilən halda sevinməyə səbəbim olacaqdı. Dolma-balıq bir yana, dostumu görəcəkdim.

O dostumu ki, iyirmi neçə il bundan əvvəl onunla birgə Azərbaycan millisinin ilk rəsmi oyunlarının televiziya şərhini edirdik.

Nə maşınımız, nə taksi pulumuz olmadığı halda, 20-30 kiloluq çəkiliş avadanlığını belimizdə və basabaslı ictimai nəqliyyatda daşıyırdıq və ümumiyyətlə, bir gənclik yaşayırdıq. Şair demişkən, gənclik xatirələrindən yaxşı nə ola bilər ki?..

Əslində çox şey, amma xatirələr də yaxşı şeydir.

Dostumu Bakıya yola salandan sonra söhbətimiz yadıma düşəndə bir şey nəzərimə çarpdı. Futbol haqqında danışmadıq heç onunla.

Mənim bu yazılarda mübtəda ilə xəbərin yerlərini niyə dəyişdirdiyimi, İrlandiya viskisinin obirilərdən nə ilə fərqləndiyini və daha nələri müzakirə etsək də, futbol haqqında danışmadıq.

Bircə o zamanlar millinin futbolçuları ilə olan dostluq münasibətlərimizə toxunduq. İndi hər şey dəyişib.

İndiki millinin futbolçuları ona Şakir əmi deyirlər, məni isə ümumiyyətlə bir əcnəbi bilirlər. Dəyişmişik. Biz də dəyişmişik, millinin futbolçuları da dəyişiblər...

Amma bütün bunlar yalnız zahirən dəyişib. Daxilən, həyata yanaşma baxımdan isə hər şey elə eynidir.

Mənimlə Şakirin də həyata baxışları eynidir (düzdür yaşla müəyyən dərəcədə müdrikləşib), millinin futbolçularının da. Gəl ki, cismi baxımdam mənimlə Şakir elə mənimlə Şakir, millinin futbolçuları isə tamamilə başqa insanlardır.

Milli xüsusiyyətlər haqqında

Fəlsəfəyə keçmədən dediyim odur ki, illər keçsə də, bu Azərbaycan futbolçusunun həyata baxışı necə var idi, elə də qalıb.

Ona görə də futbolçularımızın Belfastda televizor satan dükan sahibinin sevincinə səbəb olub, oradan bir neçə bahalı televizor aldıqları barədə xəbərin Azərbaycanda birmənalı qarşılanmaması mənə təəccüblü gəlir.

O zamanlar da milli futbolçular xaricə gedəndə evə əməlli başlı bazarlıqlarla qayıdırdılar. Və burada nə qınanılası, nə ümumiyyətlə şərh ediləsi bir şey görmürəm.

Hansı azərbaycanlı xaricdən vətənə bazarlıqla qayıtmır ki? Məlumdur ki, buralarda bir çox mallar Azərbaycandakından ucuzdur və ağlı başında olan adam imkan düşəndə bazarlığını daha ucuz və ən əsası, keyfiyyətinə əmin ola bilən yerdən edəcək.

Mən dediyim isə, Azərbaycan futbolçularının meydandakı davranışlarıdır, daha doğrusu onların rəqibə yanaşmalarıdır.

Oyunun ilk dəqiqələrində Azərbaycan futbolçuları bir neçə dəfə topu hara gəldi vuranda, mən yanımda duran (yuxusuz gecə, səfər, Şakirlə görüşü müşaiyət edən sevinc və ondan çəkidə az qala iki dəfə artıq olmağım məni elə yormuşdu ki, oturmuşdum. O isə həyəcandan ayaq üstə durmuşdu) Şakirə dedim ki, "bizimkilər qorxurlar" (təbii ki, burada dediklərimi ədəbi dilə çevirirəm).

Şakir isə mənə cavab verdi ki, (yenə də bədii dilə çevirirəm) "Toğrul, sənin futbolu bildiyinə və onu təhlil etmək bacarığına heç bir şübhəm yoxdur, amma sən Londonda oturmusan, mən isə bu uşaqları yaxşı tanıyıram. Qorxmurlar onlar!"

Susdum. Gözlədim. Təxminən 15-ci dəqiqədə qapıçımız Kamran Ağayev topu oyuna daxil edərkən, vaxtı aşkarcasına və mən deyərdim ki, ümidsizcəsinə uzadanda, baxdım Şakirə.

O isə başını əllərilə tutub, saldı aşağı və oturdu yanımda. Şakir özü futbol oynayıb, ona görə bilirdi Kamranın bu hərəkəti nə deməkdir...

Bu isə elə mən deyən idi. O demək idi ki, Azərbayacan futbolçuları meydana rəqib və məğlubiyyət qorxusu ilə çıxıblar. Belə komandalar isə adətən məğlub olurlar. Xüsusən də Şimali İrlandiya kimi rəqibə qarşı oynayanda.

Şimali İrlandiyanın heyətində parlaq oyunçular olmasa da, bu komanda sərt, fiziki cəhətdən qüvvəli olan, döyüşkən futbolçulardan ibarətdir.

Ümumiyyətlə, irlandlar ingilisdilli dövlətlərdə davakarlar adını qazanıblar və çox güman ki, boş yerdə deyil. Davakar adamlar isə rəqibin onlardan qorxduğunu çox yaxşı hiss edirlər və bundan daha da ruhlanırlar.

Belə ki, Şakir əllərilə başını tutandan sonra bizə yalnız Azərbaycan komandasının qapısına vurulacaq qolları gözləmək qalırdı...

Sadə Şimali İrlandiya

Fotonun müəllifi Charles McQuillan/ Getty
Image caption İrlandlar qolların əksəriyyətini standart vəziyyətlərdən vurublar

Çünki irlandların baş məşqçisi Michael O'Neill həmişəkindən fərqli olaraq, oyuna bir deyil, iki hücumçu buraxmışdı və onun komandası yalnız sürətlə fiziki qüvvətə əsaslanan çox sadə futbol oynayaraq, bu qolları vurmağa başladı.

Əslində Şimali İrlandiya həmişə sadə futbol oynayıb və məhz buna görə həmişə cəmi bir hücumçu ilə çıxış edir ki, rəqibin hücumlarının qarşısını kütləviləşdirilmiş yarımmüdafiə hesabına alsın.

Lakin O'Neill başa düşürdü ki, onun komandasının göstərdiyi bu sadə oyun üsulu elə məhz Azərbaycan millisinin öhdəsindən gəlmək üçün tam uyğundur.

İrlandlar sadəcə fiziki qüvvə hesabına onlardan boyda, cüssədə və müvafiq olaraq sürətlə fiziki mübarizədə zəif olan azərbaycanlıları həm məcazi, həm də hərfi mənada əzib keçdilər.

Düzdür, ilk üç qolu onlar standart vəziyyətlərdən vurdular və Prosineçki oyundan sonrakı mətbuat konfransında bunu az qala on dəfə təkrar etdi. Amma bu da bəraət deyil.

Bu o deməkdir ki, Azərbaycan müdafiəçiləri səhv mövqelər tuturdu və ən əsası, cərimə meydançasına göndərilən top uğrunda mübarizə aparmırdılar. Nəinki düzgün aparmırdılar, heç aparmırdılar.

Standart vəziyyətlərdən vurulan qolların hamısında son zərbəni irlandlar müqavimətsiz endirirdilər ki, elə məhz belə vəziyyətlərdə cərimə meydançasında hər oyunçu çox sərt nəzarət altında olmalıdır.

Və əminəm ki, bunun əsas səbəbi Azərbaycan millisinin futbolçularının rəqibdən çəkinmələri idi.

Düzdür, oyunun əvvəlində bizdə hələ ümidlər qalırdı. İkinci qola gətirən cərimə zərbəsi təyin ediləndə mən öz etirazımı elə ifadə etdim ki, yanımda oturan İrlandiya televiziyasının şərhçisi məni ekran qarşısına təkrarlara baxmağa dəvət etdi. Təkrarlar da məni əmin etmədi.

Amma ondan sonra sakit oturdum və hələ də nisbətən qızğın azarkeşlik edən Şakirə, köhnə lətifədə olduğu kimi, rahatlaşıb, zövq almağa çalışmağı məsləhət gördüm.

Hər yerdə zövq tapmağa imkan var

Və sizə deyim ki, o oyunda zövq alınası hadisələr doğrudan da baş verirdi. Düzdür, meydanda deyil, onun ətrafında.

Cəmi 18 min tamaşaçı tutumu olan "Windsor Park" stadionunda yerli azarkeşlər elə möhtəşəm dəstək verir, mahnılar oxuyurdular ki, bu, doğrudan da izləniləsi, daha doğrusu, dinləniləsi bir tamaşa idi. Meydanda baş verənlərdən fərqli olaraq.

Mən indiyədək kifayət qədər stadionlarda olmuşam, onların bəzilərində Belfastdakı 18 mindən beş dəfə çox azarkeş görmüşəm, amma belə möhtəşəm dəstəyin şahidi hələ olmamışdım.

Belə ki, heç olmasa ona görə həmin oyunu izləməyə dəyərdi.

Azərbaycan millisinin oyununa gəldikdə isə, onu şərh etməyə də dəyməz. Kimsə baş məşqçinin meydana səhv futbolçuları buraxdığını deyir, kimsə başqa səbəbləri tapır, amma bütün bunlar yalnız o halda yararlı ola bilər ki, komanda oynamağa çalışsın.

Əks halda isə bu sadəcə olaraq nəzəriyyədir...

Çox güman ki, Azərbaycan millisinin Belfastdakı halına ölkədə onların uğurları ilə bağlı yaranmış coşqunluq təsir etdi.

Güman ki, ölkədə yaranan hay-küy, tarixində ilk dəfə qrupda ikinci yerdə gedən komandanın futbolçuları üçün çox böyük psixoloji təzyiqə çevrildi və onlar bütün emosiyalarını oyundan əvvəl yandırdılar.

Amma istənilən halda bu, "Windsor Park"ın meydanında nümayiş etdirilən qorxaqlığa bəraət qazandıran amil deyil.

Qədim Yunanıstanda qadınlar kişiləri müharibəyə yola salanda bu sözləri deyirdilər: "Ya qalxanla qayıt, ya da qalxanın üstündə".

Qalxanın üstündə həlak olan döyüşçüləri gətirirdilər. Qalxanla isə qaliblər qayıdırdılar. Çünki döyüşdən qaçanlar ilk növbədə qaçışa mane olan qalxanı yerə atırdılar.

Belə ki, Azərbaycan futbolçuları döyüşüb, məğlub olsaydılar, meydanı qalxanın üstündə tərk etsəydilər, çətin ki, onlara güldən ağır söz deyən olacaqdı. İndikindən fərqli olaraq.

Belfastda ünsiyyətdə olduğum yerli insanlar məndən haradan gəldiyimi soruşanda, oyundan əvvəl deyirdim ki, Azərbaycandan. Oyundan sonra isə, Londondan gəldiyimi bildirirdim. İstəmirdim ki, kimsə mənə ürəyində olsa belə, gülsün.

Belə baxanda, hər iki halda həqiqəti deyirdim. Amma həqiqətin də həqiqətdən fərqi var. Belə ki, Azərbaycan millisinin Belfastda futbol oynadığını desək, bu da həqiqət olacaq. Amma...

Oynamırdılar axı!

Əlaqəli mövzular

Bu barədə daha geniş