Futbol bloqu: "Qarabağ" kimi, son turadək!

Qarabağ futbol klubunun komandası (7 noyabr 2016). Fotonun müəllifi Getty Images
Image caption Qarabağ futbol klubunun komandası (7 noyabr 2016).

"Qarabağ" kimi, son turadək!

Avropa Liqası qrup mərhələsinin son turunun səhəri günü, bir yığıncaqda italyan tanışım Matteo ilə görüşdüm. Təbii ki, söhbət futbol haqıında düşdü. Dedim ki, dünən bizim "Qarabağ" sizin "Fiorentina" ilə qarşılaşmışdı.

Matteo özü "Yuventus" azarkeşi olduğuna görə, Avropa Liqasını heç izləmir və məndən oyunun necə bitdiyini soruşdu.

Dedim ki, "Qarabağ" uduzdu. O isə dedi ki, "Fiorentina" yaxşı komandadır. Məşqçisi güclü olmasa da, orada çox yaxşı futbolçular var".

Əslində bununla Matteo "Qarabağ"la "Fiorentina" arasındakı oyunun şərhini verdi.

"Qarabağ" yaxşı oynasa da, məğlub oldu və bunun ilk səbəbi "Fiorentina"da oynayan futbolçuların yüksək səviyyəsidir.

İtaliya çempionatı Avropanın aparıcı futbol yarışlarındandır.

Dünya ulduzlarının çıxış etdiyi by çempionatda demək olar ki hər oyun gərgin mübarizə şəraitində keçir və bu oyunlar onlarda iştirak edən futbolçulardan bütün bacarıqlarını meydanda qoymağa tələb edir. Bununla da oyunçuların bacarığı da, taktiki ustalığı da oyundan oyuna artır.

Elə ona görə də dünyanın ikinci dərəcəli futbol ölkələrinin nümayəndələri qitənin aparıcı beş çempionatlarından biri olan İtaliyada oynamağa can atır. Və günü sabah siz Azərbaycan çempionatında çıxış edən istənilən legionerə, hətta daha aşağı maaşla İtaliyada çıxış etməyi təklif etsəniz, o dərhal müsbət cavab verəcək.

Əminəm ki, əslində elə Azərbaycan futbolçuları da bunu edəcəklər. Və bu da Azərbaycan çempionatının səviyyəsi haqqında hər şeyi deyən məsələdir...

Hanı bizim Veçinolarımız?

"Qarabağ" bir komanda şəklində "Fiorentina"dan daha yaxşı oynayırdı. Lakin qələbə çalan qonaqlar oldu. Çünki onlarda olan misal üçün birinci qolu vuran Veçino kimi futbolçu "Qarabağ"da yoxdur. Elə futbolçu ki, cərimə meydançası qarşısında topu alarkən, rəqib müdafiəçilərin əhatəsində olsa belə, düşünməyə bir anı olmasa belə, hazırlıqsız qapıya qüvvətli zərbə endirə bilsin. "Qarabağ"ın, ya Azərbaycan millisinin hansısa futbolçusunun bunu etməsi yadınıza gəlir mi? Mənim yadıma gəlmir. Çünki bu hərəkəti etmək üçün ən azı kifayət qədər fiziki qüvvə lazımdır ki, bu məsələdə bizim futbolçular Avropa və digər qitələrdən xeyli geridə qalıblar. Və nəzərə alın ki, bu Veçino "Fiorentina"nın heç də ən yaxşı futbolçusu deyil...

Fotonun müəllifi Epsilon
Image caption Azərbaycan milli komandasının aparıcı yarımmüdafiəçilərindən olan Əfran İsmayılov "Qarabağ"ın heyətində ikinci hissədən Müərrəmin əvəzinə meydana çıxıb

Fiziki qüvvədən başqa futbolda ustalıq da lazımdır. Azərbaycanda cəmi bir neçə uşaq futbol məktəbi var, və onlar müvafiq olaraq az sayda futbolçu istehsal edirlər. Təbii ki, say az olduqca rəqabət də azalır və nəticədə başqalarına nisbətən daha yaxşı oynayan futbolçu özünə asanlıqla komanda tapır. Və orada Azərbaycan üçün kifayət qədər yaxşı əmək haqqı qazanaraq, daha da inkişaf etməyi özünə lüzum bilmir.

Bir misal gətirim. Azərbaycan milli komandasının aparıcı yarımmüdafiəçilərindən olan Əfran İsmayılov "Qarabağ"ın heyətində ikinci hissədən Müərrəmin əvəzinə meydana çıxdı. Müərrəm birinci hissədə heç nə ilə nəzərə çarpmırdı və onun əvəz edilməsi məşqçi tərəfindən atılan düzgün bir addım idi.

Öz növbəsində Əfran meydana çıxandan sonra, top ardıcıl olaraq ona istiqamətləndirilməyə başlandı. Çox güman ki, Qurban Qurbanovun fasilədə verdiyi göstərişlərə əsasən.

Nəticədə fasilədən sonrakı ilk on dəqiqə ərzində Əfran altı dəfə sağ cinahda, cərimə meydançasının həndəvərində, kifayət qədər təhlükəli mövqelərdə topu əldə etdi. Lakin bu altı potensial olaraq təhlükəli vəziyyətin hamısı boşa çıxdı - Əfran üç dəfə qeyri-dəqiq ötürmə verdi və daha üç dəfə rəqiblər ondan topu ala bildilər.

Daha sonra o geriyə çəkilməli oldu və mərkəz xəttinin yanında iki dəfə topu alaraq, hər iki dəfə qısa məsafəli olsa da, dəqiq ötürmə verə bildi. Lakin onlardan biri elə səliqəsiz idi ki, Qara Qarayev ona ünvanlanan topu əldə etmək üçün mübarizə aparmaq qabiliyyətinin hamısını istifadə etməli oldu. Sonra Əfran yenidən irəliyə istiqamətləndi, topu yenə itirdi... Ondan sonra isə mən artıq onun faydalı-faydasız hərəkətlərini saymağı lazım bilmədim.

"Qarabağ"ı qınamağa dəyməz

Dediyim odur ki, "Qarabağ" yaxşı komandadır. Futbolçular hərəkətlərini bilirlər və məşqçinin göstərişlərini yerinə yetirirlər. Amma bu səviyyədə, "Fiorentina" kimi komandalara qarşı, bu kifayət etmir. Məşqçi səni topu rəqib üçün təhlükəli olan mövqeyə necə gətirməyi, orada necə açılmağı öyrədə bilsə də, həmin topla necə davranmağı öyrədə bilməz. Bu qabiliyyəti uşaqlıqda əldə edirlər. Böyüyəndə bunu etmək mümkün deyil.

Bu o demək deyil ki, Qurban Qurbanov dahilərin dahisidir. O da səhvlər edir. Biz dəfələrlə görmüşük ki, Qurban müəllim rəqibin qabiliyyətlərinə uyğun olmayan oyun planını seçib, amma bu dünyada səhvlərdən heç kim sığortalanmayıb. Necə deyərlər, səhv etməyənlər yalnız heç nə etməyənlərdir. İş görürsənsə, mütləq səhv edəcəksən. Ona görə bu məğlubiyyət üçün nə onu, nə də futbolçuları qınamaq lazım deyil. Oyuna baxanda, aydın idi ki, onlar birlikdə qələbə üçün əllərindən gələni etdilər. Sadəcə bacarmadılar...

Olanımız budur. Ölkədə yüksək səviyyəli futbolçular yetişmir, klublarda isə bahalı futbolçu almağa pul yoxdur.

Və Azərbaycanın hazırkı iqtisadi vəziyyətini nəzərə alsaq, əminliklə demək olar ki, yaxın gələcəkdə legionerlərlə bağlı vəziyyət düzəlməyəcək. Ona görə yeganə çıxış yolu yerli futbolçuları yetişdirməkdir. Lakin bu, artıq tamam başqa söhbətin mövzusudur...

Belə ki, bu Avropa mövsümünü "Qarabağ" üçün uğursuz saymaq olmaz. Bu sözləri nisbətən "Qəbələ" haqqında da demək olar, çünki "Lill" kimi komandanı məğlub edib, Avropa Liqasının qrup yarışına vəsiqə qazanmaq Azərbaycan klubu üçün öz-özlüyündə uğurdur. Lakin istənilən halda bu yarışı sıfır xalla bitirmək heç də öyünəsi nəticə deyil. Hər halda altı oyunda nə cürsə heç olmasa bir xal qoparmaq olardı.

Bununla Azərbaycan klublarının 2016-cı il Avropa macəraları sona çatdı. Son altı ay ərzində biz onları izləyirdik, həyəcan çəkirdik, sevinirdik, məyus olurduq, yəni emosiyalarımıza bir çıxış yolu verirdik. Yəni yaşayırdıq! Elə tək buna görə futbola təşəkkür etməyə dəyər.

Və ümid edək ki, gələn mövsümdə də klublarımız bizə bu həyəcanı ən azı altı ay yaşadacaqlar. "Qarabağ" kimi, son turadək!

Əlaqəli mövzular

Bu barədə daha geniş