Futbol bloqu: "Yaxşı xəbər yoxdur"

Fotonun müəllifi PHILIPPE DESMAZES

Yaxşı xəbər yoxdur

Bu dəfə pis xəbər - yaxşı xəbər üsulundan istifadə edə bilməyəcəyəm. Çünki xəbərlərin hamısı pisdir. Pis oynayırlar Azərbaycan klubları Avropada, pis. Niyə? Gəlin görək bu suala cavab verə bilirikmi...

Ötən cümə axşamını Azərbaycanın futbol azarkeşləri böyük ümidlərlə gözləyirdilər. Əksəriyyəti ölkə futbolunun tarixində ilk dəfə olaraq Azərbaycan komandasının, "Qarabağ"ın qrup mərhələsini aşa biləcəyi ümidilə. Bəziləri, futbolla daha dərindən maraqlananları isə, həm də "Qəbələ"nin bu mövsümdə qrupda ilk xallarını qazanıb, UEFA-nın əmsallar cədvəlində Azərbaycanın vəziyyətini yaxşılaşdıracağına da ümid edirdilər.

Əvvəllər məşhur musiqi qrupları ya müğənnilər konsert verəndə, onlardan qabaq səhnəyə daha az tanınan musiqiçilər çıxıb, mahnılarını ifa edirdilər. Bunlara "tamaşaçıları qızışdıran musiqiçilər" deyilirdi. Noyabrın 24-də Azərbaycan futbol azarkeşləri üçün həmin rolda "Qəbələ" çıxış etdi. "Qarabağ"ın oyunu ərəfəsində "qızışmaq üçün" bizə qəbələlilərin "Anderlext"lə oyunu təklif edilmişdi.

"Qəbələ" bizə yeni bir şey göstərmədi. Demirəm ki, yeni nəsə gözləyirdik, amma ümid edirdik də... Ümid elə hissiyatdır ki, heç bir məntiq və reallığa tabe olmur. Əslində düz də edir. Əks halda pessimizm bəşəriyyəti çoxdan boğmuşdu... Nə isə, "Qəbələ" meydanda elə həmişəki "Qəbələ" idi. Sürət, hücum, qaç, vur, görək nə çıxır bundan. Qrupda indiyə qədər keçirilən dörd oyunda heç nə çıxmamışdı. Lakin bu oyunda ukraynalı hakim "Anderlext"in qapısına penalti təyin edəndə, içimdəki o boğa bilmədiyim ümid yenə də çiçəklənməyə başladı. Başa düşdü o ümid (düzdür, yenə də məntiqin köməyi ilə) ki, yaxşı oğlandır o hakim. Və bəlkə də onun yaxşılığı nəticəsində "Qəbələ" bu oyunda xal qazana bilər...

Divarı yarmaq üsullar barədə...

Fotonun müəllifi PHILIPPE DESMAZES

Lakin hakim öz yaxşılığını bütün oyun ərzində davam etdirsə və bununla "Anderlext" futbolçularını çox narazı etsə də, yenə də alınmadı heç nə "Qəbələ"də. Sözün düzü, bu mənə artıq kiminsə başı ilə divarı yarıb həbsxanadan qaçmaq niyyətini xatırladır. Ətrafdakılar ona deyirlər ki, "a kişi, bəlkə divarı aşasan, yoxsa altından bir keçid qazıyasan, ya yarırsansa, əlinə bir çəkic alasan, bu başla yarılan zibil deyil axı!" Bu adam isə divara kəllə atmağı davam edir. Deyilənə görə, bu yolla da qaçmağı bacaran olub. Amma nə bilim, yəqin vaxt aparan üslubdur bu...

Nəticədə "Qəbələ" yenə də uduzdu və səhnə verildi "Qarabağ"a. Aydın idi ki, ağdamlıları çətin oyun gözləyir. Əvvəllər dediyim kimi, "Slovan"ın sürətli oyun üslubu "Qarabağ" üçün ən uyğunsuzlardan biridir. Bakıdakı qarşılaşmada ağdamlılar ənənəvi taktika ilə oynadılar və yalnız sonuncu dəqiqədə canlarını heç-heçə ilə qurtara bildilər. Bu dəfə ümid ona idi ki, Qurban Qurbanov komandanın oyununda dəyişikliklər edəcək və bu dəyişikliklər uğurlu nəticənin təminatçısı olacaq. Qurbanın alnını divara vuranlardan olmadığı çoxdan bəllidir axı.

Oyun başlanan kimi, aydın oldu ki, bu dəyişikliklər həqiqətən də edilib. İlk dəqiqələrdən "Qarabağ" həmişəkindən daha sürətli oyun nümayiş etdirirdi. Güman ki, Qurban Qurbanov "Slovan"ın sürətinə sürətlə cavab verərək, üstünlüyü əldə etmək qərarına gəldi. Lakin, təəssüflər olsun ki, bu dəyişiklik istənilən effekti vermədi.

"Qarabağ"ın əsas silahı topu saxlayaraq, rəqibi topdan məhrum etmək və həmin top dalınca boş-boşuna qaçmağa məcbur etməkdir. Müdafiədə isə ağdamlılar adətən bütün komandanı sıx ərazidə cəmləşdirərək, rəqibə nəsə yaratmağa imkan vermirlər. Lakin bu qarşılaşmada "Qarabağ" futbolçuları topu həmişəkindən daha sürətlə hərəkət etdirirdilər, onun dalınca özləri də sürətlə hərəkət edirdilər ki, bu hərəkətlər həmişəkindən fərqli olaraq, bütün oyunçular tərəfindən sinxron şəkildə yerinə yetirilmirdi. Bu da təəccüblü deyil - bu cür oyunu dünyada cəmi 5-6 komanda nümayiş etdirir ki, orada çıxış edən futbolçular da tamamilə fərqlidir. Və hətta bu futbolçularla belə oyunu nə bir həftəyə, nə də bir aya qurmaq mümkündür...

Günah Miçeldədirmi?

Nəticədə "Qarabağ"ın oyun xəttləri arasında bu komandanın oyununda adətən müşahidə olunmayan boşluqlar yarandı. "Qarabağ"ın oyun strukturu öz sinxronluğunu itirdi, futbolçular öz mövqelərini tutmağa çatdırmırdılar və "Slovan" futbolçuları, bərədəki yarıqları tapan su kimi bu boşluqlara axıb, onları daha da genişləndirməyə başladılar. Aydın idi ki, vəziyyət bizim istədiyimiz qədər yaxşı deyil...

Fotonun müəllifi SAKIS MITROLIDIS

Çexlərin vurduğu ilk qol yenə də müdafiədəki səhv ucbatından vuruldu. Və söhbət Maksim Medvedevin düzgün mövqe tutmayıb, qolun müəllifi Vuxu qapada bilməməsindən getmir. Vux orada elə sıçramışdı ki, bəlkə elə düzgün mövqedə olan müdafiəçi də onun qarşısını ala bilməyəcəkdi. Söhbət ondan gedir ki, ona ötürməni verən Bartoşak bunu tamamilə maneəsiz etdi. Yəni ona cərimə meydançasındakı vəziyyəti qiymətləndirmək və lazım olan nöqtəyə topu göndərmək üçün tam şərait yaradılmışdı. Bartoşakı qapatmalı olan Kintana sürüşüb yıxılsa da, onu sığortalayan Miçel həmin an rəqibin qarşısına qaçmaqdansa, Daniyə baxıb, onun ayağa qalxıb mübarizəni davam etdirəcəyini gözləyirdi. Həmin an Miçel Bartoşaka tərəf qaçsaydı, o, ən azı çexlə "Qarabağ"ın cərimə meydançası arasında bir sədd kimi çıxış edəcəkdi və həmin sədd kimi topun ən təhlükəli nöqtəyə göndərilməsinə imkan verməyəcəkdi.

Salamatı heç nə dəyişməməkdir

Dediyim odur ki, futbolda xırdalıqlar yoxdur. Komandada hər kəs öz mövqeyini və hansı halda necə hərəkət edəcəyini bilməlidir. Buna taktiki hazırlıq deyirlər. "Qarabağ" bu baxımdan gördüyüm ən yaxşı komandalardan biridir, lakin sırf bu halda taktiki səhvə yol verildi. Burada nəyin - ağdamlıların həmişəkindən daha sürətlə oynamasının, ya da Miçelin səhlənkarlığının daha çox günahı olduğunu demək çətindir. Amma Qurban Qurbanovun Miçeli ikinci hissənin başlanğıcından cəmi beş dəqiqə sonra əvəz etməsi, ikinci amilin daha güclü olduğuna işarə edir.

Nə isə, uduzdu "Qarabağ". Və indi, növbəti mərhələyə keçmək üçün ona son turda "Fiorentina" üzərində qələbə lazımdır. Çünki "Fiorentina"nın PAOK-la oyununu izlədikdən və qapılarına qollar vurulanda adətən rəqib hücumçularına canavar kimi yapışan italyanların passiv davranışını gördükdən sonra, məndə elə təsəvvür yarandı ki, "Fiorentina" yunanların növbəti mərhələyə keçməsinə daha çox sevinər. PAOK son turda "Slovan"ı məğlub etmək iqtidarındadır, və belə olan bir halda yunanlara "Qarabağ"ın xal itirməsi lazımdır. Ona görə ağdamlılar mütləq qələbə əldə etməlidirlər.

Bu, çətin bir işdir və onu birbaşa hücuma atılmaqla həll etmək mümkün olmayacaq. Florensiya və Liberetsdəki oyunlar əyani nümayiş etdirdi ki, bu, "Qarabağ" üçün intiharedici bir addımdır. Məncə ağdamlılar özlərinin ənənəvi oyununa dəyişikliklər etməməlidirlər. Sıx oynayıb, topu saxlamalı və rəqibin müdafiəsində boşluqlar axtarmalıdırlar. Əsası öz qapısından top buraxmamaqdır. Bu oyunla isə onlar qarşılaşma ərzində mütləq bir-iki qol imkanı əldə edəcəklər. Qol vursalar, yaxşıdır, vurmasalar isə, oyunun sonunda total hücuma keçmək üçün həmişə imkan olacaq. Onda isə, əksəriyyətimizin ən çox bel bağladığı məsəl işə düşəcək - Allah kərimdir!

Ümid edək ki, bu dəfə onun kəramətindən Azərbaycan futbol azarkeşlərinin də payına düşəcək.

Əlaqəli mövzular

Bu barədə daha geniş